““Qızıl orta” deyilən bir mövqe var. AzTV nə qədər nöqsanlarımızı göstərir, problemlərimizi işıqlandırır. Xırda problemlərimizi göstərir, amma bunu dövlətçiliklə bağlamır. Elə kanallar var, xüsusən də internet kanalları hansısa “JEK”də süpürgəçi işə çıxmayıbsa, bunu tez dövlətçiliklə bağlayırlar. AzTV, təbii ki, bu yolu tutmur. Hər şeyi olduğu kimi göstərir. Heç vaxt qarışqanı fil etmir. Bu gün AzTV-ni qınayanlar yalnız müxalifət düşərgəsinin insanları, onlara xidmət edən saytlar, informasiya vasitələri ola bilərlər. Mən AzTV-də qeyri-adi nəsə görmürəm. Kanal yaranandan bu günə qədər dövlətçilik xəttini həmişə qoruyub-saxlayan, onun müdafiəsində olan bir informasiya orqanı olub. AzTV artıq 10-15 il əvvəlki AzTV deyil, yenilənib. Operativ xəbər buraxılışlarına görə 44 günlük müharibədə gözümüzü dörd, qulaqlarımızı səkkiz edib, AzTV-yə qulaq asmışıq. Hər bir dəqiq, səhih xəbəri bu kanaldan izləmişik”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
“Azərbaycan dilinin qorunmasında, təmiz saxlanılmasında sinəsini sipər edən yenə də AzTV-dir. Mən yazıçı kimi özümü Azərbaycan dilinin professoru sayıram. Amma digər kanallara baxanda onların dilini, dialektini, ləhçəsini anlamıram. Elə bilirəm, Şəki televiziyasına baxıram, ya da Qazax. Bölgələrimizin ləhçəsi gözəldir, amma Azərbaycanın ədəbi dili var. Bu gün onun keşiyində dayanan, vallah, yalnız AzTV-dir. Təbii ki, bura “İctimai” televeziyanı da əlavə edirəm. Hətta “İctimai” sələfi olan AzTV-dən də bəlkə bir addım önə gedir. Belə pessimist olmağa, AzTV-dən də küsüb-inciməyə dəyməz. Bu, bizim dövlətçiliyimizin xətti, Prezidentimizin yürütdüyü siyasətdir. AzTV də bu funksiyanı ləyaqətlə yerinə yetirir”, – o bildirib.
B.Vəziroğlu qeyd edib ki, AzTV dövlət büdcəsindən maliyyələşən kanaldır: “Əmək fəaliyyətimə AzTV-də başlamışam. Bilirəm ki, nədir, nə deyil. Kanalın təkmiləşməsində, formalaşmasında qismən mənim də xidmətim olub. Oranın mətbəx adamıyam, uzun illərdir, Bədii Şuranın üzvüyəm. AzTV dövlət kanalıdır. Düzdür, adı Qapalı Səhmdar Cəmiyyət gedir, amma dövlətin bir nömrəli kanalıdır. AzTV-nin siyasi xətti həmişə dövlətin siyasi xətti ilə üst-üstə düşür. Burada təəccüblü bir şey yoxdur. Kanalda çalışan iki-üç minə yaxın əməkdaşın heç bir günahı yoxdur. Dövlət siyasəti var. Nəinki AzTV, 10 milyon Azərbaycan xalqı da bu siyasəti dəstəkləməlidir, böyük əksəriyyət dəstəkləyir. Düzdür, müxalifi var, dövləti, dövlətçiliyi istəməyənlər, məmurlara xüsusi antipatiyası olanlar da var. Bu, öz yerində. Cəmiyyətdə həmişə fikir müxtəlifliyi, plüralizm olub, normaldır. AzTV-nin bədii, yaxud başqa publisistik verilişlərini tənqid etmək, “zəifdir” demək olar. Amma AzTV-nin siyasi bloku dövlət siyasətinin yürütdüyü “yol xəritəsi” ilə gedir. İranın hansı televiziya kanalı bu gün İranın bütün addımlarını təqdim edə bilər? Təbii ki, edə bilməz. Cənab Prezident çıxışlarında da dəfələrlə açıq-aydın deyib ki, 30 il müddətində İran niyə sərhəddə hərbi təlim keçirmədi? Niyə Ermənistanı təcavüzkar dövlət kimi tanımırdı və bundan irəli gələn öhdəlikləri yerinə yetirmirdi? 44 gün ərzində torpaqlarımızı azad etdik, İran isə nə oldu birdən-birə “qırmızı xətlər” müəyyənləşdirdi. Arazın kənarında bizdən başqa ölkə var məgər? Yəni AzTV-nin bu gün İrana qarşı səsləndirdiyi tənqidlər hər kəsin fikridir, mən də o cür düşünürəm. Buna görə necə AzTV-ni gülüş hədəfinə çevirə bilərəm, axı mənim ürəyimdən gələni deyir. AzTV-nin mövqeyi həm dövlətçiliyimizin xətti ilə uyğundur, həm də insanların ürəyindən xəbər verir
araz.az xəbər portalı.
araz.az xəbər portalı.