Sağlam olduğu halda sürücülük vəsiqəsi əldə edən şəxs daha sonra sağlamlığını itirərsə, yaxud avtomobil idarə etməyi təhlükə yaradarsa onun sürücülük hüququ dondurula bilərmi?
araz.az-ın xəbərinə görə, bununla bağlı Avtosfer.az-a müraciət edən vətəndaşların biri bu suala cavab istəyib. Oxucularımızı maraqlandıran mövzu olduğu üçün bu barədə məlumat verməyi məqsədəuyğun hesab etdik.
Bu barədə qanunvericilik bazası mövcuddur. Səhiyyə nazirliyi tərəfindən müəyyən olunan xəstəliklərin siyahısı mövcuddur ki, bunlar aşkar edildikdə vətəndaşa sürücülük vəsiqəsi verilməyə və ya hüququ məhdudlaşdırıla bilər.
Bəs əslində vəziyyət necədir?
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, qanunvericilik bazası olsa da bu mexanizm işlək deyil. “Hazırda sürücülük vəsiqəsi 10 ildən bir dəyişir. Amma dəyişmə zamanı tibbi arayış tələb olunmur. Yalnız 60 yaşdan yuxarı olan şəxslərdən bu arayış istənilir. Bu arayışı isə əldə etmək çox rahatdır. Tibb mərkəzləri 50-70 manat müqabilində bu arayışı rahatlıqla verir. Nəticədə də ağır ürək əməliyyatı keçirmiş xəstə sürücü ola bilir ki, yolda sükan arxasında vəziyyəti pisləşəndə özü ilə bərabər digərlərini də təhlükəyə atır.”
Ekspert deyir ki, hazırda Yol polisi, Səhiyyə nazirliyi və digər qurumların məlumat bazası inteqrasiya olunmadığı üçün bunu yoxlamaq da çətindir. “Təsəvvür edin ki, Narkoloji Dispanser şəxsi narkoman kimi qeydiyyata alır. Amma yol polisinin bundan xəbəri olmur. Nəticədə sükan arxasında narkotik vasitənin təsiri altında onlarla şəxs aşkarlanır.”
Ümid edirik ki, Milli Məclis səviyyəsində bu məsələ müzakirə olunub müvafiq qanunlar qəbul ediləcək. Nəticədə bu sahədə mövcud problemlər də aradan qalxacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.