hikmet-abbas-scaled.jpg

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bəs İranla Azərbaycan arasında gərginləşən münasibətlər fonunda normallaşma gözlənilirmi?

araz.az  Globalinfo.az-a istinadən xəbər verir ki, Politoloq Yeganə Hacıyeva  bildirib ki, Azərbaycan bu mərhələdə münasibətlərin qısamüddətli də olsa normallaşacağına ümid edir:

“Amma böyük gözləntimiz yoxdur, çünki keçən il oktyabr ayında İran-Azərbaycan münasibətlərinin yumşalması üçün eynilə Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi görüşdü. Görüşdən qısa müddət sonra İran rəsmiləri yenə də Azərbaycana qarşı eyni ritorikaya keçdilər. SEPAH və onun digər qolları, ETALAT kimi hərbi və mühafizəkar təşkilatlar yenə əvvəlki fəaliyyətlərini davam etdirdilər”.

Y.Hacıyeva vurğulayıb ki, sentyabr ayında keçirilən görüşdə isə Rusiya, İran və Azərbaycan rəsmiləri məhz regional əməkdaşlığın perspektivləri və kommunikasiyalarla bağlı razılaşma əldə etmişdilər:

“Bu razılaşma da birmənalı İranın maraqlarına tam cavab verirdi. Ona görə belə bir gözləntimiz yoxdur”.

Politoloq Əhəd Məmmədli isə bildirib ki, Azərbaycanla İran arasında son vaxtlar və İkinci Qarabağ müharibəsindən sonra münasibətlərdə gərginlik ən pik həddə çatanda məlum idi ki, bu, daimi ola bilməz:

“Çünki Azərbaycanla İran iki qonşu ölkədir və münasibətlərin normallaşması hər ikisinin maraqlarına cavab verir. Sadəcə hesab edirəm ki, İran bu dəfə dərs aldı. Çünki Azərbaycandan heç vaxt belə cavab gözləmirdi. Bundan sonra dərs çıxardılar ki, Ermənistanla “rəqs edəndə, çox isti rəqs etməsinlər”. Bunu təkrarladıqda, Azərbaycanın münasibəti buz səviyyəsində soyuq ola bilər. Bu da heç də İranın maraqlarına cavab vermir”.

Əhəd Məmmədli qeyd edib ki, Hikmət Hacıyevlə Abbas Musəvi yəqin ki, münasibətlərin normallaşmasını müzakirə ediblər:

“Fikrimcə, həm Azərbaycanın, həm İranın ictimai-siyasi media seqmentində ilıqlaşma başlayacaq və bəlkə də əvvəlki məcraya qayıdacaq. Amma ara-sıra yenə də “atışmalar” gözlənilir, çünki İran Ermənistanla münasibətlərini davam etdirəcək. Ermənistanla Azərbaycanın münasibətləri əsasən də Zəngəzur və Göyçə ətrafında gərginləşir. İran Azərbaycanın maraqlarının əleyhinə çıxdıqda vəziyyət yenə gərginləşə bilər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.