Elmira Mirzəyeva: “Siz məndən nə istəyirsiniz? Axı, dediyiniz faktları ötən həftə o yoldaş da demişdi. Bəsdirin, mən onun kartına pul vurub göndərmişəm, əl çəkin məndən”
araz.az Nyus.Az-a istinadən bildirir ki, artıq xeyli müddətdir ki, Elmira Mirzəyevanın rəhbərlik etdiyi Gəncə Psixatriya Xəstəxanasında yaşanan hoqqaların varlığı ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrildiyindən, bu gün də əksər media qurumlarında bu səhiyyə müəssisəsi ilə bağlı silsilə tənqidi məqalələr tirajlanmaqdadır. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında Gəncə şəhərinin “Bağmanlar” adlanan ərazisində, yəni B. Əliyev-2 ünvanında 2020-ci ilin iyun ayında inşaası həyata keçirilən bu səhiyyə müəssisəsi, hal-hazırda Elmira Mirzəyevanın əsas gəlir mənbəyinə çevrilib. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, şəhər sakinləri arasında dolaşan söz-söhbətlərdən bəlli olur ki, Gəncə Psixatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, məhz daşıdığı vəzifəsindən sui-istifadə etməyə qərar verir. Yəni, xanım Mirzəyeva bu vəzifəsinə sahibləndikdən sonra idarəçiliyini öz düşüncə tərzinə uyğun həyata keçirməyə başlayır. Belə ki, o, adı işdə olub özü iş üzü tanımayan bəzi işçilərə əmək haqları yazır və onlara çatmalı olan əmək haqqlarını mənimsəyir, hətta dövlət tərəfindən xəstələrə verilən ərzaq məhsullarını, yataq dəstlərini, ayaqqabları, suyuyucu mayeləri, geyim paltarlarını, bəzi dərmanları və s. bazarlarda, ticarət mərkəzlərində satdırır. Hətta dolaşan söz-söhbətlərə görə, baş həkim bu cür mənimsəmə əməllərini özünə bağlı olduğu bildirilən şəxslərin idarə etdikləri “VAZ-06” markalı 57-BE-836 və “Mersedes” markalı 20-DJ-856 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yerinə yetirir. Belə bir səbəbdəndir ki, Elmira Mirzəyeva Gəncə Psixatriya Xəstəxanasına baş həkim təyin olunduğu ilk vaxtlardan başlayaraq, bu müəssisədə rüşvətxorluğa və korrupsiyaya geniş yollar açılır.
Gəncə Psixatriya Xəstəxanası ilə bağlı dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, bu səhiyyə müəssisəsi inşa olunub qurtardıqdan sonra, əslində köhnə bina Əmlak Komitəsinə (xeyli müddətdir ki, bu Komitə ləğv olunub) təhvil verilməli idi. Həmin vaxtlarda baş həkim vəzifəsini daşıyan Elmira Mirzəyeva, nəinki köhnə binanı təhvil verir, əksinə o, teztələsik köhnə binanın dam örtüklərini, su borularını, qapı və pəncərələrini, bir neçə tonluq dəmir su çənlərini, mişar daşlarını, dəmir reşotkaları, elektrik trasformatorunu və digər lazımi avadanlıqları sökdürərək satır. Deyilənlərə görə, xanım Mirzəyeva təkcə belə bir yolla xeyli məbləğdə qazanc əldə etməyi bacarır. Bundan əlavə, Elmira xanım vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan bu səhiyyə müəssisəsində ikili tabel sisteminə keçir. Yəni, birinci sənəddə gündəlik işə gəlib-gedən şəxslərin siyahısı olur, ikinci sənəddə isə ümumi xəstəxananın işçiləri, o cümlədən iş üzü tanımayanların ad və soyadları tam şəkildə yazılır. Ad və soyadları ikinci sənəddə olan işçilərin əksəriyyəti gecə növbəsinə yazılırlar ki, onlardan da bəziləri gecə növbəsində işə çıxmırlar. Əksər vaxtlarda tabel sənədlərinə həmin şəxslərin əvəzindən baş tibb bacıları qol çəkirlər.
Söylənilənlərə görə Gəncə Psixatriya Xəstəxanasının baş həkimi rəhbərlik etdiyi bu sahəni bir növ “kolxoz bazarı”na çevirib. Elə ki, hansısa bir şəxs zəng edib xəstəxanada boş yerin olub-olmadığını soruşur, o halda baş həkim üstüörtülü formada olsa belə, həmin şəxsdə pulun olub-olmadığını dəqiqləşdirə bilir. Əgər həmin şəxsdən “pul iyi” gəlmirsə, həmin vaxt ona “gələn ay gələrsən” cavabını verir. Növbəti ay da başqa bir bəhanəni ortaya atır. Beləliklə həmin şəxs etdiyi telefon zənglərindən bezir və bir daha ora zəng etmir. Bundan əlavə, Psixatriya Xəstəxanasına verilən yeni ştatları baş həkimin “bazara çıxartdığı” da söylənilir. Faktdır ki, Elmira Mirzəyeva rəhbərlik etdiyi bu müəssisədə gündəlik külli miqdarda var-dövlət qazanır. Yəni, baş həkim daim “başını işlədir” və gündəlik əldə etdikləri ilə heç də kifayətlənmir. Belə ki, o, daim müştəri axtarışına çıxır və hansı şəxs xəstəlik adı altında pensiyaya çıxmaq istəyirsə, o halda həmin şəxslə “dil tapmağı” bacarır. Bir sözlə, Elmira Mirzəyeva ayrı-ayrı şəxslərdən aldığı “haqq-hesablar”ın qarşılığında, məhz həmin şəxslərə saxta əlillik dərəcəsinin müəyyən olunmasında xüsusi rola malik olur.
Qeyd edək ki, həm media üzərindən apardığımız araşdırmalar zamanı, həm də Gəncə şəhər sakinləri arasında dolaşan söz-söhbətlər əsasında redaksiyamıza daxil olan belə bir məlumatları dəqiqləşdirmək üçün, təqribən dörd-beş gün bundan öncə Elmira xanıma zəng etdik və qarşı tərəf olaraq ondan problemlərlə bağlı münasibətini öyrənməyə çalışdıq. Bəli, həmin vaxt xanım Mirzəyeva ünvanladığımız suallardan heç birinə cavab vermədi və yalnız o, onu qeyd etdi ki, “Siz məndən nə istəyirsiniz? Axı, dediyiniz faktları ötən həftə o yoldaş da (müəyyən səbəblər üzündən hələ ki, həmin şəxsin adını çəkmirik) demişdi. Bəsdirin, mən onun kartına pul vurub göndərmişəm, əl çəkin məndən”. Elmira xanımın verdiyi bu cür cavab sanki bizi şoka deyil, birbaşa “şökə saldı”. O halda öz-özlüyümüzdə belə bir qənaətə gəldik ki, deməli Gəncə Psixatriya Xəstəxanasının baş həkimi qol qoyduğu “qara-qura əməlləri”nin dilə-dişə düşməməsi üçün, Gəncə şəhərindən olan həmyerlisinə arabir “görüm-baxım” edir. Elə bu “görüm-baxım”ın nəticəsi o olacaq ki, Gəncə Psixatriya Xəstəxanasının baş həkiminin qol qoyduğu “qara-qura əməllər”, məhz bundan sonra daha çox ictimailəşdiriləcək, aidiyyatı dövlət qurumları baş verənlərlə bağlı daha çox məlumatlandırılacaqlar. Görəsən o zaman Elmira Mirzəyevanın özünə həmyerli hesab etdiyi, eyni zamanda bu xanımın “qara-qura əməllər”ini örtbasdır etməyə “çalışan” həmin şəxs, baş həkimi medianın yazan qələmindən xilas edə biləcəkmi? Yoxsa yox!?
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda hər kəsi Gəncə Psixatriya Xəstəxanasında qol qoyulan türürpədici əməllərin mahiyyəti ilə də məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Geniş araşdırmamız davam edəcək.
araz.az xəbər portalı.