yenigundem_cd099f1e01c73b05a4fd9ffb3b387045_jhvn0crw39u7l2bzq4ey.png

 

Uzun zamandır ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ cəmiyyətin marağındadır. Hətta əlində çeki qalan vətəndaşlar aidiyyatı qurumlara müraciət etməkdə davam edirlər.

Çünki zamanında özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Yəni, vətəndaş bu çek hesabına mülkiyyət hüququna malik olur. Bu baxımdan əlində özəlləşdirmə çekləri qalan yüzminlərlə vətəndaş baş nazir Əli Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Sahibə Qafarova və parlament üzvlərinə açıq məktub yazaraq müraciət ediblər.

araz.az-ın xəbərinə görə, mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı “Yeni Gundem”-ə açıqlamasında bildirib ki, o vaxtı özəlləşdirmə çekləri kampaniyası tam iflasa uğradı və əhaliyə ölkənin ümumi əmlakından heç nə çatmadı:

“Son vaxtlar çeklərlə bağlı çağırışlar artıb. Bunun əsas səbəbi odur ki, özəlləşdirmə çekləri ilə bağlı aparılan proses ədalətli və şəffaf olmayıb. Sosialist respublikadan kapitalist respublikaya keçəndə ölkənin bütün əmlakı ümumxalq mülkiyyəti sayıldığından əhali arasında bölünməli idi. Ümumi mülkiyyətin o vaxtkı dəyəri hesablandı və bu 8 milyon nəfərlik ölkə əhalisinin sayına nisbətdə bölünərək çek formasında paylandı. 1997-ci il qiymətləndirməsinə görə, hər özəlləşmə çekinin dəyəri 2 min dollar dəyərində idi. Vətəndaşlar bu mülkiyyət payları ilə ölkənin bölünən əmlakından özlərinə düşən hissəni ala bilərdilər və ya hansısa iri özəlləşdirmə obyektlərində o payla iştirak edə bilərdilər. Lakin necə oldusa adi vətəndaşlardan demək olar ki, heç kim heç nəyi özəlləşdirə bilmədi, ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı imkanlı və vəzifəli şəxslərin əlinə keçdi. Bu payların qiyməti qəpik-quruş oldu, yəni bir payla uzağı 1-2 qutu siqaret almaq olardı. Qeyd olunan paylarla ən kiçik bir əşyanı belə özəlləşdirməkdən söhbət belə gedə bilməzdi. Bu qiymətə çekləri vətəndaşlardan toplayan imkanlı və ya vəzifəli şəxslər dövlət müəssisələrini, müxtəlif obyektləri, təsərrüfatları su qiymətinə ələ keçirdilər. Bu, konkret olaraq o deməkdir ki, ümumixalq əmlakının bölünməsindən əhaliyə heç nə çatmadı. Yenə kəndlərdə yaşayanlara, heç olmasa, bir az torpaq sahəsi bölündü. Şəhərlərdə yaşayanlar isə atalarının, analarının, babalarının, nənələrinin qurub yaratdığı ümumi əmlakdan bir çöp də əldə edə bilmədilər.

Bu, dəhşətli bir sosial ədalətsizlik və açıq qanunsuzluq faktıdır. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Amma onların bu halal payı fırıldaqçılar tərəfindən zorla əllərindən alınmış sayılır. Vətəndaşların pozulmuş hüquqları bərpa edilməlidir. Ədalət hansısa formada bərpa olunmalıdır. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir”.

Deputat Müşfiq Cəfərov isə bildirib ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması zamanı ölkədə qiymətli kağızlar bazarının inkişafında mühüm rol oynayacağı gözlənilsə də, əldə olunan nəticə effektiv nəticə vermədi:

“Özəlləşdirmə çeklərinin müddəti 2011-ci il yanvarın 1-də bitib. Özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Bu proses dövründə özəlləşdirmə paylarının yalnız 80 faizindən istifadə olunduğu, qalan 20 faizin isə hələ də əllərdə qaldığı bildirilir. Əslində özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini saxlaya bilmədi. Bu, təkcə Azərbaycanda belə olmadı. Bütün postsovet məkanındakı ölkələrdə analoji vəziyyət hökm sürdü. Bu çeklər ilk gündən dəyər-dəyməzinə satıldı. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması əslində ölkədə qiymətli kağızlar bazarının inkişafında mühüm rol oynamalı idi. Reallıqda isə belə olmadı”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.