Bu gün, Avropa Şurasının İnformasiya cəmiyyəti departamentinin proqramlar meneceri Şahin Rzayev və qurumun Bakı ofisinin layihələr rəhbəri Vüsal Behbudov Azərbaycan Mətbuat Şurasında olublar.
Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, Beynəlxalq Əlaqələr Komissiyasının təşəbbüsü ilə keçirilən bu görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Məlumatda qeyd olunur ki, görüş zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Avropa Şurası Azərbaycan mediası ilə, o cümlədən, rəhbərlik etdiyi qurumla hər zaman effektiv çalışıb. Bu fəaliyyətin həm jurnalistika, həm də cəmiyyət üçün konkret faydaları var. R. Məcid ötən illər ərzində formalaşmış bazaya görə, mövcud istiqamətdəki əməkdaşlığın gələcəkdə də davamlı olacağına inandığını deyib.
Məlumatda xüsusi olaraq vurğulanır ki, Avropa Şurasının nümayəndələri Ş. Rzayev və V. Behbudov çıxışlarında təmsil olunduqları qurumla Mətbuat Şurasının indiyədək mövcud olmuş birgə fəaliyyət sahələrindən söz açıblar. Bildirilib ki, hazırda AŞ “Media peşəkarlığı və informasiya azadlığı” layihəsinə start verib və layihəyə V. Behbudov rəhbərlik edir. Bu təşəbbüs çərçivəsində diqqət yetiriləcək məqamlar isə əsasən hərbi jurnalistika, media qanunvericiliyi, media savadlılığı, dezinformasiyalar və digər məsələlər olacaqdır.
Məlumatın sonunda bildirilir ki, MŞ-nin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin, komissiya üzvü Yeganə Hacıyevanın çıxışlarında müzakirə edilən mövzunun, eləcə də perspektiv əməkdaşlığın müxtəlif istiqamətləri barədə fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.