image_750x_636caa10b6ef4 (2).jpg

Son 10 ildə ölkədə aparılan özəlləşdirmə əslində qanunsuz hesab oluna bilər. O mənada ki, Azərbaycanda özəlləşdirmə prosesi faktiki olaraq, əlində özəlləşdirmə çekləri olan vətəndaşlarımızın sözügedən prosesdə iştirakı olmadan keçirilib”.

BEYNƏLXALQ HÜQUQA, KONSTİTUSİYA VƏ QANUNLARA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏ DÖVLƏTİN TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİ PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ HÜQUQ EKSPERTLƏRİNİN YEKDİL QƏRARINA ƏSASƏN, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını -mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan HEC KİMƏ SATA BİLMƏZ! İSTƏR XARİCİ və ya YERLİ investor MÜSABİQƏDƏ QALİB OLDUĞU HALDA ödəmənin ən azı 65%-ni Özəlləşdirmə Çeklərinin NOMİNAL DƏYƏRI ilə etməlidir!

Mövzu ilə bağlı Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin  Xəbəraz.org-a müsahibəsini təqdim edirik:

– Anar bəy, bir neçə gün öncə deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı bildirdi ki, özəlləşdirmə çekləri ilə bağlı məsələyə yenidən baxılmalıdır. Bu təklif barədə nə deyə bilərsiniz?

Əvvəla onu qeyd edək ki, 90-cı illərdə postsovet məkanı ölkələrinin əksəriyyətində birinci mərhələ özəlləşdirilməyə münasibət birmənalı olmadı və proses kifayət qədər pozuntularla müşayiət olundu. Əvvəlki dövrdə yaradılmış xalq mülkiyyətinin özəl sistemə transformasiyasının formalarının müxtəlif olması səbəbindən bir çox vətəndaşlar keçmişdə yaratdıqları maddi dəyərlərdən öz paylarını götürə bilmədilər. Zamanla özəlləşdirmənin başqa yollarının tapılması ilə ictimai əsaslı şirkətlərin yaranması səngidi. Nəticədə insanların ixtiyarında olan özəlləşdirmə çekləri üstünü toz basan ev əşyasından başqa bir şeyə çevrilmədi. Xeyli insanımız var ki, bu çekləri atmayıb və yaxud dəyər-dəyməzinə satmayıblar. Hərçənd elə bir ağır dövr idi ki, vətəndaşlarımız ən xırda məişət ehtiyaclarını ödəmək üçün bu qiymətli kağızları çox ucuz qiymətə satışa çıxarırdı. Bu məsələnin yenidən gündəmə gəlməsi ən azı vətəndaşlarımızın bu planda hüquqlarının bərpa edilməsi baxımından əhəmiyyətlidir. Buna qəti laqeyd yanaşmaq olmaz. Çünki söhbət yüz minlərlə vətəndaşın əsas qayğılarından biridir. Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması sahibkarlıq mühitinə böyük ölçüdə müsbət təsir edə bilər. Söhbət əlavə çeklərin buraxılması yox, məhz vətəndaşların əllərində uzun illərdir istifadəsiz qalan qiymətli kağızlardan gedir.

– Özəlləşdirmə çekləri Ulu Öndər Heydər Əliyevin imzalayaraq təsdiqlədiyi Özəlləşdirmə Proqramı ilə verilib. Bu gün özəlləşdirmə çeklərinin tədavüldə olmaması qanun pozuntusu sayılırmı?

– Çeklərin əsas funksiyası dövlət əmlakının ümumxalq mülkiyyəti olduğu nəzərə alınaraq, onun vətəndaşlar arasında ədalətli bölgüsünün təmin edilməsidir.

Vauçerlər müxtəlif ölkələrdə fərqli qaydalarla tətbiq olunub, bizdə də özünəməxsus prinsiplər və qaydalarla həyata keçirilmişdi. Vətəndaşların bilməsi gərəkən vacib nüans bundan ibarətdir ki, əgər dövlət mülkiyyətində olan bir müəssisə birbaşa alıcıya satılırsa, o zaman səhmdar çeklərin ona verdiyi imkanları səfərbər edə bilər. Müəssisə hansısa idarəçiliyə veriləndə isə müvafiq pay üzrə səhmdar kimi prosesdə iştirak etmək imkanları məhdudlaşır. Bu məqamlarda diqqətli olmaqda fayda var.

Hələ 1997-ci ildə qiyməti 2000 ABŞ dolları olaraq müəyyənləşdirilən özəlləşdirmə payının son 11 ildə tədavüldə olmamasını vətəndaş lar qanunsuzluq kimi qəbul edirlər. Elə bu səbəbdəndir ki, əllərində özəlləşdirmə çekləri qalan vətəndaşlar bir gün hüquqlarının bərpa olunacağı günü gözləyirlər.

Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Ümumilikdə götürəndə isə əlində çeki qalan şəxslərlə bağlı konkret addımların atılması artıq gecikir, təcili tədbirlər görülməlidir. İnsanların haqqı yeyilib və hüquqları tapdanıb. Hökumət məsələnin nə dərəcədə həssas olduğunu anlayaraq, ya özəlləşdirmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görməlidir, ya da mövcud qanunvericilik hüquqi cəhətdən mübahisələndirilib daha təkmil və işlək hala salınmalıdır.

Son 10 ildə ölkədə aparılan özəlləşdirmə əslində qanunsuz hesab oluna bilər. O mənada ki, Azərbaycanda özəlləşdirmə prosesi faktiki olaraq, əlində özəlləşdirmə çekləri olan vətəndaşlarımızın sözügedən prosesdə iştirakı olmadan keçirilib.

– Hökumət 2011-ci ilə qədər özəlləşdirmə çeklərinin müddətini uzadaraq onları tədavüldə saxlayırdı. 2011-ci ildən isə bu proses dayanıb, yəni daha müddət uzadılmayıb. Özəlləşdirmə çekləri olan vətəndaşlar isə nə edəcəklərini bilmirlər…

– Məmur özbaşınalıqları, müstəqil olmayan ədalətsiz məhkəmələr vətəndaşlara bu prosesdə öz haqq və hüquqlarını bərpə etməkdə ciddi maneəyə çevrilib. Buna baxmayaraq, vətəndaş başa düşməlidir ki, hazırda əlində qalan və ya uzun illərdir saxladığı özəlləşdirmə çekləri müddəti bitmiş qiymətli kağızdır. Nə qədər ki, onun tamamilə dövriyyədən çıxarılması barədə prezidentin fərmanı yoxdur, nə vaxtsa bu vauçerlərin nominal dəyərinin yenidən müəyyənləşdirilməsi və dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi prosesində vətəndaşın yenidən iştirakına ümid etmək olar. Əslində elə uzun müddətdir əllərində qiymətli kağızlarını satmayıb saxlayan vətəndaşlar, həm də o ümidlə yaşayıblar ki, nə zamansa yüksək rentabelli iri dövlət müəssisələri özəlləşdirilməyə çıxarılacaq, onlar da əllərindəki pay sənədləri ilə bu prosesdə iştirak etməklə yaxşı divident əldə edəcəklər. Ancaq hələ ki, belə bir tendensiya hiss olunmur, baxmayaraq ki, özəlləşməsini gözləyən xeyli sayda dövlət mülkiyyəti var.

Bundan başqa, vətəndaşlarda qalan və istifadə olunmayan özəlləşmə çeklərinin tədavüldən çıxarılmasının proses olaraq özü qanunsuz bir aksiyadır. Təsəvvür edin ki, dəyəri bugünkü nominal bazar qiymətlərilə götürüləndə 300 milyard ABŞ dollarına yaxın dəyəri olan dövlət mülkiyyəti hələ də özəlləşdirilib qurtarmayıbsa, o zaman bu çeklər hansı hüquqi-iqtisadi əsaslarla tədavüldən çıxarılıb?! Hələ də saysız-hesabsız dövlət mülkiyyətində olan obyektlər və sahələr qalıb ki, özəlləşdirilməsini gözləyir. Bu zaman vacib bir sual əmələ gəlir: vətəndaşların əlində qalan qiymətli kağızların özəlləşdirmə hərraclarından kənarda saxlanması hüquqi cəhətdən nə dərəcədə əsaslıdır? Bəllidir ki, burada da şübhəli məqamlar kifayət qədərdir və Azərbaycanda son 25 il ərzində həyata keçirilən özəlləşdirmə proseslərinin ciddi haqsızlıqlar, o cümlədən qanun pozuntuları ilə müşayiət olunmaqla keçirilməsi, özəlləşdirilməyə çıxarılan dövlət mülkiyyətində olan müəssisələrin tezbazar dəyər-dəyməzinə satılması halları kimsəyə sirr deyil. Elə bu prosesin özündə də əlində özəlləşdirmə çekləri olan nə qədər vətəndaşın haqqı yeyilib. Heç şübhəsiz ki, burada kifayət qədər açıq sualları qalan məsələlər mövcuddur və daha çox problemin mübahisələndirilərək hüquqi tənzimlənməsinə gərək var.

– Çeklərlə bağlı narazılığın çox olmasına baxmayaraq, hələ də rəsmi açıqlama verilməyib. Bu vəziyyət vətəndaşların dövlətə olan etimadını sarsıda bilərmi?

– Ümumiyyətlə, vətəndaşlarımızın çek hərraclarında iştirak edə bilməsi üçün uzun illərdir əlverişli imkanların yaradılmaması da ayrı bir problemdir. Əslində qanunvericilikdə də göstərildiyi kimi, indiyə qədər sözügedən çeklərin tədavülü ilə bağlı Çek İnvestisiya Fondu yaradılmalı idi. Ancaq görünür, bu da hansısa mübhəm səbəblərdən bu günədək yubanır. Azərbaycanda dövlət mülkiyyətində olan müəssisələrin alqı-satqısı, özəlləşdirmə prosesi daha çox formal əsaslarla, ən çox da uzaq-yaxın əlaqələr, dostluq, simsarlıq, qohumbazlıq prinsiplərilə, şübhəli sövdələşmələr əsasında gerçəkləşdirilir. Bu zaman müəssisələrin, balansındakı əsas vəsaitlə birlikdə dəyərinin sahib olduğu real dəyərdən kifayət qədər aşağı göstərilməsi, belə bir hərracda iştirakı da vətəndaş üçün maraqsız edə bilir. Belə olduqda, təbii ki, “…ortada divident yoxdursa, özəlləşdirmə çeki evdə yatsa, daha yaxşıdır” prinsipi aktual olur. Əslində bu vəziyyət də müvafiq qanunvericiliyin kobud şəkildə pozulması, əllərində özəlləşdirmə çeki qalan vətəndaşların haqq və hüquqlarının çeynənməsindən başqa bir şey deyil.

– Ədalət prinsipi hansı formada təmin edilməlidir?

– Hazırda əhalinin hardasa 20 faizə qədərində özəlləşdirmə prosesinə cəlb olunmayan xeyli sayda vauçer var. Yəni bu qiymətli kağızlar özəlləşdirmə prosesində faktiki iştirak etməyib. Elə buna görə də vətəndaşlarımıza tövsiyəmiz budur ki, yaxın zamanlarda prezidentin özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması barədə fərmanı, yaxud Milli Məclisin bununla bağlı hansısa qərarı olmayacaqsa, o zaman onlar hüquqlarının təminatı üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Əgər bununla bağlı dövlətin hər hansısa dəyişikliklərə dair bir yeniliyi olacaqsa, yeni qəbul olunacaq Özəlləşdirmə Qanunu və Özəlləşdirmə Proqramı qanununda mütləq mənada Özəlləşdirmə Payına düşəcək inflyasiyadan qorunan nominal dəyər qiyməti aydın şəkildə açıqlanmalıdır. Bununla da məmurların və maraqlı şəxslərin dələduzluq-manipulyasiya imkanları aradan qalxsın. Vətəndaşların müvafiq Qanunda qayda kimi göstərilən, banklarda girov qoyma hüququ pozulmasın. Əmlak Komitəsi məmurlarının hər həftə keçirəcəyi hərracların sayı və çek auksionlarına çıxaracağı dövlət mülkiyyətinin (əmlakların) sayının, o cümlədən ümumi səhmlərinin dəyər qiymətləri ilə manipulyasiyası – Özəlləşdirmə Çeklərinin real bazar qiymətinə təsir imkanları aradan qaldırılmış olardı.

İstifadəyə cəlb olunmamış özəlləşdirmə çeklərinin nominal dəyəri qiymət olaraq, yenidən hesablanmalıdır, tədavülə buraxılmalıdır, dövlət təminatı altında özəlləşdirilmə hərraclarında bu planda incik düşmüş insanlarımızın iştirakı bərpa olunmalıdır. Ümumiyyətlə, özəlləşdirmə çekləri ilə bağlı istər hüquqi, istərsə də iqtisadi-praktiki baza elə qurulmalıdır ki, vətəndaş qalxıb sual verməsin ki, mən bu çeki harda, necə, neçəyə satım. Hökumətə tövsiyəmiz budur ki, bu məsələ ilə bağlı dəyişiklikləri elə planlaşdırsın ki, özəlləşdirmə çeklərini neçəyə satmağı düşünən vətəndaş, çeklərdən özəlləşdirmə hərraclarında necə istifadə edib divident qazanmağı fikirləşən vətəndaşa çevrilsin.

Qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır.

“Facebook”da Özəlləşdirmə Çekləri Qrupunun yüz minlərlə ailələr adından hazırladığı bütün hüquqi faktlarla buradan tanış ola bilərsiz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

araz.az xəbər portalı.