Tarixi ədəbiyyatlardan məlumdur ki, hər millətin və dövlətin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair saysız-hesabsız hallar olmuşdur. Lakin, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirməyə qadir şəxsiyyətlərin varlığı sayəsində, həmin dövlətlərin varlığı qorunmuş, millətlər isə dirçəlmişlər.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, bu şəxs ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətənini düçar olduğu bəlalardan xilas etmək istəyi, ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firəvan gələcəyə inamını qaytarmağa qadir qüvvə olaraq mühüm rol oynamışdır.
1990-cı illərin əvvəlində ölkəmizdə hakimiyyət böhranının dərinləşməsi səbəbindən ictimai-siyasi sabitlik pozulmuş, xaos və anarxiya, hərc-mərclik mühiti formalaşmış, vətəndaş qarşıdurması güclənmiş, qanunçuluq və hüquq qaydalarının təminatında ciddi problemlər əmələ gəlmişdi. Belə bir sarsıntı və təlatümlər təsdiq etdi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider, Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi çətin missiyanın öhdəsindən uğurla gələ bilər. Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə tam aradan qaldırılır, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsd təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilir, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılır. Bütün bunlar Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaradır.
Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görmüş və bunun üçün zəruri tədbirlərini də həyata keçirmişdir. Məhz, Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda, vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin olunması üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Ulu Öndərin rəhbərliyi altında 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası, ölkəmizin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi olaraq ön plana çıxarmışdır.
1969-cu ildən başlanmış Heydər Əliyev dövrü, bu gün də davam etməkdədir. Onun möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycan dövləti isə, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında işıqlı sabaha, firəvan gələcəyə doğru inamla addımlamaqdadır.
Heydər Əliyev suverenliyimiz, müstəqilliyimiz uğrunda ömrünü gilə-gilə əridən, ürəklərdə, könüllərdə, qəlblərdə özünə əbədi heykəl qoyan rəhbər, qüdrətli, ədalətli, dəyanətli dövlət başçısı olmuşdur. Heydər Əliyev seçdiyi yola, ideyalara bütün varlığı ilə inanan, bu ideyaların həyata keçməsi üçün əzmlə, qətiyyətlə, fədakarlıqla mübarizə aparan, həyatı boyu yararlı və dəyərli işlər görən və bununla da adilikdən ayrılan, cismani yoxluğundan sonra da ürəklərdə, beyinlərdə yaşayan qüdrətli bir şəxsiyyətdir. Xalqımızın, millətimizin fədaisi olmuş Heydər Əliyev bu gün cismən bizim aramızda olmasa da, ruhən, mənən həmişə bizimlədir. Ulu Öndərin xatirəsi bizim üçün çox əzizdir. Qeyd edək ki, uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü ilin 12 dekabrında dünyasını dəyişib. Xalqımız artıq 19 ildir ki, hər ilin 12 dekabrında ulu öndər Heydər Əliyevin anım gününü böyük izdihamla qeyd edir. Artıq tariximizə öz adını əbədi həkk etdirmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti, bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Allah rəhmət eləsin!
Şəfəq SALMANLI,
Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsinin rəisi
araz.az xəbər portalı.