TARİXİ NEQATİV- Azərbaycan dünyada yeganə ölkədir ki, əraziləri həmsərhəd olduğu bütün qonşu dövlətlər tərəfindən işğal olunub.
MÖVCUD SİTUASİYA – Azərbaycan ərazisində iki dövlətin (Ermənistan və Rusiya) hərbi birləşmələri yerləşib.
POZİTİV PERSPEKTİV – Azərbaycan bu ölkələrdən birini məğlub edərək ərazilərini işğaldan azad edib. Ərazilərinin bir hissəsində isə erməni hərbi birləşmələri qalmaqdadır. Azərbaycan həmin hərbi birləşmələri də ərazilərindən çıxarmaq gücünə malikdir. Bu, istənilən an mümkündür.
SUALLI PERSPEKTİV – Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxmaması üçün bütün mümkün varinatlardan istifadə edəcək. Bunun üçün yeni situasiya yaradacaq, heç şübhəsiz, hansı addımlar atacaqlarının proqramları da var.
Ona görə də;
– Nə qədər ki Türkiyədə Ərdoğan, Rusiyada Putin hakimiyyətdədir, sülhməramlıların Qarabağdan çıxarılmasını mümkünə çevirməliyik. Putindən sonra gələn adamdan bu istiqamətdə müsbət addım gözləmək doğru deyil. 2024-cü ilə qədər vaxtımız var.
– Əgər Rusiya ilə dil tapıb öz gücümüzlə torpaqlarımızı azad edə bilmişiksə, deməli, Xankəndi də daxil, digər ərazilərimizdə yaşayan erməniləri də Azərbaycan vətəndaşına çevirə bilərik.
Hər iki məsələdə Azərbaycanın əlini gücləndirən Türkiyə faktoru var.
Türkiyə NATO-dan üz çevirir, Rusiya ilə daha sıx və strateji mütəffiqlik qazanmaqdadır. Əgər bu məsələlərdə Türkiyənin qətiyyətli iradəsi olacaqsa, Rusiya buna etiraz etməyə bilər. Digər tərəfdən, Paşinyanın Qərbdən hələ də qopa bilməməsi, ona Qərbdən verilən dəstək Azərbaycanın xeyirinədir. O, Qərbə yaxınlaşdıqca, Rusiyadan uzaqlaşacaq. Rusiyadan uzaqlaşdıqca, Azərbaycanın əli daha da güclənəcək, Ermənstandan istədiklərimizi ala biləcəyik, İrəvanı əzmək üçün Rusiya mane olmayacaq.
Samir FEYRUZOV.
araz.az xəbər portalı.