Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azİmport” MMC-nin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, 5 qat dünya çempionu Azər Əsgərovun iş adamı Kamal Akimova qarşı şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 9-da keçirilmişdi və iddiacı A.Əsgərov prosesə qatılmamışdı. Dünənki prosesdə “Azİmport” rəhbəri də iştirak edib.
İttiham aktına görə Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı mətbuata bildirib ki, özü zərərçəkən olduğu halda “Azİmport” rəhbərinin şər-böhtanı ilə üzləşib. Onun sözlərinə görə, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra “Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib.
araz.az Azpolitiko.info-ya istinadən xəbər verir ki, məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını təqdim edib.
O, çıxışında bildirib ki, Akimov Kamal Akimoviç Bakı Şəhəri Səbail rayonu, Həsən Abdullayev küçəsi 5 ünvanda yerləşən ofisində və Bakı şəhərinin digər ünvanlarında Azər Əsgərovu oğurlayacaqlarını, övladları və ailə üzvləri barədə bütün məlumatlara malik olduqlarını deyərək, 2 milyon ABŞ dolları məbləğində pul tələb edib: “2016-cı ildən 2018-ci ilə qədər Azər Əsgərovdan razılaşdırdığı 1 milyon 360 min manat təşkil edən 800 min ABŞ dolları puldan 500 min dollar hədə-qorxu ilə hissə-hissə alıb”.
Dövlət ittihamçısı deyib ki, Kamal Akimov Bakı şəhəri Səbail Rayonu, Xanlar küçəsi 8 ünvanda yerləşən 128 kv metr sahəyə malik qeyri-yaşayış sahəsinin “Azimport” şirkəti tərəfindən sökülməsini əsas gətirərək bu pulları tələb edib.
Daha sonra Azər Əsgərov ifadə verib. O da öz çıxşında ittiham aktında yazılanları təsdiq edib.
Kamal Akimov isə ittihamlara görə, özünü təqsirli bilmədiyini deyib. O, bildirib ki, ona məxsus ərazidəki qeyri-yaşayış tikililəri “Azİmport” şirkəti tərəfindən qanunsuz sökülüb. Uzun illər ərzində müxtəlif dövlət qurumlarına şikayətlərindən sonra əraziyə sahiblənən “Azİmport” şirkətinin timsalında Azər Əsgərovdan pulunu tələb edib. “Bu gün haqlı olduğum halda haqsız duruma düşmüşəm. Azər Əsəgrov mənim halal pulumu verməyib. Mənim əmlakım əlimdən alınıb. Əmlakımın dəyərini tələb etməyim nə zamandan cinayət olub?”, – Akimov sual edib.
İş adamının bu sözləri Azər Əsgərovla onun arasında mübahisəyə səbəb olub. Azər Əsgərov bildirib ki, onun şirkəti həmin ərazini almayıb: “Oranı alan da, tikintini sifariş verən də bəllidir. Mən orada layihləndirmə və tikinti işini görmüşəm”.
Onun bu çıxışından sonra müdafiə tərəfinin vəkili Ceyhun Yusifov Azər Əsgərova suallar ünvanlayıb:
Ceyhun Yusifov:
– Əgər Siz orada söküntü ilə məşğul olmamısınızsa, o zaman nədən “Azİmport”a məxsus texnikalar söküntünü aparırdı? Bunun üçün video sübutlar var…
Azər Əsəgrov:
– Mən bunu bilmirəm. Mənim texnikalarım çoxdur. Hər gün onları güdmək kimi zamanım da yoxdur.
Ceyhun Yusifov:
– İfadənizdə demisiniz ki, həmin dövlərdə sizi Milli Təhlükəsizlik Nazirliyinə çağırmışdılar. Sizi oraya niyə çağırıblar?
Azər Əsgərov:
– Məni Təhsin Ağayev və Füzuli Əliyev adlı şəxslər çağırıb. Bildirdilər ki, Kamala və bizə pul verməlisən.
Ceyhun Yusifov:
– Axı, sizin MTN-nə çağırılan dövrlə pul verdiyiniz dövrlər arasında fərq çoxdur…
Azər Əsgərov:
– Mən təkcə MTN-lə təhdid olunmamışam. Müxtəlif adamlar məni övladlarımın öldürülməsi ilə hədələyirdi. Başqa millətin nümayəndələri idi.
Bu arada prokuror “Hansı millətin, kimlər idi” deyə “Azİmport” rəhbərinə sual edib.
Azər Əsgərov cavabında deyib ki, Bayraq Meydanı yanında Dağıstan Respublikasına məxsus avtomobillər onu sıxışdırıb və uşağının şəkillərini ona göstərib: “Mən düşündüm ki, övladlarım mənim üçün puldan artıq deyil. Həmin zaman ailəmə mühafizəçi tudum. Polislər də mühafizə elədi”.
Ceyhun Yusifov:
– Dediniz ki, ailənizi mühafizə elədiniz. Nə zaman əmin oldunuz ki, təhlükə sovuşub?
Azər Əsgərov:
– Dedim axı, polisin mühafizəsi oldu.
Ceyhun Yusifov:
– Bəs təhlükə sovuşubsa, sonra niyə pul verdiniz?
Azər Əsgərov:
– Kriminal qrupların təhdidindən söhbət gedir. Siz axı bunu bilirsiniz ki, bu nə deməkdir?
Ceyhun Yusifov:
– Siz puldan qabaq 250 kv metrlik sahə təqdim etmisiniz. Ancaq tikintiyə baxırdınızsa, niyə o zaman bunu təklif edirdiniz?
Azər Əsgərov:
– Bu o zaman idi ki, mənə təhdid yox idi. Gəldi ki, söküblər, dedim problem yoxdur. Halallıq olsun. 2 milyon tələb edirdi. Yerinə uyğun 250 kv metrlik mənzil təklif etdik. Amma razılaşmadı. Sonrasını da bilirsiniz…
Ceyhun Yusifov:
– Bu gün Kamal Akimov sizdən aldıqlarını qaytarsa, 250 yox, 70 kvadrat metrlik sahə verərsiniz?
Azər Əsgərov:
– Artıq yox. Bu qədər olaylar oldu. Streslər yaşandı. Qanun nə deyirsə, elə də olsun…
Vəkil Ceyhun Yusfov daha sonra Azər Əsgərovdan onu da soruşub ki, hadisənin baş verməsindən 7 ilə yaxın vaxt keçib, bu müddət ərzində hüquq-mühafizə orqanlarına şikayət etməməsinin səbəbini nə ilə izah edə bilər?
“Bu suala Azər müəllim cavab verə bilmədi. Daha sonra ona sual ünvanladım ki, Akimov həmin sahənin ona məxsus olduğunu bildirib, tikilinin altındakı torpaq sahəsi ilə bağlı araşdırma apararkən nə bəlli oldu? Məlumdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kamal Akimovun müraciətini Səbail Prokurorluğuna göndərib. Müvəkkilimə qarşı cinayət işinin başlanması buradan yaranıb. Nəinki Azərbaycan, dünya hüquq tarxində belə şey olmayıb ki, vətəndaş icra hakimiyyətinə şikayət edir, müavin onun şikayətini rayon prokuroruna göndərir, rayon prokuroru isə şikayət edən vətəndaşa qarşı cinayət işi başlayır”, – vəkil əlavə edib.
C.Yusifovun sözlərinə görə, A.Əsgərova növbəti suallardan biri belə olub ki, Bayraq Meydanına gedərkən avtomobilin pəncərəsindən hədələndiyini bildirib, dəfələrlə dünya çempionu, Avropa çempionu, əməkdar idman ustası kimi həmin şəxslərə qarşı fiziki üstünlüyünü göstəribmi? Vəkil əlavə edib ki, bu suala da “Azİmport” rəhbəri cavab verə bilməyib.
Müdafiə tərəfinin nümayəndəsi Azər Əsgərovun söküntünün onlar tərəfindən aparılmadığı barədə cavabına daha bir sualla cavab verib. Ondan soruşub ki, söküntünü sizin şirkət aparmayıbsa, iş icraçısı olubsa, o zaman müqaviləni göstərin – vəkil qeyd edib.
Prosesdə maraqlı məqamlardan biri vəkil Ceyhun Yusifovun A.Əsgərova “bu günə qədər Akimovdan hüquq-mühafizə orqanlarına niyə şikayət etməmisiniz” sualına verdiyi cavab olub. “Azİmport rəhbəri deyib ki, “ürəyim belə istəyirdi, belə də etmişəm”.
Məhkəmənin növbəti iclası dekabrın 30-a təyin olunub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.