Partiya sədri deyir ki, Azərbaycan Respublikaçılar Partiyasının çoxsaylı üzvləri,
həmişə, bu önəmli tədbiri keçirən etirazçılara dəstək nümayiş etdiriblər
“Azərbaycanlı aktivistlərin — ekoloji problemlərin həlli ilə məşğul olan qeyri-hökumət təşkilatlarında birləşən vətənpərvər ekofəalların və gənc könüllülərin təşəbbüsləriylə, ölkənin Qarabağ iqtisadi rayonunda mənfur düşmən tərəfindən faydalı yataqların qanunsuz istismarı əleyhinə, ötən ilin dekabr ayının 12-də səhər saatlarından başlayan, sarsılmaz qətiyyət və mətanətin nümayişi ilə davam etdirilən, ötən gecə boyu da, yüksək əzmkarlıqla keçirilən Xankəndi — Laçın yolundakı etiraz aksiyası, artıq, iyirmi səkkizinci gününə qədəm qoydu. İlk gündən indiyədək tələbləri dəyişməz olaraq qalan, hər səhərlərini Azərbaycan Dövlət Himnini səsləndirməklə açan, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa edən, davamlı şəkildə isti yer, çay və qidalarla təmin olunan akçıyaçılar, hazırda havanın şaxtalı olmasına baxmayaraq, yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən, yenə də, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, “Ekoloji cinayətə son!”, “Экоциду нет! Мониторингу да!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Stop, ekoterror!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Берегите природу!”,.. şüarlarını səsləndirməklə, gün ərzində və gecədən səhərədək heç bir insidentin baş verməməsi üçün, toplanış yerində bütün təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl edirlər.
Bir sözlə, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan, 30 il mənfur düşmən tapdağında inləyən bu yolun bir hissəsində başlayaraq, Şuşada da baş tutan, ekoloji terrora son qoyulması əsas tələbi olan bu dinc etiraz aksiyası, artıq, aksiya iştirakçıları vətənpərvərlərin diqqət çəkən əzmkarlıqları və fədakarlıqları
sayəsində, beynəlxalq maraqlar müstəvisinə keçməklə, dünya mətbuatının gündəmini belə zəbt edib. Yuxusuz gecələrlə davam edən bu önəmli tədbirdə, Böyük Allaha və ədalətə inanaraq, yüksək dözüm nümayiş etdirən aksiyaçıların alqışalayiq bütün hərəkətləri, sülhməramlıların özlərində belə, təəccüb yaradıb.
Ümumiyyətlə, aksiya iştirakçısı bütün vətəndaşlarımızın tarixə düşəcək bu ülvi və nümunəvi davranışlarını bir qəhrəmanlıq nümunəsi adlandırmaq da yerinə düşər. Çünki düşmənin təhdid və hədələri, üstəlik havanın soyuqluğu və yuxusuzluq, eləcə də hədsiz narahatlıq doğuran digər xoşagəlməz hallar belə, bu günədək, bu önəmli tədbiri gündəmdən çıxarmayıb. Bir daha deyirəm, bu, hiyləgər ermənilərə, daha çox onlara havadarlıq edənlərə dərs və görk olacaq bir qəhrəmanlıq nümunəsidir!” — bu sözləri, araz.az-ın əməkdaşları olaraq, bizimlə söhbətində, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov dedi. Ümumiyyətlə, partiya rəhbərinin bu dediklərini, onun, məlum aksiyaya münasibətinin qısa xülasəsi adlandırmaq da yerinə düşərdi.
Onu da qeyd edək ki, bu önəmli tədbirlə hər vaxt maraqlandığını bildirən partiya sədri, bu barədə fikirlərini ortaya qoyanda, öncə, xüsusi olaraq onu vurğuladı ki, məramları dövlətçiliyimizə xidmət olan Laçın yolu akçıyaçılarının çətin keçən bu günlərdə göstərdikləri əzmkarlıq nümunəsini, tam mənada ifadə etmək üçün, söz tapmaqda belə çətinlik çəkir:
“Konkret desək, yüksək səviyyəli əzmkarlıqları ilə davam etdirdikləri bu önəmli tədbirdə, Azərbaycanın vətənpərvər övladları, yaranmış hazırkı situasiyada da, milli maraqlarımızı təmin etmək naminə, istədiyimiz minimumu əldə etmək məqsədi ilə, maksimum bacarığı göstərirlər. Ona görə ki, əgər, yeni situasiya yaradan Laçın yolundakı etiraz aksiyası Azərbaycanın şərtinin qəbulu ilə başa çatmasa, əks halda, separatçı rejim bunu öz qələbəsi kimi təqdim edəcək. Ermənistan isə, Qərbin, BMT-nin təzyiqi ilə, Azərbaycanın geri çəkildiyini elan edərək, bu istiqamətdə, onsuz da geniş olan fəaliyyətini davam etdirəcək. Bir sözlə, mövcud şərait də bunu tələb etdiyi üçün, çox sağ olsunlar ki, aksiyaçılarımız belə bir şəraitsizliyə və soyuq havaya belə məhəl qoymurlar. Onların göz qabağında olan bütün hərəkətləri alqışalayiqdir!
Yeri gəlmişkən, onu da qeyd edim ki, 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizdən dərhal sonra, işğaldan azad olunan torpaqlarımıza yeridilən Rusiya sülhməramlı qüvvələrinin, daşnak tör-töküntüləri qəsbkar ermənilərin yenidən fəallaşmalarına imkan yaradan günahları ucbatından, Laçın yolunda yaranan hazırkı gərgin vəziyyətdə belə, ən sivil beynəlxalq hüquqa dayanan aksiyaçı vətəndaşlarımızın tarixə düşəcək nümunəvi davranışları, ən nüfuzlu beynəlxalq qurumların belə yüksək qiymətlərini almaqdadır. Çünki ədalət çərçivəsində fəaliyyət göstərməyi hər şeydən üstün sayan beynəlxalq təşkilatlara belə çoxdan məlum olub ki, Qarabağ torpaqlarında insanlıq əleyhinə müxtəlif növ hərbi cinayətlər törədən daşnak vəhşi xislətliləri ədaləti anlamaz səviyyədədirlər!
Bütün bunlar və bu ciddi məsələ ətrafında baş verənlər, ölkə ictimaiyyətinin günü-gündən artan narahatlığının da əsas səbəbləridir. Belə görünür və belə də düşünürəm ki, fəallarımızın bu önəmli aksiyası, artıq, mövcud problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla — öz əsas işini görməklə, məqsədinə çatmaq üzrədir. Vətəndaş cəmiyyətinin nümayəndələri separatçıları və separatizmi dəstəkləyənləri bir daha başa sala bilib ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və həmin ərazidə, dövlət suverenliyimizi, tezliklə, tam olaraq bərpa edəcəyik. Bir də ki, Laçın yolu aksiyaçılarının möhkəm dirənişlərindən sonra, indi, hökumət də, cəsarətli qərarları ilə öz işini görə bilir.
Xüsusi olaraq, həmişə, onu da qeyd etmişəm ki, Azərbaycan sakit şəkildə, şərtlərimizin qəbul edilmədiyi halda dinc etiraz aksiyasından imtina edərsə, separatçılar bundan sonra daha böyük dirəniş, müqavimət göstərəcəklər. Əksər siyasətçilərimizin də dediyi kimi, nəzərə almaq lazımdır ki, dayanmağa, dincəlməyə haqqımız yoxdur və fasilə vermək günah sayılar. İnşaallah, heç şübhəsiz, bu əziyyətin bəhrəsini də, tezliklə görəcəyik!”.
Söhbətimizin bu yerində, xüsusi bir intonasiya ilə: “Eşq olsun, Azərbaycanın belə vətənpərvər övladlarına!” — deyərək, Sübut Əsədov onu da bildirdi ki, rəhbəri olduğu Azərbaycan Respublikaçılar Partiyasının çoxsaylı üzvləri, Laçın yolu akçıyaçılarına hərtərəfli dəstək vermək üçün, həmişə hazır vəziyyətdə dururlar: “Konkret desək, bizim partiyanın üzvləri də fəaldırlar, yeri gələndə, bu aksiya ilə bağlı, öz tələblərini istədikləri lazımi ünvanlara çatdırır, etirazçılara dəstəklərini müxtəlif siyasi üsul və vasitələrlə nümayiş etdirirlər. Lazım gəlsə, aksiya keçirilən yerə getməyə də hazırdırlar. İştirakçısı olsaq, bizim də, bu aksiyadakı əsas məramımız, sözsüz ki, dövlətçiliyimizə xidmət edəcək. Ən əsası odur ki, Azərbaycan vətənpərvərlərinin əli yalın etiraz aksiyasını, onlarla birlikdə, dövlət bayrağımızla, milli yönümlü şüarlarla həyata keçirmək, bizim partiyanın üzvlərinə də, xüsusi bir ruh verəcək!
Vətəndaş cəmiyyətinin, ekofəalların və könüllülərin sutkalar ərzində haqqa söykənən etirazları, həm də doğma Vətənə, xalqa və dövlətə sədaqətlə xidmətin vəhdətini açıq sezdirir. Hiyləgər və mənfur düşmən isə, buna dözməyərək, müxtəlif, hər cür iyrənc üsullardan istifadə etməklə, bu önəmli tədbirə ləkə vurmaqda maraqlı olduğunu açıq-aşkar ortaya qoyur. Buna baxmayaraq, aksiya iştirakçıları, yenə də, Böyük Allaha və ədalətə inanaraq, yüksək dözüm nümayiş etdirirlər! Yaxşı görürlər ki, Vətən Müharibəsində “Dəmir yumruq”umuzun dadını görən bu dığalar, indi də, onların nümayiş etdirdikləri belə bir dözüm qarşısında acizdirlər. Üstəlik, bunun müqabilində, düşməni didə biləcək gücə malik olduğumuzun da şahidi olurlar. Bu yüksək dözüm nümunəsi, həm də Azərbaycan dövlətinin regionda sülh istəyində olmasının daha bir sübutudur”.
Sonda, bir daha xatırlatmaq istəyirik ki, ötən ilin dekabr ayının 3-də və 7-də, Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Elə, partiya sədri Sübut Əsədovun da dediyi kimi, bu da nəticəsi: “İndi vətənpərvər azərbaycanlı fəallar meydandadır! Və düşmənə də, artıq, coxdan məlumdur ki, qətiyyətli, əzmkar və mətanətli Azərbaycan övladları tezliklə öz məqsədlərinə çatacaqlar, İnşəallah!”.
Rüfət RƏHMANOĞLU,
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.