Vuqar Bayramov 01

Bu il ilk dəfə olaraq, pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də, əlavə edilərək ödəniləcək.
araz.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bu il pensiyaçılara yardımın aylıq, yoxsa rüblük ödəniləcək sualına belə cavab verib: “Bu aydan pensiya məbləğinə hesablanan 16,7 manat əvvəlki ildə verilən yardımın 2023-cü ildən pensiya məbləğlərinə əlavə olunmasıdır. Belə ki, “Əmək Pensiyası” haqqında qanuna bu ildən edilən dəyişikliklərə əsasən yardımlar pensiya məbləğinə əlavə olunaraq hər il indeksasiya olunacaq. Bu ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara ödənilən illik 200 manat yardımın artıq bu ildən aylıq ödənişlərə əlavə olunmasıdır. Yəni, məbləğindən asılı olmayaraq pensiya alan vətəndaşımıza 2022-ci ildə rüblük 50, illik 200 manat yardım ödənilib. Bu aylıq 16,7 manat deməkdir (200 manat/12 ay=16,7 manat). Bu isə o deməkdir ki, 16,7 manat məhz ötən ilki yardım artıq aylıq məbləğə əlavə olunmasıdır. Bu baxımdan, artıq, yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda, 300 manat pensiyaya alan vətəndaşımıza yanvar ayında 316,7 manat ödəniləcək. Amma bu indeksiyaya olunaraq artırılmış məbləğ deyil. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir”.

Deputat: “Yardıma görə, əlavə hər ayın pensiyasında nəzərə alınacaqmı?” — sualına cavab olaraq bildirib ki, bu yardım artıq pensiya məbləğinin bir hissəsi olur: “Yəni, 300 manat pensiya alan vətəndaşın pensiyası indi 316,7 manatdır. Bu isə aylıq pensiya məbləğidir. Amma heç də bu ay üçün yeganə artım deyil”.

Vuqar Bayramov onu da qeyd edib ki, ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı, əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb: “Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda, bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq. Birinci artım yanvarın 18-dən verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da, məhz, o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək”.

Deputatın dediyinə görə, yardımın pensiyaya əlavə olunan məbləği isə, artıq bu aydan ödəniləcək. Bu, o deməkdir ki, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316,7 manat, fevral ayında 411,7 manat, mart ayından etibarən isə, 364,2 manat alacaq.

“Bir daha qeyd etmək istərdim ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər. Amma ümumi mexanizm artıq təsdiq edilib. Bununla belə, indeksasiya faizində qeyd etdiyimz rəqəmlə müqayisədə, ciddi dəyişiklik gözlənilmir”, — deyə deputat əlavə edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.