dirrekk25012023.jpg

“Elxan Nəcəfovun mafioz direktoru dəstəkləməsi dözülməz haldır!” — EKSPERT

“Təhsil Araşdırmalar Mərkəzi”ndən araz.az-a, Astara rayonundan həyəcan doğuran xəbər daxil olub. Belə ki, məktəblərdən birinin direktoru, müəllimlərdən birinə qarşı fiziki hücum edib, daha dəqiq desək, STOL ATIB! Söhbət, Burzubənd kənd tam orta məktəbinin qalmaqallı direktoru Turan Rəfiyevdən gedir. Hücuma məruz qalan isə, məktəbin biologiya müəllimi Vidadi Əmirovdur.

Xəbərə görə, hadisə belə baş verib: Direktorun qanunazidd və biabırçı əməllərindən edilən çoxsaylı şikayətlərdən sonra, məktəbə, Təhsil İdarəsindən nümayəndələr gəlib. Vəziyyəti müzakirə etmək üçün, müəllimlərə söz verilən zaman, “paxırlarının üstünün açılmasına” dözməyən dəliqanlı direktor, müəllimi ağır söyüşlərlə təhqir edib, lakin ürəyi soyumayıb. Bu azmış kimi, onun üzərinə hücuma keçib və stol atıb! Xoşbəxtlikdən ciddi fiziki xəsarət almayan yaşlı müəllim, sarsıntı keçirsə də, soyuqqanlılığını itirməyib.

Xəbərdə qeyd olunur ki, bu hadisə barədə “Təhsil Araşdırmalar Mərkəzi”nə danışan zərərçəkən Vidadi Əmirov, məktəbdə baş verən özbaşınalıqlardan müəllimlərin və şagirdlərin cana gəldiyini və buna görə də, etiraz haqqından istifadə etdiklərini bildirdi: “Nəticədə, problemlərin həll olunması əvəzinə, direktor Turan Rəfiyevin söyüşləri və fiziki hücumuyla “mükafatlandırıldıq”. Mən 39 ilin müəllimiyəm və Turan Rəfiyevə dərs demişəm, əlindən tutmuşam. Mənə: “Çox sağ ol!” — demək əvəzinə, üstümə hücum edir, öldürməyə cəhd edir…Guya, mən, ya da digər müəllimlər ölsək, yox olsaq, problemlər yoxa çıxacaq?!.”.

Lənkəran — Astara Regional Təhsil İdarəsi başda olmaqla, müvafiq qurumlardan reaksiya gözlədiklərini qeyd edən Vidadi müəllim, məsələ ilə bağlı müəllim heyətinin, Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfovla görüşdüyünü də əlavə edib: “Elxan müəllim, öncə, sübut və sənədləri görüb, direktorun işdən çıxarılması gərəkliyini bildirdi, biz müəllimlər də, sevindik ki, nəhayət, məktəbimiz ağ günə çıxır. Lakin, sevincimiz çox çəkmədi. Elxan Nəcəfov görüşdən bir-neçə gün sonra, qəribə şəkildə mövqeyini dəyişdirdi, direktoru dəstəkləməyə başladı…”.

Xəbərə görə, baş verən son dəhşətli olayla bağlı, Təhsil Araşdırmalar Mərkəzi rayonun gənc elm adamlarının iştirak etdiyi “Gənc Alimlər” təşkilatıyla da əlaqə saxlayıb. Burzubənd məktəbində olduqca dramatik hadisələrin baş verdiyini qeyd edən təhsil eksperti Emin Mirzəli bunları bildirib: “Sözügedən qəsd hadisəsindən yetərincə müddət keçsə də və Vidadi müəllim müxtəlif qurumlara şikayət etsə də, hələ ortada rəsmi yöndən bir reaksiya yoxdur. Təsəvvür edin, normalda küçədə kimsə kiməsə söyüş söysəydi, polis başda olmaqla, hamı tökülüşəcəkdi. Lakin ictimai yerdə, özü də, TƏLİM VƏ TƏHSİL MƏKANINDA belə bir quldurluq və qəsd hadisəsi baş verir, heç bir qurumdan “tık” yoxdur!

Sadəcə olaraq, dəhşətdir! Belə çıxır ki, Turan Rəfiyev Vidadi müəllimi öldürməliydi ki, hansısa ciddi tədbir görüləydi. Yaxud da, hadisəni müəllimlər kameraya çəkib, sosial şəbəkədə yaymalıydılar ki, Təhsil Nazirliyi reaksiya verəydi!

Fürsətdən istifadə edib, “Gənc Alimlər” təşkilatı olaraq, Astara İcra Hakimiyyətinə, DİN-ə, Baş Prokurorluğa, Həmkarlar İttifaqına və ən əsası da, Lənkəran — Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfova bir daha müraciət edirik; BU QƏSDƏ, BU DƏHŞƏTLƏRƏ DƏRHAL MÜNASİBƏT BİLDİRİN, ƏKS HALDA, SABAH O MÜƏLLİM, YA DA BAŞQA BİR MÜƏLLİM DİREKTOR TƏRƏFİNDƏN ÖLDÜRÜLƏ BİLƏR!”.

Bu ciddi məsələyə, medianın və jurnalistlərin bundan sonra reaksiya verəcəyinə inandığını qeyd edən gənc alim, bu hadisənin, “regional”ın rəhbəri Elxan Nəcəfov üçün, səmimiyyət testi olduğunu bildirdi: “Düşünürük ki, Elxan müəllim, savadlı, intellektli bir insan olaraq, öncəki savadsız müdirin səhvlərindən ibrət almalıdır. Lakin fakt budur ki, Turan Rəfiyev məktəbi şəxsi obyektinə çevirməsinə, öz müəlliminə qəsd etməsinə baxmayaraq, hələ də, o, məktəbin rəhbəridir…”.

Xəbərin sonunda o da bildirilir ki, adını yuxarıda çəkilən təşkilatdan, bu hadisə ilə bağlı, Lənkəran — Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfovla əlaqə saxlamağa çalışsalar da, o, təəssüf ki, münasibət bildirməkdən boyun qaçırıb…

araz.az xəbər portalı.

P.S. Bəli, sözün bitdiyi yerdəyik. Hücuma məruz qalan Vidadi Əmirov, vaxtilə, elə, Turan Rəfiyevin özünün də əlindən tutub, onun müəllimi olub. Öz müəllimini təhqir etmək və üzərinə hücum etmək!.. Bu isə, necə deyərlər, ustadına kəm baxmaq deməkdir. Bir el məsəlində deyildiyi kimi: “Ustadına kəm baxanın, gözünə qan damar!”.

Əgər, bir insan öz müəlliminə əl qaldırırsa, deməli, onun üçün müqəddəs heç nə yoxdur, o, hər şeyi edə bilər…

araz.az xəbər portalı.