Elə ki, Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişir və bu ölüm hadisəsindən təqribən 5-6 gün keçir, o halda vüsəti əldən verməyən Şamaxı RİH Aparatının əməkdaşları, səkkiz il öncə həmin evdən çıxarılmış ailəni gecə saatlarında təkrar həmin evə köçürürlər
Ötən ilin təqribən iyun ayında Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlu (Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişib. Allah rəhmət eləsin!) redaksiyamıza təqdim etdiyi müraciətində, həmçinin əməkdaşlarımıza verdiyi video-müsahibəsində 2014-cü ildən ailəlikcə üz-üzə qaldıqları problemlərin varlığından bəhs edib, bir çox vəzifə sahiblərini qol qoyduqları qanunsuzluq əməllərinə görə də ittiham etmişdi. Yəni, mərhum Yadigar Rəcəbov qeyd etmişdi ki, “2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verdi və hadisə nəticəsində 62 ailəyə məxsus fərdi yaşayış evi, həmçinin həyətyanı torpaq sahəsi müəyyən qədər yararsız vəziyyətə düşdü. Hadisə baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Muğanlı kəndində oldular və onlar 47 ailəyə məxsus fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsini müəyyən edib, bununla bağlı akt da tərtib etdilər. Adları çəkilən bu qurum əməkdaşlarının tərtib etdikləri akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi üçün, “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirildi və hər ailəyə aid məlumatlar, məhz aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olundu. Evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrlə bağlı tərtib olunmuş ilkin siyahıda bizim ailənin üzvləri (7 nəfər olmaqla) 46-cı sırada idik. Çox keçmədi ki, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirildi və evlər 2014-cü ildə zərərçəkən ailələrə verildi”.
Baş verənlər haqda müəyyən məlumatları redaksiyamıza çatdıran Yadigar Rəcəbovun övladları isə bildirirlər ki, “Evlər zərərçəkən ailələrə paylanarkən Şamaxı RİH Aparatından atamız Yadigar Rəcəbova da zəng edirlər və atamızdan qeyd olunan əraziyə getməsi xahiş olunur. Telefon zəngindən sonra atamız teztələsik həmin əraziyə gedir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən, Şamaxı RİH Aparatının əməkdaşı tərtib olunmuş siyahıda olan şəxslərin adlarını birbir çəkir. Yəni, həmin siyahı üzrə atamızın da adını çəkir, o halda evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə dünyasını dəyişib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin gözləri önündə “Evlər o siyahı üzrə deyil, məndəki siyahı üzrə paylanacaq” deyir. Bəli, əslində bu belə də olur. Yəni, atamız 2014-cü ildə Şamaxı RİH Aparatında vəzifə sahibi olan və evlərin paylanması işlərinə cavabdehlik daşıyan şəxslərin “bığının altından” keçmədiyi üçün, həmin vaxt bizim ailə üzvlərinin adları ilkin siyahıdan çıxarılır”.
Bəli, biz bir media qurumu olaraq 2014-cü ildən indiyə kimi Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə yaşanan problemi bir neçə dəfə ictimailəşdirmişik, hətta aidiyyatı üzrə dövlət qurumlarına rəsmi məktublar da göndərmişik və problemin əmələ gəlməsi səbəblərini tam çılpaqlığı ilə geniş ictimaiyyətin diqqətinə də çatdırmışıq. Çox təəssüflər olsun ki,
əsas işi PA-dan, NK-dən, hətta Nazirliyin özündən göndərilən məktublara şablom xarakterli, başdansovdu cavablar verməklə məşğul olan FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Məmmədovun rəhbərlik etdiyi bu dövlət qurumu, problemin aradan qaldırılması yöndə hələ də hansısa ciddi addımlarını atmayıblar, yaxud da atmaq istəməyiblər.
Elə ki, problemin mahiyyəti ilə bağlı xəbər portallarında, yaxud da digər media qurumlarında tənqidi məqalələr yayımlanır, o halda sanki FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin atdığı addımları özlərinə örnək bilən Şamaxı RİH-nin əməkdaşları Facebook səhifəmizə ya “Hörmətli vətəndaş, bildiririk ki, qeyd edilən məsələ ilə əlaqədar vətəndaşın çoxsaylı müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuşdur”, ya da ki, “2012-ci ilin mart ayında Şamaxı rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Muğanlı kəndində 62 ailənin yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşmüşdür. Dövlət tərəfindən aidiyyatı mərkəzi icra Hakimiyyəti Orqanları nümayəndələrinin iştirakı ilə yaradılan komissiyanın rəyinə əsasən sürüşmə zonasında qəzalı vəziyyətdə olan yaşayış evləri (47 ailə) təhlükəsiz ərazidə yeni yaşayış evləri ilə əvəz olunmuşdur. Evlər paylanana qədər vətəndaş Rəcəbov Yadigar Ağadadaş oğluna məxsus fərdi yaşayış evi haqqında Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən akt tərtib edilməmişdir. Akt tərtib edilmədiyindən ilkin siyahılarda adı olduğuna baxmayaraq sonradan siyahılardan çıxarılmışdır. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə Yadigar Rəcəbovun fərdi yaşayış evinə vizual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. (Akt tərtib olunan tarixə qədər həmin sahədə olan evlərin əvəzinə tikilmiş evlər vətəndaşlara paylanmışdır.) Həmin aktda torpaq sürüşməsi nəticəsində vətəndaşın fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Torpaq sürüşməsi nəticəsində yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Həmçinin bildiririk ki, qeyd edilən məsələ ilə əlaqədar vətəndaşın çoxsaylı müraciətlərini nəzərə alaraq rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuşdur” deyə cavab yazırlar. Əslində bu cür cavabların verilməsi, sanki oyun oynamaqdan başqa bir şey deyil. RİH tərəfindən verilən belə bir cavablardan sonra ortaya bir neçə sual çıxır. Axı, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verib? Hansı səbəbdən həmin vaxtlarda Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilir və evlərin qəzalı vəziyyətə düşməsi ilə bağlı akt da tərtib olunur?. Hətta, həmin ailələr 2014-cü ildə yeni inşa olunmuş evlə də təmin olunurlar. Amma, Yadigar Rəcəbovun ailə üzvlərinin yaşadıqları evə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixə saxlanır? Digər tərəfdən sual oluna bilər ki, 2014-cü ilin mart ayında Muğanlı kəndi ərazisində hansı fövqəladə hadisə baş verir ki, Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə Yadigar Rəcəbovun ailə üzvlərinə məxsus evə vizual texniki baxış keçirirlər, evin qəzalı vəziyyətdə olduğunu müəyyən edib, bununla bağlı akt da tərtib edirlər? Yəni, yaxşı olar ki, Şamaxı RİH Aparatında çalışan vəzifə sahibləri ünvanladığımız bu kimi suallara aydınlıq gətirsinlər. Əgər bu suallar Şamaxı RİH Aparatında çalışan vəzifə sahibləri tərəfindən ətraflı şəkildə cavablandırılmazsa, o halda bu qurumun böyük günah sahibi olduğu ortaya çıxacaq.
Onu da qeyd edək ki, Muğanlı kəndində baş verən torpaq sürüşməsi hadisəsindən sonra, büdcə vəsaitiləri hesabına inşa olunan evlər 2014-cü ildə zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovun 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, sonda Şamaxı RİH-nin əməkdaşları bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz hansısa maraqlar əsasında başqa bir ailəyə verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailə, üç gündən sonra Şamaxı RİH Aparatı əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən səkkiz il ərzində boş qalır. Elə ki, Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişir və bu ölüm hadisəsindən təqribən 5-6 gün keçir, o halda vüsəti əldən verməyən Şamaxı RİH Aparatının əməkdaşları, səkkiz il öncə həmin evdən çıxarılmış ailəni gecə saatlarında təkrar həmin evə köçürürlər. O halda sual oluna bilər ki, əgər inşa olunmuş ev 2014-cü ildə həmin ailəyə verilməli idisə, üç gündən sonra həmin ailə evdən niyə çıxarılır? Yaxud da, ev ötən səkkiz ildə niyə boş qalmalı idi? Deməli, bütün bu kimi olayların kökündə Şamaxı RİH Aparatı əməkdaşlarının oyun qaydaları əsas rol oynayıb.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.