Maliyye-Bazarlarin0nezaret.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dayandırıla bilər.

Bu haqda Oxu.Az-a açıqlama verən adının açıqlanmasını istəməyən məlumatlı mənbənin sözlərinə görə, artıq sözügedən qurumun fəaliyyəti iflic vəziyyətindədir, onlardan bütün dairələrdə ciddi narazılıqlar var.

“2015-ci ilin sarsıdıcı iki devalvasiyasından sonra hamı Maliyyə Bazarlarına Nəzarət Palatasına gözlərini dikmişdi.

Yəni, belə bir qurumun yaranması ilə ölkədə maliyyə-bank sektorunda əmələ gələn problemlərin həlli yönündə ciddi addımların atılacağı düşünülür və gözlənilirdi.

Hamı ümid edirdi ki, yeni yaranan qurum həm bankların sağlamlaşdırılmasında, həm də kreditlərlə bağlı ciddi problemlər yaşayan insanların düşdüyü ağır durumun aradan qaldırılmasında böyük rol oynayacaq.

Ancaq çox təəssüflər olsun ki, bu qurum ona olan etimadı doğrultmadı, əksinə, hamıda özünə qarşı bir qıcıq, etiraz, xəyal qırığlığı yaratdı. Bu qurum bank sektorundakı vəziyyəti düzəltmək, onu sağlamlaşdırmaq, insanların banklarla yaranmış problemlərini həll etmək əvəzinə, durumu daha da çıxılmaz hala saldı.

Bir çox bankları əsaslı-əsassız ləğv etdi, lisenziyasını dayandırdı. Artıq bu qurum intriqaların baş aldığı bir quruma çevrilib, iflic vəziyyətindəndir. Ondan həm cəmiyyət, həm banklar, həm dövlət çox narazıdır.

Artıq yuxarı dairələrdə bu qurum haqqında mənfi fikir formalaşıb, ölkə parlamenti, millət vəkilləri də bu qurumdan çox narazıdır və bu gedişlə həmin Palatanın fəaliyyətinin dayandırılması gözlənilir.

İndi olmasa da, yaxın gələcəkdə belə bir məsələnin baş verəcəyi istisna olunmur.

Artıq bu barədə qərar verilmək üzrədir”-deyə, mənbə sözlərinə əlavə edib.

K.HƏMİDLİ
www.oxu.az

araz.az xəbər portalı.