Uzun illərdir ki, qəzalı vəziyyətdə olan 147 nömrəli Texniki-Humanitar Liseyin təmirinə artıq Bakı şəhər Təhsil İdarəsi tərəfindən qərar verilib.
araz.az cebheinfo.az-a istinadən xəbər verir ki, təmir müddətində təhsil ocağının kollektivinin yaxınlıqda yerləşən 56 nömrəli orta məktəbə yerləşdirilməsi deyilsə də, bir neçə gün öncə qərar dəyişdirilərək məsafəcə orta məktəbin indi yerləşdiyi ərazidən çox uzaqda yerləşən 173 nömrəli orta məktəbə köçürülməsi qərara alınıb.
Üstəlik yeni məktəbin hazırda olduğu ərazidə tikilməyəcəyi məlum olub. Məktəbin taleyinin necə olacağı ilə bağlı valideynlər artıq narahat olmağa başlayıblar.
Belə ki, 147 saylı Texniki-Humanitar Liseydə Elm və Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş qaydada keçirdiyi imtahanla siniflər formalaşdırılır. Yəni burada nəinki yaxınlıqda yaşayan şagirdlər, paytaxtın müxtəlif istiqamətlərində yaşayan şagirdlər test yolu ilə müəyyən olunan keçid balını toplayaraq təhsil alırlar.
Təbii olaraq da tədris ilinin ikinci yarıda olmasını göz önünə alsaq, şagirdlərin yolu həm uzanır, həm də çətinləşir. Bu da valideynlərin haqlı narazılığına səbəb olur.
Valideyn Səbinə Ağasıyeva Cebhe.info-ya deyib ki, təklif olunan məktəb çox uzaqda yerləşir:
“Bu, bizi razı salmır. İndiki məktəbimizin yaxınlığında bir yer istəyirik. Bizim istədiyimiz budur. Çünki hərə bir yerdən gəlir. Hər kəsə əlverişli olmaldır ki, uşaqlarımız təhsildən geri qalmasınlar”.
Tatyana Yeşil adlı valideynin sözlərinə görə, övladı imtahan yolu ilə liseyə daxil olub:
“Burada təhsil daha çətindir. Hər uşaq bunu qavraya bilmir. Ona görə də imtahanla seçilmiş uşaqlar bura daxil olur. Tədris ili davam edir. Oxuya-oxuya bizi Yasamala köçürürlər. Bu, heç cür bizə sərf etmir. Heç bir şeyə zaman çatdırmaq olmayacaq. Məktəbdən sonra uşağın başqa məşğuliyyətləri də var”.
Asimə Ələsgərov isə deyir ki, qeyri-rəsmi mənbələrdən məktəbin yerinin satıldığı deyilib:
“Burada tamamilə başqa obyekt tikiləcək. Bu, bizi çox narahat edir. Əgər başqa obyekt tikiləcəksə, bu, məqsədli şəkildə ediləcək. Uzaq yerə köçürürlər, valideynlər istər-istəməz uzaq yerə apara bilməyəcəklər. Övladlarını çıxaracaqlar və məktəb bağlanacaq. Yəni belə bir strategiya qurublar. Yox, əgər yenidən tikiləcəksə, layihəni bizə təqdim etsinlər, yaxın əraziyə köçürsünlər. Sentyabrda öz məktəbimizi istəyirik”.
Bir neçə gündür davam edən narazılığın nəticəsində ötən gün valideynlər Bakı Şəhəri üzrəTəhsil İdarəsində də olublar. Bu gün idarənin rəsmiləri məktəbdə olub, məsələyə baxılacağını bildiriblər. Lakin son qərarın nə olacağı bəlli deyil. Odur ki, valideynlər bütün imkanların nəzərə alınmasını tələb edirlər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.