ABŞ-da çirkli pulların yuyulmasına görə həbs edilən məşhur İranlı iş adamı Rza Zərrab hansısa şərtlər müqabilində zaminə buraxılsa da, onun Türkiyəyə qarşı alətə çevrilməsi, İranda və Azərbaycanda olan biznes şəbəkələri hələ də medianın gündəmindədir. Zərrabı Azərbaycanla bağlayan təkcə güneyli olması, Təbrizdə doğulması deyil, həm də ölkəmizdə olan və ona milyardlar qazandıran böyük şirkətləridir. O şirkətlər ki, bu gün İranla sıx bağlılıqda, molla rejiminə işləməkdə ittiham olunurlar. Zərrab həbs ediləndə də, həbsdə olduğu müddətdə də, elə indi də…

Zərrab əvvəllər qəzetlərin əyləncə bölmələrində tanınsa da, o, 2013-cü ildə nəhəng korrupsiya qalmaqalı ərəfəsində həbsilə daha da məhşurlaşdı.

araz.az publika.az-a istinadən  xəbər verir ki, Rza Zərrabın Azərbaycandakı şirkətlərini və onların “fəaliyyətlərini” təqdim etməzdən əvvəl iş adamının həbs olunma səbəblərinə, müsadirə olunan şirkətlərinə diqqət yetirək.

O, ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozmaqda, qeyri-leqal pulyuma əməliyyatları təşkil etməkdə güanhlandırılıb. Lakin Zərrab istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyəli bəzi nazirlərlə rüşvət qarşılığında anlaşdığını iddia edib. Bu da onu göstərir ki, o, elə əvvəlcədən ABŞ-da FETÖ-nü idarə edən çevrələrə bağlı olub. Zərrabın hay-küylü həbsində əsas məqsəd də ictimai rəyə onun Türkiyə hökumətinə bağlı, məxfi məlumatları bilən biri kimi sırımaqdı. Buna nail olduqdan sonra Zərrabı müttəhimdən şahidə çeviriblər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldırıb, onun bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərrabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib.

Onlardan biri də “NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Mohaghegh Eromidir. “NAB Holding”ə Nadir Mohaghegh Eromi, Bəhram Mohaghegh Eromi və Şahram Mohaghegh Eromi tərəfindən nəzarət edilir.

Şirkət Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir, fəaliyyətində şübhəli məqamların olduğundan bəhs edilir. “NAB Holding” adı azərbaycanlılara bir qədər yad olsa da, ora daxil olan şirkətlər, əminik ki, hər kəsə tanışdır. 1988-ci ildə yaradılan holdinq 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq”-dir. Türkiyənin “İlgazetesi” nəşri “NAB Holdinq”-in Azərbaycanda fəaliyyət göstərən və adlarını qeyd etdiyimiz bu şirkətlərin səhmdarı olduğunu yazıb.

Ölkəmizə, onun zəif, böhranlı vaxtlarında – 1994-cü ildə gələn və bu günədək milyonlar qazanan “Baku Electronics” hazırda respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir. Hətta iddia olunur ki, şirkət xarici ölkələrin kəşfiyyat orqanları ilə birgə çalışıb. Son günlər İranda baş verən olaylardan sonra möhkəm təşviş içərisində olduqları da qeyd olunur. Bir sözlə, onların təkcə biznes qurumları olmadığı söylənilir.

Bank fırıldaqçılığında ittiham olunan Rza Zərrab işini əvvəldən bildiyi üçün Azərbaycandakı şirkəti olan “Baku Electronics”i bacısının və onun həyat yoldaşının adına sənədləşdirib. Amma son günlər İranda ölkəmiz əleyhinə baş verənlər “Baku Electronics”-də ciddi təlaş yaradıb.

Eromi ailəsinin – Nadir, Şahram, Bəhram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adları şirkətin rəsmi sənədlərində də yer almaqdadır.

“NAB Holdinq” şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulun Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir. Ancaq buna rəğmən Eromi qardaşları bu ölkədə hansı sahədə fəaliyyət göstərdiklərini qabartmağa çalışmırlar. Bunu “NAB Holdinq”-in rəsmi veb-saytı olan “www.nab.com.tr”də yerləşdirilən məlumatlardan da görmək mümkündür. Saytda yer alan məlumatlardan belə başa düşülür ki, şirkətin fəaliyyəti tamamilə Azərbaycanla bağlıdır. Şübhəsiz ki, “NAB Holdinq”ın Azərbaycandakı əsas fəaliyyəti “Bank of Baku” və “Baku Electronics”-lə bağlıdır. 1994-cü ildən fəaliyyət göstərən “Bank of Baku”da “NAB Holdinq”-in əsas ortaqları keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev olub. Fərhad və Rafiq Əliyev qardaşları 2005-ci ildə ağır ittihamlarla həbs olunsalar da, holdinq öz fəaliyyətini davam etdirib. Elə bu səbəbdən də “NAB Holdinq”-in arxasında daha böyük güclərin dayandığı söylənilir.

“NAB Holdinq”-in “Buta Sığorta”-nı ləğv etməsi, “Bank of Baku”-dakı payının bir hissəsini satmasından sonra bütün diqqətlər holdinqin sahib olduğu əsas şirkətə – “Baku Electronics”-ə yönəlib. Pərakəndə satış sektorunda fəaliyyət göstərən “Baku Electronics” isə “Samsung”, “Sony”, “Huawei”, “Xiaomi”, “Rowenta”, “Panasonic”, “HP”, “Acer”, “Philips”, “Lenovo”, “Kenwood”, “Braun”, “Delonghi”, “Bosch”, “Tefal”, “Canon” kimi tanınmış markaların ölkəmizdəki rəsmi təmsilçisidir.

“Baku Electronics” ölkənin ən böyük texnoloji və məişət avadanlıqlarının satışını həyata keçirən şirkət olmaqla yanaşı, həm də məhkəmə qalmaqalları, tez-tez müştəri hüquqlarını pozan, keyfiyyətsiz və saxta məhsullar satan şirkət kimi də “məşhurdur”.

Hələ 2018-ci ildə Zərrabın Azərbaycanda olan biznes şəbəkələrinə əl qoyulacağı ilə bağlı xəbər yayılmışdı. Lakin “Habertürk” qəzetinin müxbiri Vəli Sarıboğanın yazdığına görə, holdinqin icraçı direktoru Omid Mohaghegh Eromi bildirib ki, şirkətin Zərrabla heç bir ticari bağlılığı yoxdur: “Yanlış anlaşılma var. Mənim və şirkətimizin Zərrabla heç bir ticari əlaqəmiz yoxdur. Mən onu son on ildə bir-iki dəfə görmüşəm. Bu görüşlər dəvətnamələrdəki görüşlər şəklində idi. Onunla nə işgüzar münasibətimiz var, nə də səmimiyyətimiz”.

Eromi ailəsi Rza Zərrabla heç bir biznes əlaqələrinin olmadığını bildirsə də, Türkiyə mətbuatı yazır ki, Zərrab, bacısı Şeyda Eromi (Bəhram Erominin həyat yoldaşı) ilə birgə 2013-cü ildə “Arkla Otelcilik ve Turizm A” adlı şirkət qurub. 135 milyon lirə sərmayə yatırılan bu şirkət, Zərrab ABŞ-a getməzdən əvvəl bacısının, daha sonra isə digər qardaşı Can Zərrabın adına rəsmiləşdirilib.

İran əsilli azərbaycanlılar olan Eromi qardaşlarının Azərbaycandakı biznesinə dair ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi.

Həmin teleqramı 2011-ci ilin yayında “WikiLeaks” yayıb. Sənəddə bildirilirdi ki, Eromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.

Diplomat məktubunda Rza Zərrabın bacısının əri – “Baku Electronics”-in hissə sahiblərindən biri Şəhram Eromi haqqında daha geniş məlumat verir: “O, İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhram 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var. Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Erominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.

Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı – Cəmşid (“Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir. Cəmşid Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir. O və qardaşları Türkiyə vətəndaşlığı alıb: “Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Eromi qardaşlarının adları yer alır. Mahmudoğlunun oğlu İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir”.

Adı çəkilən şəxslər “Baku Electronics” şirkəti ilə ortaqdır. Şəhram Eromi həm də İranın Bakdakı keçmiş səfiri Əhəd Qəzayinin yaxın dostudur.

Bütün bunlar isə onu deməyə əsas verir ki, bu şəxslər təkcə Azərbaycanda şirkət qurub milyardlar əldə etmir, həm də İrana milyardlar ötürür, bu milyardları qazandıqları ölkədən məlumatlar çatdırır, casusluq edirlər.

araz.az xəbər portalı.