Zəngəzur dəhlizinin region üçün böyük əhəmiyyəti var. Ermənilər isə müxtəlif yollarla dəhlizin açılmasına mane olmağa çalışırlar. Artıq uzun müddətdir koridorun açılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Zəngəzur dəhlizi açılacaqmı? Bu zaman İran prosesə mane ola bilərmi?
araz.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Zəngəzur dəhlizinin açılmasından başqa alternativ yoxdur:
Tofiq Abbasov
“Prezident İlham Əliyev demişkən, Zəngəzur dəhlizi onsuzda açılacaq və onun bölgədə yeri var. Çünki üç onillikdir ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində bölgəmizdə dözülməz vəziyyət yaranıb və kommunikasiyalar hamısı blokadaya alınıb.
Təbii ki, burada Ermənistan həmişə bütün tərəfləri bir-birinə qarşı salmağa çalışıb ki, müharibə şəraitini hər zaman qüvvədə saxlasın və nifrət, kin-küdurət hər şeydən üstün olsun. Çünki Ermənistanın Konstitusiyasında Azərbaycan və Türkiyə birmənalı şəkildə düşmən dövlətləri kimi yer alıblar.
Biz həmişə Ermənistanın qeyri-sağlam mövqedən çıxış etməsinin şahidi oluruq. Məsələnin qəribə tərəfi də odur ki, onlar öz mövqelərini dəyişmək istəmirlər. Sırf öz milli prizmalarından çıxış edərək, dünya birliyində olan qüvvələri, xalqları, etnosları və vətəndaşları “bizimkilər və özgələr” qruplarına bölürlər. Azərbaycan və Türkiyəni nifrət obyektinə çevirməyə çalışırlar.
Zəngəzur dəhlizi transkontinental kommunikasiya xəttidir və bütün xalqlara yalnız köməyi olacaq. Bir çox, hətta Azərbaycanın iştirak etmədiyi beynəlxalq tədbirlərdə belə Zəngəzur dəhlizinin adı sadalanır. Bildirilir ki, bu Avropa və Asiya arasında mühüm birləşdirici rol oynaya biləcək layihədir. İndi Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli formatda razılığa gəliblər ki, bu dəhlizin xüsusi əhəmiyyəti var və mütləq şəkildə tez bir zamanda ideadan reallığa çevrilməsi üçün işlər aparılmalıdır.
Proseslə bağlı müxtəlif yanaşmalar var. İranı qıcıqlandıran odur ki, bəzi ölkələr dəhlizin eksteritorial olmasını təkidlə tələb edirlər. Yəni Ermənistanın ərazisindən keçəcəksə, ermənilərin o dəhlizə heç bir aidiyyatı olmayacaq. Ona görə də İran çox səs-küylü kampaniya aparır ki, güya biz Ermənistanla yerüstü sərhədimizi itirmək istəmirik. Əgər belə bir dəhliz olarsa, niyə Ermənistanla İranın sərhəddi itsin? Hər bir vəziyyətdən çıxış yolları var”.
T.Abbasov bildirib ki, bu gün Zəngəzur dəhlizi ilə bağlı formalaşan qeyri-müəyyən vəziyyət bitəcək:
“Digər tərəfdən bu eksteritorial olmaya da bilər. Biz o yolu çəkirik, çəkəcəyik də. Buna heç kəsin şübhəsi olmasın. Zəngəzur dəhlizi ilə bağlı indi qeyri-müəyyən, hətta bəzi hallarda dumanlı bir vəziyyət formalaşır, ancaq bu vəziyyət bitəcək. Çünki istənilən halda bu layihənin əleyhdarları anlayacaqlar ki, onların təlaşı, səs-küylü kampaniyaları həvəs idi. Amma tərəfdarların məsələyə münasibəti isə müsbətdir. Sağlam qüvvələr heç vaxt yeni kommunikasiyalardan çəkinmirlər. Əksinə onlar kommunikasiyaların xalqları bir-birilə birləşdirdiyini, qarşılıqlı ticarət proseslərini təmin etdiyini anlayırlar.
Qorxan tərəflər isə daim özlərinə qarşı başqalarından zərbə gözləyirlər. Bu şübhə yaratma ənənəsi ermənilərə xasdır. Ancaq Azərbaycan xalqı hər zaman sağlam dəyərlər və vəziyyət arzusunda olub, belə bir şəraitin bölgədə formalaşması üçün də əlindən gələni edir. Əminəm ki, Zəngəzur dəhlizi açılacaq. Bu gün dəhlizin açılmasını istəməyənlər isə özləri yanıldıqlarını etiraf edəcəklər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.