cek 300x169

Bu gün Azərbaycan vətəndaşının sosial-iqtisadi durumu hər kəsi düşündürən məsələlərdən birinə çevrilib. Vətəndaşların sosial rifahı üçün bir sıra addımlar atılsa da, bəzi məsələlər hələ də cavabsız suallar altındadır. araz.az interpress.az-a istinadən  xəbər verir ki, bu məsələlərdən biri də özəlləşdirmə çeki sahiblərinin uzun illərdir yaşadığı çətinlik və haqqlarının bərpa olunacağı tarixin naməlum olmasıdır. Təəssüf ki, o vaxtı qanunla ölkə vətəndaşlarına paylanan vauçerlərin bu gün istifadəsinə imkan yaradılmır. Bu isə yüz minlərlə vətəndaşın sahib olduğu şansdan yararlanmasına əngəl törətməkdə davam edir.

Qeyd edək ki, Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə isə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatı isə BURADAN əldə edə bilərsiniz:

https://interpress.az/?s=%C3%96z%C9%99ll%C9%99%C5%9Fdirm%C9%99+%C3%A7ekl%C9%99ri

Mövzu ilə bağlı Azərbaycan Bütövlük Platformasının (ABP) sədri Bəhrəm İsmayılov İnterpress.az-a açıqlamasında bildirib ki, vətəndaşların çeklərdən istifadəsinin qarşısını kəsən məmur özbaşınalığıdır:

“Azərbaycanda insanların iqtisadi problemlərini özəlləşdirmə çekləri ilə qismən həll etmək mümkün ola bilərdi. Halbuki 90-cı illərdə verilən çeklər elə o vaxtı qara bazarda ucuz qiymətə satıldı. Bu gün də 85-90 manata qara bazarda satışa çıxaranlar var. Bu vəziyyətin qarşısını almaq üçün ölkədə tüğyan edən rüşvətin, ən əsası monopoliyanın ən azı zəiflədilməsi lazımdır. İnsanlara özlərinin çalışıb qazanması və haqqlarının bərpası üçün şərait yaradılmalıdır. Azad iqtisadi rəqabətlə bağlı Milli Məclisdə illərdir yatıb qalan qanun qəbul olunmalıdır.

Ölkədə məmur-oliqarx sistemini milli burjuaziya əvəzləməlidir. Təsəvvür edin ki, məmur-oliqarxları milyardlara sahib olan bir ölkədə rəsmi olaraq 1 milyoner belə yoxdur.
Azərbaycan insanının tam haqq etdiyi yüksək sosial təminatı üçün ölkə korrupsiya işğalından azad edilməlidir. Əks halda iqtisadi məngənədə sıxılıb qalan insanımızı xilas edə bilməyəcəyik. Bununla yanaşı, özəlləşdirmə çekləri ilə bağlı vətəndaşları narahat edən problemə göz yumulmaqda davam edəcək”.

Milli Məclisinin sabiq deputatı Gülər Əhmədova isə öz növbəsində qeyd edib ki, vauçerlərlə bağlı problem bu il öz həllini tapmalıdır:

“O vaxtı əllərində çekləri qalan vətəndaşlara çox böyük haqsızlıqların edilməsi hər kəsə məlumdur. İndiki məqamda “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsindəki boşluqların və Konstitusiyaya zidd maddələrin tətbiqinin qarşısı alınmalıdır. Özəlləşdirmə çekləri bu gün də qiymətli dövlət kağızı sayılır və bu baxımdan yenidən tədavülünə imkan yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, vətəndaşın probleminin həll olunmaması öncəliklə dövlətin özünə ziyan vurur. İnanmaq istəyirəm ki, Ulu Öndərin 100 illik yubileyinə kimi vauçerlərlə bağlı vətəndaşların ümidləri özünü doğruldacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.