“Turanbank” ASC 2023-cü ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.

FAİZ GƏLİRLƏRİ 10 MİLYON MANATDAN ÇOX ARTIB

“Turanbank”ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 10 milyon 219 min manat və ya 36,2% artaraq 38 milyon 473 min manat, qeyri-faiz gəlirləri isə 478 min manat və ya 8,7% azalaraq 5 milyon 38 min manat təşkil edib.

ƏMƏLİYYATI MƏNFƏƏTDƏDİR

2023-cü ilin birinci yarısında “Turanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 43 milyon 511 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 41 milyon 799 min manat, əməliyyat mənfəəti 1 milyon 712 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 16 milyon 498 min manat ayırıb. Ehtiyat Mərkəzi Bankın qaydalarına uyğun olaraq Bankın gələcəkdə daha sağlam fəaliyyət göstərməsi, baş verə biləcək zərərləri kompensasiya edə bilməsi, müştəriləri qarşısında öhdəlikləri vaxtında yerinə yetirməsi üçün yaradılır.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında “Turanbank”ın cəmi əməliyyat gəlirləri 33 milyon 770 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 577 min manat, əməliyyat mənfəəti 3 milyon 194 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 483 min manat ayırmışdı.

BANK BÖYÜYÜR, AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB

“Turanbank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 109 milyon 166 min manat və ya 13,3% artaraq 30 iyun 2023-cü il tarixində 929 milyon 987 manat təşkil edib.

İPOTEKA KREDİTLƏRİ 100 MİLYON MANATI KEÇİB

“Turanbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 27 milyon 27 min manat və ya 4,9% aataraq 575 milyon 522 min manata yüksəlib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 3 milyon 446 min manat artaraq 142 milyon 239 min manata, biznes kreditləri portfeli 17 milyon 23 min manat artaraq 330 milyon 877 min manata, ipoteka kreditləri portfeli isə 6 milyon 558 min manat artaraq 102 milyon 405 min manata çatıb.

“Turanbank”ın digər banklarda depozitləri 61 milyon 620 min manat və ya 85,5% artaraq 133 milyon 665 min manata yüksəlib.

FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ 60 MİLYON MANATA YAXIN ARTIB

“Turanbank”da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 54 milyon 777 min manat artaraq 484 milyon 51 min  manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 59 milyon 598 min manat artaraq 387 milyon 502 min manata qalxıb, hüquqi şəxslərin depozitləri isə  4 milyon 820 min manat azalaraq 96 milyon 550 min manata düşüb.

30 İyun 2023-cü il tarixində “Turanbank”ASC 81 milyon 385 min manat məcmu kapitala malik olub, bu da Mərkəzi Bankın 50 milyon manat olan minimal tələbindən xeyli yüksəkdir.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.