Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) 87 yaşında, Almaniyanın Münhen şəhərində vəfat edib. araz.az bildirir ki, Simax Şeyda 1936-cı ilin iyun ayının 20-də Oğuz rayonunda dünyaya gəlib. 1965-ci ildən, 1990-cı ilə qədər, paytaxt Bakıdakı Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri vəzifəsini tutub. Eyni zamanda, “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.
Dağ yəhudisi olsa da, Simax Şeyda əsərlərini həmişə Azərbaycan dilində yazıb. “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri” və “Azərbaycan” qəzetlərində, həm də, “Göyərçin” jurnalının səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün, 5 mənzum pyesin də müəllifidir. Uşaqlar üçün yazdığı “Təyyarə” adlı ilk şeirlər kitabı 1964-cü ildə nəşr olunub. Sonralar “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983), “Tülkü, tülkü, tümbəki” və s. şeir kitabları işıq üzü görüb. Yazıçının bu günə kimi 24 kitabı nəşr olunub. Onlardan 11-i uşaqlar üçündür. Bu kitabların hər biri, seçilmiş əsərlər adı ilə, 5 cilddə çap edilib.

Simax Şeyda Azərbaycan klassik ədəbiyyatının dağ yəhudilərinin dilinə tərcümə edilməsi və yayılmasında mühüm rol oynayıb, onun tərcümələri Amerikada, Kanadada nəşr olunub. O, Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib.
Simax Şeyda doğma Vətəndən uzaqda yaşasa da, Azərbaycanı Vətəni qədər sevirdi. Məhz buna görədir ki, o, Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğala məruz qaldığı dövrlərdə də, heç vaxt qələmini boş saxlamadı, süngüyə çevirdi. Mətbuatda, radio və televiziya verilişlərində düşmənə nifrəti əks etdirən yaradıcılıq nümunələrini yaratdı.
Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə, 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundu.

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun, qəbri nurla dolsun!

Rəhim HÜSEYNZADƏ,
əməkdar jurnalist.

araz.az xəbər portalı.