Bu yazının sərlövhəsində xüsusi olaraq vurğulananlar da, rəhbəri sarıdan bəxti gətirməyən ölkənin üçüncü şəhəri Sumqayıtın taleyinə yazılan danılması mümkünsüz xoşagəlməz reallıqlardandır.

“Araz” Media Qrupundakı araz.az xəbər portalının əməkdaşları olaraq, bu istiqamətdə apardığımız dərin jurnalist araşdırmaları ilə, ortaya çıxardığımız mötəbər dəlillər və dəhşət doğuran çoxsaylı faktlar da, bu deyilənlərin inkarolunmaz sübutlarıdır. Bir də ki, bunu təsdiq etmək üçün, baş sındırıb, mütəxəsis olmağa gərək də yoxdur — hər şey göz qabağındadır, “kor-kor, gör-gördür!”. Hətta şəhər İcra Hakimiyyətinin yekunlaşdırdığı son bir-neçə ilin tenderlərində, bunları açıq-aşkar görməmək də, mümkün deyil. Dəhşət ondadır ki, deyilənlər, İcra Hakimiyyətinin tabeçiliyindəki qurumlarla tender müqavilələrinə gedən özəl şirkətlərin belə qanuni fəaliyyətlərini şübhə altına alır. Belə çıxır ki, şəhərin əsas vəzifə sahibləri kimi, sözügedən şirkətlərin sahibləri və digər rəhbər şəxsləri də, tender müsabiqələrini tənzimləyən mövcud qanunlarımıza, sözün əsl mənasında, açıq-aşkar meydan oxuyurlar. Daha dəqiq desək, dövlət idarələrində və ayrı-ayrı şirkətlərdə başda oturanlar ölkənin media vasitələrində, sosial şəbəkələrdə bu kimi xoşagəlməz hallarla bağlı vaxtaşırı yazılanlara da məhəl qoymur, qanunlarımızın tələblərini heçə sayırlar. Aydın görsənən də odur ki, buna münbit şərait yaradanlar isə, başçı ilə bərabər, onun yaxını olan və məsul vəzifələr tutan cinayət ortaqlarıdır. Ümumiyyətlə, Sumqayıtda icra başçısının yüksək vəzifələr tutan yaxın adamları çoxdur. Onlar, əsasən də, ən gəlirli hesab olunan yerlərdə vəzifə başındadırlar.

Deyilənlər, olduqca geniş və daha ətraflı bir çox yazılar mövzusu olduğundan, araz.az-ın bu araşdırma yazısında, yalnız bir qurumun adıyla aparılan tender müsabiqələri barədə yazmağı məqbul hesab etdik. Bizcə, tender müsabiqələri adları altında, böyük miqyasda törədilən tükürpədici qanunsuz əməllərin sübutu kimi, elə, bu qurumda baş verənlərə diqqət yetirmək kifayətdir. Keçirilən tender müsabiqələrindəki bu çiddi nöqsanlara, qanun pozuntularına yol verildiyini geniş ictimaiyyətə çatdırmağı, araşdırılıb, təcili tədbir görülməsi məqsədi ilə, aidiyyatı qurumlara müraciət etməyi, bir mətbu orqanın əməkdaşları olaraq, özümüzə borc bildik.

Qeyd edək ki, hər il milyonların dövr etdiyi sözügedən quruma, bir vaxtlar, hazırda şəhərin icra başçısı vəzifəsini tutan Zakir Fərəcovun özü rəhbərlik edib. İndi isə, adı Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi olan bu dövlət qurumunun rəhbəri postunda başçının bacısı oğlu Hüseyn Həsənov əyləşib. Məhz buna görədir ki, başçının tender pərdəsi altında xeyli müddətdir daha çox dövlət pullarını səs-küysüz mənimsəməsi, elə, bu qurumun tabeçiliyindəki ayrı-ayrı idarələrdə baş tutur; Götürək, elə, bu yöndən, bu Birliyə tabeli və özü kimi gəlirli sayılan Yaşıllaşdırma İdarəsində baş verənləri.

Sumqayıtın bütün küçə, prospekt və parklarında abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, elan etdiyi tenderlərə yekun vurarkən, dövlət satınalmalarının vahid internet portalına bu barədə yerləşdirilmiş məlumatlarda, həmin tenderlərin qalibi olaraq, heç kimə bəlli olmayan ağlagəlməz şirkət adları ilə rastlaşdığımız kimi, Yaşıllaşdırma İdarəsinin də, yaşıllıqların salınması işlərinin həyata keçirilməsi, əkin və su çiləyicilər üçün mal-materialların satın alınması… ilə bağlı elan etdiyi açıq tenderlərinin bunlardan betər ağlagəlməz qaliblərinə şahidlik edirik. Dəhşət ondadır ki, hətta, heç kimə bəlli olmayan həmin kommersiya qurumları barədə, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında, onların Nizamnamə kapitalları cüzi miqdarda, 10, 20, uzaqbaşı 30 manat göstərilir. Buna və bu kimi ciddi səbəblərə baxmayaraq, “Saffira Plus”, “Azərenerji Təchizat”, “Sandora 22″, “Fire Engineering”, “4 MM Aqro”, “Magnit – SS”, “SM Construction Company”, “SNS Company”, “Qala ART Group”, “Eko – Terminal”, Astroit”, “Arsenal – M”, “Cratos – Bookstore”, “Vahid”… kimi, adları heç kimə bəlli olmayan MMC-lər tender qalibləri elan edilirlər. Müsabiqə yolu ilə başlanmış bu açıq tenderləri, həmişə, həsənovlara yaxın bu MMC-lərin udmasını, çox vaxt belə də izah edirlər ki, guya, Yaşıllaşdırma İdarəsini, bir sıra əkin materiallarının satın alınmasında, dekorativ ağaclarla, gül kollarıyla, qazonlarla və bir sıra digər əkin materialları ilə, hərtərəfli təchiz etməkdə, bu şirkətlər öndə gedirlər. Halbuki, bu MMC-lər sözügedən işlər üçün, heç ixtisaslaşmayıblar da. Sadəcə, bu tenderlərdə iştirak üçün, sahibkarlıq subyekti kimi müvafiq lisenziya alaraq, bu sahədə fəaliyyətə başlayıblar. Həm də qısa müddət ərzində. Nə maddi-texniki bazaları var, nə də analoji işlərdə təcrübələri. Vergi Xidmətinin rəsmi məlumatlarından da göründüyü kimi, onlar, Yaşıllaşdırma İdarəsinin tenderə başlamasından az müddət öncə dövlət qeydiyyatına alınıblar. Ən acınacaqlısı odur ki, bu idarə tərəfindən keçirilən bütün tender müsabiqələrinin bu qalibləri barədə, rəsmi mənbəyə istinadla verilən məlumatlar, çox vaxt, dövlət satınalmalarının vahid internet portalında olmur — silinir! Biz jurnalistlər belə, həmin məlumatları tapa bilmirik. Nədən belə olmasının səbəblərini isə, öz araşdırmalarımız zamanı üzə çıxara bilmişik. Beləcə, Yaşıllaşdırma İdarəsinə rəhbərlik edənlərin saxtakarlıqları burada açıq-aydın görsənib. Məlum olub ki, cəmi bir, ya iki həftə əvvəl yaradılan MMC-lərlə yüz minlərlə, milyonlarla manat çivarında satınalma müqavilələri bağlanıb.

Bizə o da məlum olub ki, bu qanunsuz işlərdə əsas günahkar olanlardan biri, ölkədə satınalmalara nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Qorxu məcburiyyəti ucbatından, bu barədə olan məlumatları portaldan sildirənlər də, bu dövlət qurumunun rəhbər şəxsləridir. Amma bir-neçə aydan sonra, eyni şəxslərə məxsus və eyni ünvanlarda qeydiyyata alınmış həmin şirkətlər, bir daha, onlar tərəfindən qalib çıxarılırlar.
Bir sözlə, bu nüfuzlu dövlət qurumu, nəinki bu qanunsuzluğun qarşısını alır, əksinə, baş verən belə iyrənc özbaşınalıqlara yenidən şərait yaradır. Bütün bu deyilənlər isə, Yaşıllaşdırma İdarəsinin müqavilə bağladığı bütün MMC-lərin qanuni fəaliyyətlərini şübhə altına alır.

Bu yerdə, onu da qeyd etmək yerinə düşər ki, açıq internet resurslarında, yuxarıda adları çəkilən MMC-lər barəsində heç bir məlumat da yoxdur. Dövlət qeydiyyatına alınmış hüquqi ünvanlarından da aydın göründüyü kimi, hərəsi bir tərəfdə yaradılıb, lakin burada keçirilən tenderlərin qalibi olublar. Bununla da, bir daha məlum olub ki, qalib elan edilən bu Məhdud Məsuliyyətli Cəmiyyətlər Zakir Fərəcova yaxın adamlarındır. Çünki belə olmasaydı, milyon manatlarla dövlət sifarişlərini Zakir Fərəcov onların rəhbərlərindən heç kimə verməzdi.

Bu xüsusda keçən bütün proseslərdə ən acınacaqlı hal isə odur ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi də, “Dövlət Satınalmaları Haqqında” Qanuna məhəl qoymadan, istədiyi kimi tender keçirir, istədiyi şəxslərin şirkətlərini qalib elan edir, istədiyi məbləğdə dövlət vəsaitlərini heç kimə bəlli olmayan şirkətlər vasitəsi ilə, yaşıllıqların salınması adı altında silir. Bu, dövlət satınalmalarının vahid internet portalında da açıq aydın görünür. Amma, göründüyü kimi, bütün bu deyilənlər, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsindəki Tender Komissiyasının heç vecinə də deyil. Burada, davamlı olaraq, eyni qanunsuzluqlar təkrar olunur. Həm də, qorxu olmadan, açıq-aşkar. Ona görə ki, bu MMC-lərin məxsus olduğu şəxslər buna rəvac verir. Başda duran isə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi, əvvəlcədən də qeyd etdiyimiz kimi, başçının bacısı oğlu Hüseyn Həsənov isə, onun tapşırıqlarını yerinə yetirəndir. Bir də, Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov. O da, vəzifə sahibi olan elə-belə şəxslərdən deyil. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdır. Məhz buna görədir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də, onlar tərəfindən törədilən bütün qanunsuzluqlara “göz yumur”, onların istədikləri şəxslərin tender qalibləri olmalarına icazə verir. Bir sözlə, bu dövlət qurumu da, belə qanunsuzluqlara yol verənlərin sırasındadır.

Yeri gəldi deyə, qeyd etmək istəyirik ki, ixtisasca ingilis dili müəllimi və 70-dən yuxarı yaşı olan İlyas Həsənov uzun müddət bu idarəyə rəhbərlik edib. Bu həmin İlyas Həsənovdur ki, Zakir Fərəcov hələ Sumqayıt şəhər Bələdiyyəsinin sədri olan vaxtlarda sözügedən vəzifəni tutmuşdu. İndiyə qədər vaxt isə, bir qərinəlik müddət deməkdir. Ölkə mətbuatının da yazdığı kimi, bir vaxtlar, bu vəzifə sahibləri arasıında çox yaxşı münasibətlərin olmasına baxmayaraq, Zakir Fərəcovun Sumqayıta icra başçısı gəldikdən dərhal sonra, 70 yaşlı İlyas Həsənovu tutduğu bu vəzifədən kənarlaşdırmaq üçün, müxtəlif yollara əl atıb. Amma, görünür ki, Əli Həsənovun hələ də ölməyən nüfuzu, köhnə dostun, yeni başçının istəyini yerinə yetirməyə imkan verməyib. Lakin Zakir Fərəcov da, inadından əl çəkməyərək, orada çalışan yerlisi Mübariz adlı şəxsi, İlyas Həsənova müavin təyin etməklə, bu idarədə maliyyəyə nəzarətini, demək olar ki, tam olaraq əlinə almış olub. Elə, keçirilən tender müsabiqələrini də. Beləcə, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən, yaşıllıqların salınması işləri üzrə keçirilən olduqca yüksək dəyərli bütün tender müsabiqələrinin qalibləri də, bu şəhərdə “tender kralı” kimi özünü tanıdan Hümbət Məmmədxanovun min cür fırıldaqları hesabına, icra başçısının bacısı oğlunun nəzərdə tutduğu şirkətlər olub.


Sonda, keçək əsas məsələyə: Sumqayıt şəhərinin abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlı, iş icraçısı olan sahibkarlar, gördükləri işlər müqabilində, dəfələrlə, onlara çatacaq vəsaiti bu sahədəki tender qaliblərindən ala bilməyiblər. Bu barədə, ölkə mətbuatına, bu şəhərdə podratçı kimi iş icra edən şirkət rəhbəri sahibkarların özləri məlumat veriblər. Onların sözlərinə görə də, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları, “tender kralı”
Hümbət Məmmədxanov aparıb. Xüsusilə də, təmir-tikinti, parkların salınması, yaşıllaşdırma, yolların asfaltlanması… ilə bağlı, görülən bütün işlərə görə, pul vəsaitlərinin ödənişində daim ciddi problemlər yaşanıb. Onu da qeyd edək ki, iş adamları, görülən işlərin maya dəyəri ilə, tender qiymətlərindəki ciddi uyğunsuzluğu bunun əsas səbəbi kimi izah ediblər. Onu da bildiriblər ki, başlarına gətirilən oyunlarla bağlı, onlar, dəfələrlə, əlaqədar dövlət qurumlarına belə çoxsaylı şikayətlər ünvanlayıblar. Lakin şikayətlərinə reaksiya olmayıb. Bu yaxınlarda, müvafiq qurumlar, ölkədə şübhəli hesab edilən bir çox tenderləri yoxlasalar da, bu sarıdan onların bəxti yenə gətirməyib. Halbuki, həyata keçirilən auditlər və yoxlamalar nəticəsində, elə nöqsanlar aşkarlanıb və qanun pozuntuları ortaya çıxarılıb ki…

Ölkənin digər media vasitələri kimi, araz.az da, bu məsələni aydınlaşdırmaq üçün, Sumqayıtın abadlaşdırılması ilə bağlı görülən işlərin rəhbəri və söz sahibi kimi adı hallanan Hümbət Məmmədxanovla dəfələrlə əlaqə saxlamaq istəyib. Lakin, o, heç kimin heç bir zənginə cavab verməyib. Bir dəfə, xoş bir təsadüf nəticəsində isə, onun zənglərin birinə başdansovdu bir cavabı olub. Jurnalistlə söhbətində Sumqayıtdakı tender işlərinə, ümumiyyətlə, aidiyyatının olmadığını söyləyib. Guya, o, heç bir abadlıq işi görmür, bütün deyilənlər yalandır və onun Sumqayıtda yalnız mebel sexi var, işi mebel istehsal etməkdir.

Di gəl ki, həmkarlarımızla söhbət edən sahibkarlar isə, gördükləri bütün işlərlə bağlı, bütün danışlqları, birbaşa, Hümbət
Məmmədxanovla apardıqlarını dönə-dönə təsdiqləyiblər. Onu da deyiblər ki, onların özlərində, Hümbət Məmmədxanovun abadlıq işlərinə aidiyyatını sübut edən və şəxsən onun özünün imzaladığı sənədlər də var. Hər halda, aidiyyatı qurumların da, bu şəxsin kimliyini və gercəkdən nə işlə məşğul olduğunu aydınlaşdırmaları daha yaxşı olardı. Axı, onun, hətta tez-tez Sumqayıtın icra başçısı Zakir Fərəcovun qəbulunda olduğu, orada saatlarla müzakirələr apardığı da söylənilir. Sumqayıtın rəhbərinə yaxınlığı ilə seçilən bu adam, görəsən, kimə arxalanır ki, media vasitəsi ilə də, cəmiyyəti belə aldatmaqdan çəkinmir?! Həmin sənədlərə Hümbət Məmmədxanovun özü şəxsən imza atıbsa, onda, niyə, tenderdə iştirakını inkar edir? Necə olur ki, bu adam, tenderlərlə bağlı bütün danışıqları aparır, sənədlərə imza atır, amma sahibkarlar haqqını tələb edəndə yoxa çıxır!? Elə, aldığımız son məlumata görə də, Hümbət Məmmədxanov borclu olduğu sahibkarlardan yayınmaq üçün, indi isə, xəstə olduğunu bəhanə edir. Çox maraqlıdır, bəyəm Sumqayıtdakı tender işlərində nələr yaşanır ki, Hümbət Məmmədxanov bütün məsuliyyəti üzərindən atır?!. Deməli, tender məsələsində nəsə qaranlıq məqamlar var ki, bu adam gördüyü işlərdən imtina edərək, onları gizlətməyə çalışır…

Yazını sensasion təsirli bu yerində saxlayır və bildiririk ki, tezliklə, daha maraqlı davamı olacaq.

Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.