Şikayətçilər, başçı Zakir Fərəcovla bərabər, ittiham altında olan və iş adamlarını yalançı “Zəmanət məktubu” ilə aldadan şöbə müdiri Gündüz Əliyevin adını da, əsas günahkar kimi xüsusi olaraq qeyd ediblər

Ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtda baş verən, daha dəqiq desək, icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ucbatından səs-küy yaradan bir qalmaqal da, uzun zamandır, ölkə gündəmindən düşməyən sensasion olaylar sırasındadır. Səngimək bilməyən bu ciddi məsələ ilə bağlı dərc olunan çoxsaylı tənqidi yazılar, çoxdandır ki, ölkənin ayrı-ayrı media vasitələrini, sosial şəbəkələri, internet səhifələrini, eləcə də, araz.az xəbər portalını belə “zəbt edib”. Dərc olunan bu yazılarda, internet səhifələrindəki və sosial şəbəkələrdəki şərh yönümlü açıqlamalarda Sumqayıtın icra başçısının və onun hakim komandasındakı əlaltılarının haqsızlıqları ilə tez-tez üzləşən iş adamlarının başlarına gətirilənlər tam çılpaqlığı ilə ortaya qoyulur. Ən əsası odur ki, bu yazı, açıqlama və şərhlərdə, nədən, bu haqlı şikayətlərə indiyədək yuxarılardan reaksiya olmadığı, Zakir Fərəcovun və onun cinayət ortaqlarının cəzalandırılmamaları və onların aşkar həyata keçirdikləri özbaşınalıqlara hüquqi qiymətin verilmədiyi xüsusi olaraq vurğulanaraq, önə çəkilir. Konkret desək, büdcədən ayrılan və önəmli işlərə xərclənməsi nəzərdə tutulan milyonların, uzun zamandır iş görən firma və şirkətlərə verilməməsi, sahibkarların günü gündən artan haqlı narazılıqlarına əsas səbəb kimi göstərilir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı və onun cinayət ortaqları olan vəzifə sahibləri, əvvəlcədən düşündükləri iyrənc metodlarından həmişə yararlanmaqla, bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoydurmaqla,.. istəklərinin çoxuna çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə də, əzələ nümayiş etdiriblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb, heç yerdən onlara kömək edən də tapılmayıb.

Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Əksəriyyəti isə, iş adamlarını boş vədlərlə aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb etmələri və sonradan onlara çatacaq milyonlarla halal qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsindədir. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, rəhbərlik etdikləri şirkət və firmaların xəttiylə Sumqayıtın girişində, əsas yolunda və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarda gördükləri yüksək məsuliyyət tələb edən alqışalayiq yenidənqurma, təmir-tikinti, abadlaşdırma və müasir stildə yaşıllaşdırma işlərinə görə, onlara çatacaq milyonlarla halal qazanc pullarını tam olaraq indiyədək ala bilməyiblər.

Əlləri hər yerdən üzülən iş adamları, məcburiyyətdən, son ümidlərlə ölkə başçısına, dəfələrlə, şikayət xarakterli Müraciət də ünvanlayıblar. Elə, araz.az-ın bu səs-küylü qalmaqalla bağlı son yazısı da, hər birinə Şəhər İcra Hakimiyyətinin böyük məbləğdə borcu qalan həmin zərərçəkmişlərin bir qrupu tərəfindən ölkə başçısına ünvanlanan son Müraciət barəsində oldu. İş adamları Aydın Abdullayevin, İsa Qasımovun, Eyvaz Abbasovun, Müqayis Verdiyevin, Məhəmməd Əsgərovun, Çingiz Mansurovun, Bilal Piriyevin, Haşım Abbasovun, Tapdıq Əlinağıyevin, Zöhrab Rzayevin, İlham Məmmədovun, Elçin Qarayevin… imzaladıqları həmin Müraciətdə, xüsusi olaraq, o da qeyd olunurdu ki, başçı Zakir Fərəcov və onun cinayət ortaqları kimi özlərini tanıdan vəzifə sahibləri Gündüz Əliyev, Adil Xudadatov, Hümbət Məmmədxanov… tərəfindən, bu borcu verməmək üçün, onların “başlarına oyunlar” gətirilir!

Bu günlərdə, zərərçəkmiş daha bir qrup iş adamı tərəfindən, birbaşa, dövlət rəhbərinin adına ünvanlanan daha bir Müraciətin surət nüsxəsi araz.az xəbər portalının redaksiyasına da daxil oldu. İş adamları İslam İsayev, İskəndər Ələkbərov, Vilayət Qacarov, İsrail İsayev, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Cinğiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, Mirİbrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov… tərəfindən imzalanan və hədsiz narazılıqlar ifadəsi olan kömək xahişli bu Müraciətin əsas “leytmotivini” də, şöbə müdiri Gündüz Əliyevin bu ciddi məsələ ilə bağlı “çaldığı havalar” təşkil edir və birbaşa, ölkə başçısına ünvanlanıb. Həmin iş adamlarının bir nüsxəsini araz.az-a da göndərdikləri həmin Müraciətdə, xüsusi olaraq vurğulananlar sırasında duran əsas məsələ odur ki, Zakir Fərəcovla iş adamları arasında olan milyonlar qalmaqalında da, əsas günahkarlardan biri kimi, Gündüz Əliyevin adı daha çox hallanır. Buradakı maraqlı məqamlardan biri odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “Zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin Yerli Özünidarətmə Orqanları ilə iş üzrə Şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Niyə, məhz, Gündüz Əliyev?! Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti də, Gündüz Əliyevin üzərinə qoyub.

Elə, onun, imzaladığı “Zəmanət məktubu” ilə, bir-neçə sahibkarı aldadaraq, milyonlarla halal pullarını verməyən Zakir Fərəcovdan uzaqlaşdırmaq üçün, onların “başlarına açdığı oyunları” götürək. Ölkə mətbuatında bu barədə nələr yazılmayıb?! Di gəl ki, onun da xətrinə dəyən tapılmır ki, tapılmır!..

Bu mövzulu yazımızı burda nöqtələyir və dəyərli oxucularımızın diqqətinə onu çatdırırıq ki, araz.az xəbər portalında, bu barədə daha ətraflı araşdırma yazımızın bu yaxınlarda dərcini planlaşdırmışıq. Bizi izləməyinizi məsləhət görürük!

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.