Sumqayıtın icra başçısı Zakir Fərəcovla, bir qrup sahibkar arasında uzun müddətdir davam edən və həcmi böyük borc qalmaqalı, son vaxtlar daha intensiv xarakter alıb. Ölkə rəhbərindən tutmuş, digər əlaqədar dövlət qurumları rəhbərlərinə onların ünvanladıqları şikayət ərizələrinin sayı-hesabı isə, yoxdur. Di gəl ki, Zakir Fərəcovun dünya vecinə deyil. Çünki yazılan bu qədər şikayətə indiyədək ciddi reaksiya olmayıb.

Həmin sahibkarlar tərəfindən, bu gün araz.az-ın redaksiyasına daxil olan şikayət ərizəsi isə, birbaşa, bu borc qalmaqalının yaranmasında əsas günahkar və başçının “sağ əli” hesab olunan, Şəhər İcra Hakimiyyətində böyük vəzifə tutan Gündüz Əliyevlə bağlıdır. Narazı şikayətçilər, bu dəfə, Respublika Ali Məhkəməsinin və Məhkəmə — Hüquq Şurasının sədri İnam Kərimova, ədliyyə naziri
Fərid Əhmədova və bu işlə bağlı məhkəmə prosesini aparan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevaya üz tutublar.

Şəhərdə abadlaşdırma, təmir-tikinti işləri… aparan, gördükləri ürəkaçan işlər müqabilində, halal pullarını indiyədək ala bilməyən bu iş adamları, öz şikayətlərində, birbaşa onu vurğulayıblar ki, Zakir Fərəcov kimi, başçının göstərişi ilə, onlara şirin vədlər verib, aldadaraq, onlardan “Zəmanət məktubu” alan Gündüz Əliyev də, başlarına oyun açır, pullarını vermək istəmir. Elə, buna görə də, pullarının ödənilməsini tələb etməklə yanaşı, həm də, bu işdə əli olan, bu yaxınlarda, hətta gördüyü qanunsuz işlərə görə, həbs edilən, lakin Zakir Fərəcovun əliylə azadlığa çıxan, hal-ha­zırda istintaqı getsə də, əvvəlki vəzifəsi başında olan Gündüz Əliyevin məsuliyyətə cəlb edilməsini istəyirlər.

İş adamları, bu dövlət qurumlarının rəsmilərindən də, dönə-dönə onu xahiş edirlər ki, Sumqayıt İcra Hakimiyyətinin onlara olan borclarının ödənilməsinə yardımçı olsunlar.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.