Renessans dövrü insanlıq tarixində mədəni, elmi və fəlsəfi yüksəlişin altun dövrü hesab olunur. Renessans dövrü, insanın özünə və kainata yeni baxışı ilə incəsənət, elm və fəlsəfə tarixində dönüş məqamı kimi dəyərləndirilir.

Bu dövrün mərkəzi fiqurlarından olan Rafaello və Mikelancelonun yaradıcı fəaliyyəti, Renessansın estetik kanonlarının formalaşmasında,  dərinləşməsində önəmli rol oynadı. Renessans dövrünü onların iştirakı, töhfəsi, təsiri olmadan təsəvvür etmək çətindir. — Çünki onların yaradıcılığı olmasaydı, estetik sahədə dərin boşluqlar yaranardı.

İnsanın mərkəzi rolunun zəifləməsi

Rafaello və Mikelancelonun əsərləri, özəlliklə insanı kainatın mərkəzi kimi təqdim edən antropomorfik yanaşmanı gücləndirdi.

Onların olmaması bu yanaşmanın zəifləməsinə səbəb ola bilərdi. İnsan fiqurunun həm fiziki, həm də mənəvi ideal kimi qəbul edilməsi çətinləşərdi.
• İnsan bədəninin anatomik dəqiqliyi ilə təsviri və onun mənəvi gücünü əks etdirən əsərlər sənət meydanda olmazdı.

Harmoniya və perspektiv konseptinin çöküşü

Rafaellonun əsərlərində harmoniya, tarazlıq və perspektiv ustalıqla ifadə olunub. Bu üslub Renessansın əsas estetik prinsiplərindən sayılır.

Harmoniya çatışmazlığının mövcud olmadığı bir dünyada təsvir sənətində qarışıqlıq və disharmoniya önplana çıxa bilərdi.
• Perspektivin zəifləməsi ilə məkanın dərinliyini ifadə edən texnikaların inkişafı yavaşıyardı. Bu, həm rəsmlərdə, həm də memarlıqda struktur çatışmazlıqlara səbəb ola bilərdi.

Heykəltəraşlıq və memarlıqda təsir azalması

Mikelancelonun heykəlləri insan bədəninin potensialını bir metafora kimi təqdim etdi. Onun memarlıq sahəsindəki işləri isə monumental estetikanın əsaslarını qoydu.

• Onun təsiri olmasaydı, heykəltəraşlıq daha çox dekorativ xarakter daşıya bilərdi. İnsanın gücünü və emosional dərinliyini vurğulayan monumental heykəllər az qala tarixdə olmayacaqdı.
• Mikelancelonun “Qutsal Pyotr bazilikası” kimi layihələri olmadan, Avropa memarlığının monumental elementləri zəifləyə — memarlıqda daralma baş verə bilərdi.

Fəlsəfi və simvolik aspektlərin daralması

Mikelancelonun əsərləri insanın öz daxili mübarizəsini və İlahi bağlarını dərin fəlsəfi simvollarla əks etdirirdi.

• Bu cür əsərlərin yoxluğu fəlsəfi təfəkkürün və sənət vasitəsilə təqdim olunan mənəvi dəyərlərin zəifləməsinə səbəb ola bilərdi (simvolizmin çatışmazlığına dəlalət edərdi).
• Onun əsərləri Renessans dövründə dini və dünyəvi elementlərin bir vəhdətdə təqdim olunmasına nail olub. Bu vəhdət olmadan estetik inkişafın daha dar məzmun daşıması — dini və dünyəvi harmoniyanın pozulmuş olması ehtimal edilə bilər.

Təhsilin və sənət patronajının zəifləməsi

Rafaello və Mikelancelonun örnəkləri, sənət məktəblərinin yaranmasında və patronajın inkişafında əsas rol oynadı.

• Boşluq effekti: Onların olmadığını düşünərək, sənət təhsili və hamiliyin keyfiyyətinin aşağı səviyyədə qalacağını nəzərdə tutmaq mümkündür. Bu isə digər sənətkarların inkişafını çətinləşdirərdi.

Bu boşluqlar, Renessans dövrünün estetik gücünün zəifləməsinə və mədəniyyətin inkişafının fərqli istiqamətlərdə irəliləməsinə gətirib çıxara bilərdi. Beləliklə, onların yaradıcı fəaliyyətlərinin olmaması yalnız sənət deyil, həm də fəlsəfə və elmdə ciddi dəyişikliklərə səbəb olardı.

Özümüzçün gəldiyimiz sonuclar

Biz çağdaş Azərbaycan, Ümumtürk Dirçəlişindən (Dirilişindən, İntibahından) danışırıqsa, Renessans dövrünə aid bu və bənzəri dəyərləndirmələri, təcrübələri öyrənməliyik. Dirçəliş yalnız bir sahənin deyil, bütün əməli çalışma sahələrinin harmonik inkişafını ehtiva etdiyi üçün sahələrarası qapsayıcı gücümüz olmalı.
Və hər şeyi dövlətdən gözləmədən, toplum olaraq da, öz qatqılarımızla görünməliyik.
Bu yerdə,
“Təhsilin və sənət patronajının zəifləməsi”nə bir daha vurğu edərək, “Belə bir zəifləmənin olmaması üçün nə etməliyik?” sualına cavab bulmağa çalışaq:

• Təhsil sisteminə ayrılan maliyyə və resursların artırılması,
• Elm, təhsil ocaqlarının keyfiyyətinin yüksəlməsi,
• Elm, təhsil, mədəniyyət, sənət və gənclik ocaqları arasında sıx işbirliyinin yaradılması,
• Ədəbi, elmi və mədəni biliklərin ikinci dərəcəli mövqeyə keçməməsi,
• Yaradıcı və tənqidi düşüncəni inkişaf etdirən təhsil modellərinin tərk edilməməsi;

• Dövlətin, toplumun, xeyriyyəçi şəxslərin sənətə dəstəyinin artması,
• Sənətkarların maddi dəstək və təşviq imkanlarından məhrum olmaması,
• Sənətin toplumdakı dəyərinin və təsirinin artırılması,
• Sənətə dair institusional strukturların (muzeylər, sərgilər, teatrlar və b.-nın) fəaliyyətində məhdudiyyətlərin yaranmaması və s.

Belə diqqət-qayğı toplumun mədəni inkişafına və estetik dəyərlərinə ciddi təsir göstərir, yaradıcılığın təməl dinamiklərini gücləndirir.

Biz sənətə, sənət bizə yar olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI.

araz.az xəbər portalı.