Bu dərsi Rusiyanın prezidentinə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Litvanın “Delfi” saytına müsahibəsində verib.

Conson eyni zamanda, Vladimir Putinin ünvanına senzuradankənar ifadələr, təhqirlər yağdıraraq, onu publik şəkildə aşağılayıb, köhnə imperiya təfəkkürü ilə yaşamağa davam etməyin axmaq seçim olduğunu və postimperiya təfəkkürünə köklənməyin vacibliyini ona başa salmağa çalışıb.

Sitat:

“Rusiya prezidenti Vladimir Putin imperiya iddialarından əl çəkməlidir. İndi ən vacib olan məsələ budur ki, Putinə başa salınmalıdır ki, Rusiya artıq imperiya deyil.

Putinin etdiyi barbarlıqdır və o başa düşməlidir ki, Estoniya, Latviya, Litva – bu ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil, eyni şey Ukrayna üçün də keçərlidir.

Hər şey bitdi!

Bitdi. Bitdi. Bit-diii.

Daha imperiya yoxdur, Vladimir, sən … axmaqsan! (fucking idiot)

İfadəmə görə üzr istəyirəm, ancaq o, elə belədir ki, var”.

(sitatın sonu)

Lakin keçmiş ingilis baş nazir Putini sadəcə təhqir etməklə kifayətlənməyib. O, həm də Rusiya liderinə ötən əsrin ortalarına qədər dünyanın ən böyük müstəmləkəçi imperiyası olmuş İngiltərənin hazırkı siyasi elitasının timsalında imperiyaçılıq xülyalarından, imperiya nisgilindən necə xilas olmağın yolunu göstərib, başa salıb.

“Bildiyiniz kimi, vaxtilə bizim də imperiyamız olub və bu, həqiqətdir. Bizim imperiyamız qədim Roma imperiyasından yeddi dəfə böyük olub. Bu, dünyanın ən böyük imperiyası idi. Ancaq bu gün isə o imperiyadan demək olar ki, heç nə qalmayıb. Ancaq buna baxmayaraq, biz öz postimperiya rolumuzdan məmnunuq”, — deyə, B. Conson bildirib.

Böyük britaniyalı siyasətçi onu da əlavə edib ki, başqa ölkələri nəzarətdə saxlamaq lazım deyil: “Əgər kimisə çox sevirsənsə, burax getsin”.

Təhqirləri bir kənara qoysaq, Boris Consonun bu öyüd-nəsihətləri, tövsiyələri təkcə Putin üçün deyil, imperiya ambisiyalarını qoruyub saxlayan, sömürgəçiliyi davam etdirən digər ölkələrin siyasi elitaları üçün də olduqca faydalıdır. Söhbət ilk növbədə Güney Azərbaycan türklərini və qaşqayları, türkmənləri, xəzərləri əsarətdə saxlayan İranın molla rejimindən, uyğur türklərinə zülm edən Çin hökumətindən, kiçik ada dövlətlərini və Afrikadakı keçmiş koloniyalarını istismar edən, sömürən Makron Fransasından gedir.

Ümumiyyətlə, Consonun tövsiyələrinin alt qatındakı həqiqətlər imperiya təfəkküründən əziyyət çəkən və qonşu ölkələrin ərazilərinə göz dikən, həmin ölkələri özlərinin “arxa bağça”sı hesab edən bütün keçmiş metropoliyaların liderlərini dərindən düşündürməlidir.

Bir sözlə, Putin kimi postimperiya dövrünün liderləri gorbagor Jirinovski kimi, Duqin kimi, Vasserman kimi neoimper düşüncəli, velikorus-şovinist zehniyyətli “strateq”lərin “sovet imperiyasının bərpası” cəfəngiyyatlarını yox, Boris Conson kimi praqmatik siyasətçilərin ağıllı, rasional, gerçəkçi tövsiyələrini dinləyərək qərarlar qəbul etməlidir.

Bəybala MİRZƏYEV.

P.S.

O ki qaldı, Consonun söyüşlərinə, təhqirlərinə, məncə, Kremldəki adam bu söyüşlərdən inciməməlidir. Çünki Conson qəsdən söyüş taktikasına əl atıb. İngilis siyasətçinin əsas məqsədi Putinə söymək yox, onu dərindən düşünməyə məcbur etmək olub. Belə hallarda söyüş düşünmək, düşündürmək üçün siqnal və ya açar rolunu oynayır.

araz.az xəbər portalı.