“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni rəngarəng keçən ömrünün 65-ci ilini qeyd edir. Yubileyi münasibətilə ona ünvanlanan təbriklərin sayı-hesabı yoxdur. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev də bu təbrikə qoşulanlar sırasındadır.

araz.az xəbər verir ki, rəhbəri olduğu qurumun adıyla olan təbrik məktubunda BDM sədri öncə tanınmış ictimai xadimin həyat yolunun və ictimai-siyasi fəaliyyətinin ən ümdə məqamlarına xüsusi vurğular qatıb:

“Çox hörmətli Rauf müəllim!

İctimaiyyətə yaxşı məlumdur ki, Siz pedaqoji fəaliyyətlə yanaşı, həm də ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yaxından iştirak etmisiniz. Tutduğunuz həyat yolu, dogma Vətən və millət qarşısında xidmətləriniz, istedad və bacarığınız, o cümlədən, zəhmətkeşliyiniz və fədakarlığınız bizim üçün hər zaman nümunə olub. Dövlətimizə və millətimizə sədaqətlə xidmət göstərməkdə nümayiş etdirdiyiniz nümunə hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Qeyri-hökumət təşkilatlarının inkişafındakı xidmətləriniz hər zaman bizim tərəfimizdən də yüksək qiymətləndirilib. Doğrudan da, Sizin beynəlxalq diaspor sahəsindəki fəaliyyətiniz xüsusi diqqətə layiqdir. Mənim rəhbərlik etdiyim Beynəlxalq Diaspor Mərkəzinin qurucularından biri və İdarə Heyətimizin fəal üzvü olmağınızdan böyük qürur və fəxarət duymuşam”.

Təbrik məktubunda BDM sədri onu da xüsusi olaraq vurğulayıb ki, Rauf Zeyninin ölkəmizin diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinə göstərdiyi dəstək və əzmkarlıq daim yaddaşlarda qalacaq:

“Burada bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm — Tale bizi eyni torpağın havasını udub, suyunu içən, eyni çörəyini yeyib, böyüyən insanlar kimi birləşdirdi. Zəngəzur və Dərələyəz mahalının övladları olaraq, valideynlərimizin mehriban qonşuluğu ilə keçən uşaqlıq illərimiz həmişəlik xatirələrimizdə əbədiləşib.

Çox təəssüf ki, mənfur erməni vandalları və onların qaniçən havadarları bizləri öz doğma dədə-baba yurdlarımızdan didərgin saldılar. Deportasiyanın ağrıları dözülməzdir və bunu həmişə dədə-baba torpağı təəssübü çəkən simanızdan aydın sezmişəm. Lakin bu çətinliklər belə bizi Sizin kimi Vətən təəssübü güclü olan doğma yurd övladları yanında olmağımıza görə sarsıtmadı, əksinə, daha da möhkəmləndirdi və bizə həmrəylik ruhu bəxş etdi. Gözəl nəticəsi 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbə oldu.

Azərbaycanda xalq hərəkatı başlayandan üzübəri qeyri-hökumət təşkilatlarında çiyin-çiyinə çalışırıq. Sizin fəallıq nümunəsi ictimai-siyasi fəaliyyətiniz hər zaman mənim şəxsən özüm üçün də örnək olub. Çünki insanlara həmişə müəllimlik edərək, bütün çətinliklərin öhdəsindən gəlməkdə onlara xoş əhval-ruhiyyəli istiqamətlər vermisiniz”.

“Çox hörmətli Rauf müəllim, bir daha Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, ürəkdən ən xoş arzularımı yetirir, şəxsi və ictimai həyatınızda yeni-yeni uğurlar və nailiyyətlər, Ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti diləyirəm! Sizinlə bu yolda çiyin-çiyinə addımlamaqdan böyük şərəf duyduğumu bir daha ictimaiyyətə bəyanatım olaraq çatdırmaq istəyirəm!” — təşkilat rəhbəri təbrik məktubunu dərin hörmət, səmimi duyğu, ehtiram və sayğılar ifadəsi olan bu sözlərlə bitirir.

REDAKSİYADAN:

Bu gözəl təbrikə “Araz” Media Qrupunun kollektivi də qoşulur və xatırlatmaq istəyirik ki, Rauf Zeyni Azərbaycanın qədim və tarixi ərazisi olan Zəngəzur mahalındakı Qarakilsə elinin Vağudi kəndində dünyaya göz açıb. Bundan sonra taleyini Sumqayıt şəhərinə bağlayıb. Gənclik illəri də daxil olmaqla, ömrünün ən qaynar dönəmi bu gözəl gənclik şəhəri ilə sıx bağlı olub.

Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. 1998-2001-ci illərdə isə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə ikinci ali təhsilə yiyələnib. Pedaqoji fəaliyyətlə yanaşı, həm də ictimai-siyasi həyatda, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yaxından iştirak edib. 1990-1995-ci illərdə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin üzvü, 1992-ci ildən sədr müavini kimi fəaliyyət göstərib. 2002-ci ildən başlayaraq, bir sıra önəmli ictimai və diaspor qurumlarına başçılıq edib. Milli QHT Forumu Diaspor Mərkəzinin, habelə Demokratik Seçki Mərkəzinin sədri olaraq, çoxsaylı uğurlu layihələr həyata keçirib. 2008-2024-cü illərdə Milli QHT Forumunun prezidenti, 2011-2024-cü illərdə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü kimi də fəaliyyət göstərib. Həmçinin, müxtəlif mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuraların üzvü, şura sədri olaraq, ictimai faydalı fəaliyyətlə seçilib.

Hazırda “Bakı QHT Resurs və Təlim Mərkəzi”nin sədridir.

araz.az xəbər portalı.