Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen deyib ki, ABŞ-ın yeni administrasiyası ilə Arktika əraziləri üzrə dialoqa hazırdır.

“Amerikalıların Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var ki, bunu Danimarka tərəfi də bölüşür. Buna görə də Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, – Rasmussen bildirib.

Bir-neçə gün öncə Donald Tramp Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməli olduğunu bildirmişdi. Görünür, bu açıqlama Danimarkanı narahat edib və danışıqlara başlamaq üçün razı salıb.

Əslində, Trampın niyyəti nə Qrenlandiyanı, nə Kanadanı, nə də Panamanı işğal etməkdir. Kanada və Qrenlandiya xüsusilə son illər dəyər qazanıb. Qlobal istiləşmə Arktikada buzları sürətlə əridir. Bu isə regionun təbii sərvətlərindən istifadəyə təşviq edir.

Çin uzun illərdir Arktika regionunda tədqiqat aparır və təbii sərvətlərini istismar etmək istəyir. Pekinin regionla quru əlaqəsi yoxdur, lakin Rusiya ilə Sibir üzərindən Arktika regionunun birgə istifadəsinə dair razılaşmalar əldə edilib. Çin Danimarka, Kanada ilə də bənzər sazişlər imzalamaq istəyir, Vaşinqton isə buna mane olur.

Trampın əsas hədəfi ABŞ-ın maraqlarına uyğun saziş imzalamaqdır. Hansı ki, bu sazişlə Vaşinqton həm Kanada, həm də Qrenlandiyanın Arktika regionundakı təbii sərvətlərini çıxarıb, öz iqtisadi gücünü artırmaq istəyir. Bundan başqa, o, həm də Pekinin planlarını pozmaq niyyətindədir. Məsələn, Trampın Panama həmləsinin əsas səbəbi də Çinin kanal üzərindən keçən ticarət gücünə zərbə vurmaqdır.

Turan RZAYEV,                                    politoloq.

araz.az xəbər portalı.