ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən fəlakətli yanğınların səbəbini hərə öz bildiyi kimi izah edir. Cürbəcür hökmlər, variantlar, konspiroloji versiyalar ortalıqda dolaşmaqdadır.

Bəziləri bunu “ilahi ədalət”in təntənəsi, qələbəsi kimi yozur, digərləri isə bunu illüminatların işi kimi təqdim edirlər. Yanğının Nyu-Yorkdakı əkiz qüllələri partladanların növbəti təxribatı olduğunu düşünənlər və yaxud, ABŞ-la geosiyasi rəqabət aparan Çin, Böyük Britaniya kimi ölkələr tərəfindən törədildiyini iddia edənlər də var.

Lakin nə qədər qəribə görünsə də, hər halda bu dəhşətli yanğının siyasi səbəblərdən törədildiyi faktı da nəzərdən qaçırılmamalıdır. Ona görə də bir sıra ekspertlər Los-Ancelesdəki “apokalipsis”in məhz siyasi səhnədən getmələrinə sayılı günlər qalmış Demokratlar, solçu-liberallar, qlobalistlər tərəfindən yandırıldığını hesab edirlər.

Hazırda demokratların, liberalların bütün dünyada iflası prosesi gedir. Fransada Makronun mövqeləri sarsılıb. Almaniyada Olaf Şolts erası bitmək üzrədir. Kanadada Castin Trüdo vaxtından əvvəl siyasi səhnəni tərk etməli oldu. ABŞ-da isə Co Baydenin və Kamala Harrisin şəxsində Demokratlar Partiyası seçkini uduzdu. Bütün bu şəxslər son 30 ildə dünyada hökmranlıq edən liberal diktaturanın təmsilçiləridir. Trampın qələbəsi bu diktaturanın çöküşünə səbəb oldu.

Ona görə də qədim Romanı yandıran imperator Neron kimi, ABŞ-ın sonuncu demokrat prezidenti Co Bayden də gedərayaqda Los-Ancelesi yandırmaqla dərin nifrət bəslədiyi Trampa “sürpriz” etmək yolunu seçdi.

Ümumiyyətlə, Bayden və komandası Trampa yandırılmış, büdcəsi boşalmış, xarici borcu maksimum dərəcədə artmış, iqtisadiyatı geriləmiş, sosial problemlər içərisində çabalayan bir Amerika miras qoyub getmək istəyir. Federal qüvvələrin və Kaliforniya ştatının əlaqədar strukturlarının Los-Ancelesdəki yanğının söndürülməsi üçün xüsusi səy göstərməmələri də elə demokratların Trampa qarşı bu sabotajından qaynaqlanır.

Və təsadüfi deyil ki, Trampın özü də bu acı həqiqətin fərqindədir.

Belə ki, Tramp özünün “Truth” adlı sosial platformasındakı paylaşımında hazırkı Bayden administrasiyasını və Kaliforniya rəsmilərini sərt tənqid edərək, onları Los-Anceles ətrafında ölümcül meşə yanğınlarının söndürülməsindəki ləngimədə, səriştəsizlikdə ittiham edib.

Sitat:

“Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər. Minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq. Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?”.

Trampın “bunlara nə olub?” sualı, əslində, ritorik sualdır. Çünki Tramp özü də çox yaxşı bilir ki, Bayden və onun “liboş”-demokrat mafiyası nəyə görə yanğınların davam etməsində maraqlıdır.

Məşhur Hollivud aktyoru Mel Gibsonun “Fox TV”-nin efirində Kaliforniya hakimiyyətini yanğının qəsdən təşkilində günahlandırmasını da yəqin ki, izləmisiniz. Kaliforniya ştatının qubernatoru Gevin Nyusomun Demokratlar Partiyasının fəal simalarından və Baydenin qatı dəstəkçilərindən biri olduğu faktı isə sözsüz ki, hamıya məlumdur.

Bəybala MİRZƏYEV.

P.S.
Dünya siyasi səhnəsindən qovulmaqda olan liberastlar, demoNkratlar və Çin kimi toksik ölkələr Trampın prezidentlik fəaliyyətini iflic etmək üçün məkrli həmlələrini bundan sonra da davam etdirəcəklər.

P.P.S.
Los-Ancelesdəki yanğınları, Çindən yayılan növbəti pandemiya kampaniyasını (Metapneumovirus 2024) və Süni İntellektin (Sİ) total tətbiqinə sürətli keçidi dünyanın “format” olunmasının, yenidən qurulmasının fraqmentləri, təzahürləri kimi qiymətləndirənlər də var.

araz.az xəbər portalı.