natiq4Çoxdandı bu məsələ haqqında geniş yazmaq istəyirdim: Əleyhinə birlik effektiv deyil, ancaq lehinə birliklər effektiv ola, uğura gətirə, pozitiv dəyişikliklərə səbəb ola bilər. Bu “qızıl qanunu” anlamasaq bizdə uğur çətin olacaq.
Mən, məsələn, İlham Əliyevə qarşıyam, onun və komandasının dinc yolla, siyasi proseslə, seçkilərlə hakimiyyətdən getməsi üçün çalışıram-çalışacağam. Amma bu o demək deyil ki, bu hakimiyyətə kim qarşıdırsa mənim müttəfiqimdir. Məsələn, ölkədə bir kəsm şəriət dövləti istəyir, bu hakimiyyətə qarşıdırlar, İlham Əliyevin hakimiyyətdən getməsini istəyir – tək bu səbəb mənim onlarla birgə olmağına yetərli deyil axı! Yəni, kiminsə Əliyevin əleyhinə olması hələ mənim üçün yetərli deyil, ancaq mənim düşündüyün sistemin lehinə olmaq, eyni dəyərləri və hədəfləri bölüşmək birlik üçün əsas yarada bilər.

Və ya, hansısa ruspərəst, iranpərəst daha nə bilim nə pərəst kəsimlər var ki, Əliyevə qarşıdılar, əleyhinədilər, amma mənim onlarla bir yerdə olmağım mümkün deyil axı, çünki hədəflərimiz, lehinə olduğumuz məqamlar fərqlidir.

Ya da, kimsə illərdir bu hakimiyyətdən qidalanır, bütün üstünlüklərdən istifadə edir, mal-mülk sahibi olur, sonra maddi maraqlarına toxunurlar, güya, dəyişir və İlham Əliyevə müxalif olur, onun ƏLEYHİNƏ çıxış edir, bu adamlar ideoloji olaraq nəyinsə LEHİNƏ deyil, çünki illərdir onlar da hakimiyyətin yaratdığı korrupsiya sxemlərindən qidalanıb şişiblər. Mən o cür adamlarla bir yerdə ola bilmərəm, onların ƏLEYHİNƏ olduqları məsələ, mənim LEHİNƏ olduğum prinsiplərlə üst-üstə düşmür.

Bu gün Belarusda baş verənlər bu nəzəriyyəni bir daha sübut etdi: Əksəriyyət Lukaşenkonun ƏLEYHİNƏ birləşdi, hansısa ideya, amal və vizionun LEHİNƏ yox – ona görə də, ciddi uğur olmadı. Amma tək bir uğur var: Yeni nəsl yetişib, Lukaşenkonun ilk dəfə prezident seçildiyi il anadan olanların bu gün 26 yaşı var – dəyişən onların dünya görüşü, bilik səviyyəsi və yaşam istəkləridir. Ölkəni də məhz onlar dəyişəcək – bir tək qalıb onların eyni hədəfdə, nəyinsə LEHİNƏ təşkilatlanması.

Azərbaycanda da yeni nəsl yetişib, bəlkə də azı 100 dəfə bu haqda danışmışıq, yazmışıq, bir daha təkrar edim: Ölkədə dəyişikliyi məhz yeni nəsl edəcək, sadəcə o nəslin nümayəndələrini, yuxarıda qeyd etdiyim “zərərli və zəhərli” qruplardan kənarda tutmağa çalışmalıyıq. İşıqlı nəsil var, onlar mütləq ölkədə pozitiv dəyişikliklərə nail olacaqlar. Mütləq!

Natiq Cəfərli

ReAl partiyanın funksioneri

araz.az xəbər portalı.