PutinErdoganEliyev2

 

Sabiq nazir: “Moskvanın razılığı olmasa, Türkiyə Cənubi Qafqazda belə böyük miqyasda fəallaşa bilməz”

Azərbaycan və Türkiyə tarixində ən böyük birgə hərbi təlimlər başa çatdı. Bu təlimlər Azərbaycan ilə Ermənistan arasında Tovuz istiqamətində gedən döyüşlərin nəticəsi və Rusiya-Ermənistan hərbi təlimlərinə cavab olaraq həyata keçirildi.

Təlimlər başa çatdıqdan dərhal sonra  Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramov ilk səfərini Ankaraya etdi. Yeni nazir bu səfərə tək yox, Müdafiə naziri Zakir Həsənovla birgə getdi. Səfər zamanı hər iki nazir öz profillərinə uyğun həmkarları ilə və ən əsası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü.

Avqustun 12-də isə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana gəldi.

Baş verənləri AYNA-ya şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov ölkələr arasında hərbi-siyasi ittifaqın çoxdan qurulmağa başladığını və müəyyən mərhələlərdən keçdiyini deyib: “İki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik kimi qiymətləndirilməlidir və burada, ilk növbədə, Azərbaycana qarşı regional təhdidlərdən danışırıq. Azərbaycan ordusunun dünyanın  Türkiyənin və onun düşmənlərinin müxalif olduğu başqa yerlərdəki tədbir və əməliyyatlarda iştirakını təsəvvür etmək çətindir. Bu vəziyyətdə, aramızda yaranan hərbi-siyasi ittifaq ilk növbədə bu birliyin müstəqilliyinə, suverenliyinə və iqtisadi maraqlarına olan təhdidlərə cavab verir və verməlidir”.

“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar”

Diplomat, həmçinin son təlimlərdə F-16 kimi modernləşdirilmiş qırıcıların meydana çıxmasının bir qədər fərqli atmosfer yaratdığını düşünür: “Bu cür silah ABŞ-ın susqun razılığı olmadan burada görünə bilməzdi. Bu, onu göstərir ki, müharibə başlayacağı təqdirdə Azərbaycan silahlarının üstünlüyü tam təmin ediləcək. Həmçinin, onu da qeyd etmək lazımdır ki, söylədiklərim Ermənistan ilə Rusiya arasında münasibətlərin zəifləməsi fonunda baş verir. Biz Rusiyanın Ermənistanı dəstəkləmədiyini və gələcək hərbi əməliyyatlar zamanı da bunu etmək niyyətində olmadığını gördük”.

Zülfüqarov vurğulayıb ki, Ermənistan siyasi elitası üçün həlledici məqam gəlir: “Ya onlar daha yolagələn olacaq, ya da tez bir zamanda indi yeritdikləri siyasətin “məhsulunu” yığacaqlar. Paşinyanın ilk növbədə realizmə deyil, populizmə üstünlük verdiyini nəzərə alsaq, onların daha konstruktiv mövqe tutacaqlarına dair ümidlər çox deyil. Buna görə də bölgənin genişmiqyaslı hərbi əməliyyatlara doğru getdiyini söyləyə bilərik”.

Müsahibimiz hesab edir ki, Türkiyənin bölgəmizdə fəallaşması Rusiyanın ən yüksək səviyyədə razılığı olmadan baş tuta bilməz: “Bunu ilk növbədə Ermənistan siyasi rəhbərliyi başa düşməlidir ki, onlarda Türkiyə ilə Rusiya arasındakı qarşıdurma barədə heç bir xam xəyallar yaranmasın. Üstəlik, Rusiya Ermənistanın ərazi ambisiyalarını müdafiə etməyəcək. Buna görə Rusiya və Türkiyəni qarşıdurmaya sövq etmək uğursuzluğa məhkumdur. Təkrar edirəm, Ankara və Moskvanın birgə müzakirəsi olmasaydı, Türkiyə Cənubi Qafqazda belə böyük miqyasda görünməzdi”.

Müəllif: Nicat Hacıyev      

araz.az xəbər portalı.