Bu gün “Neftçi” UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə qarşılaşıb.
Strateq.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan oyunda “Neftçi”nin 2:1 hesablı qələbə qazanıb.
Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə “Neftçi”nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu “Şkupi”nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb.
Beləliklə, “Neftçi” Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.
Digər təmsilçimiz “Sumqayıt” isə Avropa Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniya “Şkendiya”sını qəbul edib. “Kapital Bank Arena”da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
Hər iki qol penaltidən vurulub. Hesabı 56-cı dəqiqədə Besart İbrahimi açıb. O, “Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun kobud oyunundan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 89-cu dəqiqədə isə Tellur Mütəllimov kobud oyun səbəbindən ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu dəfə penaltidən Lyupçe Doriyev yararlanıb.
Beləliklə, “Sumqayıt” Avropa Liqası ilə erkən vidalaşıb.
araz.az xəbər portalı.