Bəybala MİRZƏYEV ————————————-

Hörmətli həmkarlarımızdan biri yazıb ki, Qazaxıstan təyyarənin “Qara qutu”sunu Azərbaycana verməsə, bu, qardaşın qardaşa xəyanəti kimi silinməz ləkə ola bilər.

Ancaq mənim fikrimcə, biz bu məsələdə əsla narahat olmamalıyıq. Qazaxıstan “qara qutu”nun açılması və incələnməsində obyektivlik və şəffaflıq prinsipindən çıxış edəcək. Bizim buna inamımız şəksizdir. Çünki Qazaxıstan dövləti və xalqı bu faciəli günlərdə kimin yanında dayandığını açıq göstərdi. Türk Dövlətləri Təşkilatının (TDT) ən aparıcı ölkələrindən biri olan Qazaxıstan bizimlə əsl həmrəylik nümayiş etdirdi.

Hə, o ayrı məsələdir ki, Kreml komissiyanın yekun rəyinə öz mənafeyinə uyğun tərzdə təsir göstərmək üçün əlindən gələni edəcək. Ancaq Tokayev Putinin təzyiqlərinə, təhdidlərinə çoxdan öyrəncəlidir.

İnanıram ki, Tokayev Putinin sıxma-boğmaları, şantajları qarşısında axıra qədər duruş gətirməyi bacaracaq.

Bir də ki, işin içində Türkiyə də var.

Türkiyə, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması və qəzaya uğraması ilə bağlı araşdırmalara dəstək vermək məqsədilə həm Aktauya, həm də Bakıya mütəxəssis heyəti göndərib.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin tələbi əsasında təşkil edilən heyət, qəzanın səbəblərini hərtərəfli araşdırmaq və texniki təhlillər aparmaq üçün Bakıdadır.

Nazir Abdulkadir Uraloğlu isə bununla bağlı açıqlamasında bildirib ki, “qəzanın bütün aspektləri ilə araşdırılması və texniki təhlillərin aparılması üçün mütəxəssis heyəti formalaşdırdıq. Heyətimiz, Azərbaycanlı rəsmilərlə birgə çalışaraq qəzanın səbəblərini ətraflı şəkildə hesabatlandıracaq”.

Türkiyə Kremlin Astanaya təzyiqlərini neytrallaşdırmaqda və təyyarəmizin vurulmasının obyektiv araşdırılmasında dəstəyini əsirgəməyəcək.

Başqa sözlə desək, Türkiyə Rusiyanın xirtdəyindən yapışmağın çəmini yaxşı bilir.

araz.az xəbər portalı.