Bazar ertəsi — dekabrın 23-ündə “Dekabrın qara günləri: AN-140 təyyarəsində can verən 18 nəfər” məqaləsini yazarkən, heç ağlıma da gəlməzdi ki, 2 gün sonra, dekabr ayına növbəti bir qara gün əlavə olacaq.
Məqaləmizdə Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan AN-140 tipli sərnişin təyyarəsinin qəzaya uğramasından on doqquz il ötdüyünü ictimaiyyətə xatırladaraq, yazmışdıq: “2005-ci ilin dekabrın 23-də Bakı-Aktau reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında havaya qalxdıqdan bir-neçə dəqiqə sonra qəzaya uğrayaraq, Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları olub”.
Daha sonra məhz dekabr ayında Azərbaycana məxsus təyyarələrin qəzaya uğramalarını da oxucularımızın diqqətinə çatdırmışdıq: ” 1995-ci ilin dekabrın 5-də Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir-neçə dəqiqə sonra, açıq sahəyə düşərək, tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər”.
Daha sonra müstəqillik illərindən əvvəl də, məhz dekabr ayında Azərbaycana məxsus təyyarələrin dəhşətli qəzaya uğradığını yada salmışdıq: ” Hətta müstəqillikdən əvvəl ən dəhşətli təyyarə qəzası da, dekabr ayında baş verib. Yəqin ki xatırlayırsınız, 1988-ci ildə zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilən “İL-76” təyyarəsi Ermənistanın Spitak (Hamamlı) rayonu yaxınlığında “Stinqer” raketi ilə vuruldu. Sovet dönəmində erməni qüvvələrinin israrı ilə, həmin terror hadisəsi tarixə qəza kimi düşdü. Hadisə nəticəsində təyyarədə olan 77 azərbaycanlıdan cəmi 1 nəfər sağ qaldı”.
Qeyd edək ki, bu gün Bakı-Qroznı reysi ilə uçan AZAL-ın “Embraer ERJ-190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqalaya, daha sonra Aktauya istiqamətləndirildiyi haqda məlumat yayılıb. “Rosaviasiya” isə, quş sürüsü ilə toqquşduqdan sonra, kapitanın özünün Aktau limanını seçdiyini bildirib. Hava gəmisində 62 sərnişin, 5 ekipaj üzvü olub. İlkin məlumata görə, 28 nəfər sağ qalıb.
Əntiqə RƏŞİD, “Ədalət”.
P.S.
Bu gün dəhşətli qəza kimi yaddaşlarda qalan bir hava gəmisinin də anım günüdür. Belə ki, 2016-cı ilin dekabr ayının 25-də Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizə düşərək, param-parça olmuş, 93 nəfər ölmüşdü.
araz.az xəbər portalı.