bandicam 2021 01 19 15 20 53 240

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin həbsindən sonra Prezidentin keçmiş köməkçisi Əli Həsənovun da məsuliyyətə cəlb edilməsi yenidən gündəmə gəlib. Müşahidəçilər hesab edirlər ki, Səfərli Həsənovu da yanına aparacaq. Lakin Əli Həsənov ötən gün çox iddialı bəyanat verib. O, istintaqa cəlb edilmədiyini bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Vüqar Səfərli keçmiş ortaqlarının hamısını satıb:

“Əli Həsənov xəstəliyi ilə əlaqədar xaricə getmişdi. İndi onu gətiriblər, yoxsa özü gəlib bilmirik. Vüqar Səfərli həbsindən sonra ifadə verib. Daxildən sızan məlumata görə, Vüqar Səfərli keçmiş ortaqlarının hamısını satıb. Hətta Ramiz Mehdiyevin adını da çəkib. “Mən tək yeməmişəm. Biz pulların hamısını Ramiz Mehdiyevə verirdik”,-deyib. Hətta deyib ki, bəzən Ramiz Mehdiyev onlara göstəriş verib, nəticədə gedib ona bağ salıblar, villa tikiblər, torpaq sahələri alıblar və s. Maraqlıdır, pullar kimin vasitəsilə Mehdiyevə verilib? İndi mən orada Əli Həsənovun adının çəkilib-çəkilmədiyini bilmirəm. Amma hər halda istintaq gedir. Azərbaycan dövlətinin pulunu bu qədər talan etmək, Azərbaycan xalqını bu qədər aşağılamaq, medianı bərbad günə salmaq dövlətçiliyə xəyanətdir. Ona görə 44 günlük Vətən müharibəsi dövründə bəzi məsələləri saytlardan öyrənirdik. Amma Türkiyə mediası bizim əvəzimizə çalışırdı. Medianı bu günə qoyanlar mehdiyevlər, həsənovlardır. Onlar bu məsələni çox ustalıqla həyata keçirdilər. Mediası olmayan dövlət kor bir dövlətdir. Reklamı getməsə, o üzdə ola bilməz. Əli Həsənov da Mehdiyevin kurasiyasında olan bir adam idi. Görünür, ondan qorxub”.

Partiya sədri vurğulayıb ki, evlərin paylanılması zamanı Ramiz Mehdiyevlə hesablaşılırdı, siyahını o verirdi:

“Bunların hamısı üzə çıxmalıdır. Kiminsə dostunu, məşuqəsini, qohumunu gətirib vəzifəyə qoyacaqlarsa, vəziyyət daha da pis olacaq. Yeni dövr başlamalıdır. Hamısı dövləti talan etdiklərinə görə qanun qarşısında cavab verməli, Ramiz Mehdiyev istintaqa cəlb edilməlidir. Çünki bütün bu hadisələrin başında duran, Azərbaycan dövlətini zəlil günə salan Mehdiyev və onun kadrları oldu. Bu gün də həmin işlərlə məşğuldurlar. Azərbaycan mediasında tərəfkeşlik, qohumbazlıq hökm sürür. Kim Heydər Əliyevi, İlham Əliyevi aşağılayırdısa, Mehdiyev onların hamısına böyük hədiyyələr bağışlayırdı. Həmin vaxt komitə sədrlərindən biri bu məbləği verməyə razı olmadığı üçün Mehdiyev pulu bir nazir vasitəsilə çatdırırdı. Bunların hamısı gözümüzün qarşısında olub. Bəzən Əli Həsənov ona müqavimət göstərəndə, Ramiz Mehdiyev onu gözümçıxdıya salırdı. Onun kadrlarının hamısı bu gün Prezident Aparatında durur. Yenə köhnə hamam, köhnə tas”.

Həmsöhbətimiz Əli Həsənovun Mehdiyevlə müqayisədə xırda adam olduğunu diqqətə çatdırıb:

“Balıq başdan iylənər. Əli Həsənov orada xırda bir adam idi. Ramiz Mehdiyevdən yapışmaq lazımdır. Çünki Həsənov icraçıydı. Mehdiyevin tapşırığını yerinə yetirməyən adamlar isə çox ağır cəzalara layiq olurdu. Onun İlham Əliyevi tənqid etmək üçün xüsusi qrupu vardı. Məsələn, bizi çağırıb deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsinizsə, söyün. Həsənov o zaman şöbə müdiri idi, bu sahəyə rəhbərlik edirdi. Hər halda görünür, onların ona gücü çatmadı, bu gün də gücləri çatmır. Nə qədər ki o, çöldədir, Azərbaycanda xeyir-bərəkət olmayacaq. Prezident də dünən dedi ki, bəzi məmurlar haqqında çox ciddi tədbirlər görülməlidir. Bu elə-belə bir söhbət deyil. Böyük islahatların olacağı eyhamını verdi. Düşünürəm ki, Vüqar Səfərlinin verdiyi ifadələrə görə, Ramiz Mehdiyev elə indi istintaqa cəlb edilməlidir”.

Sayad HƏSƏNLİ

araz.az xəbər portalı.