Erməni separatçıları Azərbaycanın Xocavənd rayonu ərazisində faşist Qaragin Njdeyə heykəl ucaldıblar. Dağlıq Qarabağdakı separatçıların başçısı Araik Harutyunyan bu əməli ilə Avropadan siyasi dəstək almağa çalışır.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev Reyting.az-a deyib ki, separatçıların faşistə heykəl ucaltması Avropa ölkələrinin diqqətini Qarabağa artırmaq məqsədi ilə atılıb: “Əgər xatırlayırsınızsa, müharibə zamanı Fransa, Hollandiya və bəzi ölkələr separatçıların tərəfində durdu, müharibədən sonra bir növ Azərbaycana qarşı fəaliyyət göstərdi”.
CXP sədri xatırladıb ki, Ermənistanda Njdeyə ilk heykəl Serj Sarksiyanın hakimiyyəti dövründə qoyulub: “Bu heykəlin açılışı Almaniya Kansleri Angelə Merkelin Yerevana səfəri zamanı olmuşdu. Bununla nümayiş etdirmək istəyirdilər ki, Ermənistanın Avropa ilə əlqələri var, hər zamana ruslara qarşı vuruşublar. Yəni hədəfləri Rusiya deyil, Avropa ilə birlikdə olmaqdır. Necə ki imkan düşəndə bunu nümayiş etdirirlər. Nümunə kimi II Dünya müharibəsi zamanı ermənilərin Njdenin timsalında Rusiyaya qarşı vuruşmağı olub, indi də buna hazırdırlar. Yəni Njdeyə heykəl bu məqsədlə ucaldılıb. Bu konktekstdə Ermənistan Avropa Birliyi ilə Assosiativ saziş imzalayıb, əməkdaşlıq edib. Bütün bunlar Sarksiyanın hakimiyyəti dövründə olub. Bu sazişdən bir müddət sonra Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, yeni seçkilərin hazırlanması və digər məsələlərlə əlaqədar Sarksiyanla Rusiya münasibətləri gərginləşdi”.
Partiya sədri qeyd edib ki, sentyabrın 27-də Qarabağda müharibə zamanı və müharibədən sonra Rusiya hərbi-sənaye kompleksinin agentura şəbəkəsi, eləcədə Hərbi Baş Kəşfiyyat İdarəsinin nəzarətində olan qüvvələr və Qarabağda qalan separatçıların fəallaşması təsadüfi deyil:
“Njdeyə heykəlin qurulması ilə Araik Harutyunyanın Avropa ilə əlaqələrini gücləndirmək xətti sezilir. Bu, faktiki olaraq Serj Sarksiyan xəttinin davamıdır. Avropa ölkələrinin gələcəkdə Dağlıq Qarabağ məsələsinin qaldırılmasına, həmsədr ölkələrin hər birinin bu məsələdə fəallaşmasına nail olmağa çalışırlar. Yəni Avropanın dəstəyini əldə etmək məqsədi var. Yeri gəlmişkən, rular da buna göz yumurlar. Beləcə, gələcəkdə Fransa və Avropanı da bu prosesə qoşmaq istəyirlər. Yəni nə qədər qəribə görünsə də, ruslar da bu proseslərdən Avropa ölkələri ilə yeni əlaqələr qurmaq, erməni diasporunun dəstəyini əldə etməyə çalışırlar”.
Partiya sədrinin fikrincə, müharibədə uduzan Ermənistana görə, Avropadakı erməni diaspora qurumları Rusiyaya qarşı kəskin mövqedədir: “Ruslar Njde ilə bağlı məsələlərə səbr göstərməklə bir növ qızğınlığın səngiməsinə çalışırlar. Hesab edirəm ki, biz bu prosesləri diqqətlə izləməli, çalışmalıyıq ki, Avropa ölkələri separatizmə münasibətdə İspaniyada Kataloniya təcrübəsindən çıxış etsin. Əlbəttə, 40-50 min topluma görə dünyanın heç bir ölkəsində dövlət qurula bilməz”.
B. Quliyev hesab edir ki, Azərbaycan regionda kommunikasiya xətlərinin açılması ilə mövqelərini daha da gücləndirməlidir.
Reyting.az
araz.az xəbər portalı.