Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını daha bir il ləngitdi. Bakı və Ankaranın İrəvana, erməni xalqına uzatdığı barışıq əli 2024-cü ildə də havada qaldı.
Doğrudur, ötən il tərəflər arasında sülh sənədinin mətni üzrə fasilələrlə davam edən danışıqlar, layihənin diplomatik məktublaşma yolu ilə intensiv müzakirəsi davam etdi, konkret nəticələr də var. Məsələn, ilsonu məlum oldu ki, sülh müqaviləsinin preambula hissəsi və 17 bənddən 15-i artıq razılaşdırılıb.
Həmçinin keçən ilk dəfə sərhədin dinc demarkasiyası baş tutdu, 4 kəndimiz qaytarıldı, sərhədlərin demarkasiyası üzrə ortaq əsasnamə təsdiqləndi. Ancaq əfsus ki, böyük sülh anlaşmasının baş tutmasına əsas əngəl aradan qalxmadı. Əlbəttə ki, söhbət qonşu ölkə konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəadan gedir.
Rəsmi Bakı ən əvvəl bunu, bir də ATƏT-in Minsk Qrupunun ləğvini İrəvan qarşısında tələb-şərt kimi irəli sürür. Əslində bu, Azərbaycandan çox, beynəlxalq hüququn elementar şərt-tələbidir. Ermənistan əksini iddia eləsə də…
Aydındır ki, əsas şərt-tələb yerinə yetirilmədən nə sülh sənədi imzalanacaq, nə də iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olacaq. Heç bir dövlət onun ərazisinə konstitusion torpaq iddiası olan qonşu dövlətdə səfirlik açmaz.
Bu aksiomdur və onu kapitulyant tərəf nə qədər tez anlasa, bir o qədər təcriddən tez qurtulub inkişafa və sabitlik yoluna üz tutar, təcriddən qurtular. Çünki qonşu Türkiyə də bizimlə eyni mövqedədir və bu mövqe təzə ildə də dəyişməz qalacaq. Qısası, möcüzə baş verməyəcək.
Zaman-zaman yazmışdıq, ermənilər üçün yada salmaqda fayda var. Bakı və Ankaranın uzatdığı barışıq əli havada sonsuzadək qalmayacaq və əgər qarşı tərəf özünü ağıllı aparmazsa, günün birində, lap elə 2025-də, yəni İlan ilində o, yumruğa da çevrilə bilər – növbəti “dəmir yumruğ”a!
Ermənistanın sürətlə silahlanması və hücum silahları almasını nəzərdə tuturuq. Nə barədə ki, Prezident İlham Əliyev ötən gecə xalqa Yeni il müraciətində İrəvanı bir daha xəbərdar edib.
Sitat: “Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”…
Dünən baş nazir Nikol Paşinyan da öz soydaşlarına müraciət edib — hakimiyyətdə olduğu müddətdə 7-ci dəfə. Təqdirəlayiqdir ki, müraciətində o, Qarabağdan, uydurma “artsax”dan, erməni köçkünlərin Qarabağa qayıdış zəruriliyindən söz açmayıb. Müraciətini müstəsna olaraq, öz xalqını “29.743 min kv km-lik real Ermənistan”a inandırmaq tezisləri üzərində qurub.
Təəssüf ki, əməldə N. Paşinyan ziddiyyətli mövqeyini davam etdirir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını deyib durur. Amma ötən ilki çıxışlarının birində o, Ermənistan konstitusiyasını Ermənistana təhlükəsizliyinə ən böyük təhdid adlandırmışdı.
İndi bunu necə başa düşək? Nikol Vovayeviç ölkəmizə qarşı konstitusion ərazi iddiasının mövcudluğunu etiraf edir, ya yox. Etmirsə, onda “real Ermənistan” nağılı nəyə gərək?.. /musavat.com/
araz.az xəbər portalı.