“Tarif Şurasının bu ilin yanvar ayında ölkədə əsas yanacağın — 92 markalı benzinin, dizelin, eləcə də bir sıra dərman preparatlarının və nəhayət, suyun belə qiymətlərinin kəskin şəkildə artırılması barədə qərarları, ictimaiyyət tərəfindən böyük narazılıqlara səbəb olub. Partiya rəhbərləri, deputatlar, ictimai-siyasi fəallar Tarif Şurasının qərarlarını kəskin tənqid etsələr də, bu ciddi məsələ öz həllini tapmır ki, tapmır. Hətta, Tarif Şurasının özbaşınalığının qarşısını almaq üçün, cəmiyyəti razı salacaq müxtəlif təkliflər belə irəli sürülüb, lakin…
Ölkədə əhalinin alıcılıq qabiliyyətinin qorunması, antiinflyasiya tədbirlərinin effektliyinin artırılması üçün, təbii ki, qiymət siyasəti dövlətin birbaşa nəzarətində olmalı, sözügedən qiymət parametrləri (tənzimləmə — red.) ölkədəki real iqtisadi və sosial vəziyyətə, əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılmalıdır. Bu gün, Tarif Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, həqiqətən, həm hüquqi, həm də sosial, ictimai ehtiyac var” — bu fikirlər tanınmış hüquqşünas Vüqar Dadaşova məxsusdur. O, araz.az-ın, Tarif Şurasının fəaliyyətinin qanunauyğunluğu barədə sorğularını cavablandırarkən, qəti şəkildə bildirib ki, bu sahədə mövcud problemlərin həlli üçün, ilk növbədə, mütləq, Tarif Şurasının hüquqi statusuna aydınlıq gətirilməlidir: “Hal-hazırkı Tarif Şurası, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli, 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanı ilə, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnaməsi təsdiq edilən və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra — qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib. Göründüyü kimi, Tarif Şurası, icra həyata keçirən bir hakimiyyət orqanıdır. Daha doğrusu, Tarif Şurası da, fəaliyyətləri bu yöndən tənzimlənən dövlət hakimiyyət orqanlarına aiddir. Dövlət hakimiyyəti isə, Qanunverici, İcraedici və Məhkəmə hakimiyyətindən ibarətdir. Ölkə daxilində qanunverici orqan kimi, Milli Məclis fəaliyyət göstərir. Yəni, Konstitusiyamıza uyğun olaraq, Milli Məclis Qanunverici orqan kimi müəyyən edilib. Qanunların iyerarxiyası Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə, aşağıdakı şəkildə müəyyən olunub:
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1). Konstitusiya;
2). Referendumla qəbul edilmiş aktlar;
3). Qanunlar;
4). Fərmanlar;
5). Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
III. Naxçıvan Muxtar Respublikasında, həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.
V. Öz səlahiyyətləri daxilində, yerli icra hakimiyyəti orqanları, qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
Əlavə olaraq, diqqətimizdə onu da saxlamalıyıq ki, Konstitusiyamıza görə, Azərbaycan Respublikası sosial yönümlü dövlətdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Mübahisəsiz demək olur və açıq-aydın görünür ki, Tarif Şurasının bu qərarları isə, layiqli həyat səviyyəsinin təminatına yönləndirilməyib. Elə, insanların həyat və yaşayış səviyyəsini ağırlaşdıran, Konstitusiyamızın tələblərinə zidd olan qərarlardır.
Tarif Şurası ilə bağlı belə bir acınacaqlı durumun yaranması, təbii ki, onun tam müstəqil fəaliyyətinə məsuliyyətinin, üzərinə nəzarətin müəyyən edilməmiş qalmasıdır. Bir sözlə, Şuranın qərarları onun səlahiyyətindən kənar hüquqdur, ona görə ki, icra hakimiyyət orqanı kimi, onun qəbul etdiyi qərarlar hər hansı bir konkret sahənin fəaliyyətinin tənzimlənməsi deyil, ümumxalq və dövlət marağı olan məsələlər üzrə bütün ölkəni əhatə edir.Konstitusiyamıza görə, bütün ölkə üzrə qanunverici hakimiyyət orqanı kimi Milli Məclis səlahiyyətlidir. Bu yanaşma ilə, Tarif Şurasının ümumxalq və dövlət maraqlarına toxunan qərarları əhəmiyyətsiz hesab oluna bilər. Fikrimcə, Tarif Şurası ilə bağlı məsələ, onun ləğv edilərək, funksiyasının Milli Məclisə verilməsi ilə həll olunmalıdır.
Bu, mövcud qanunvericiliyin tələbi, eləcə də, ölkədə qiymət tənzimləməsi, sosial və iqtisadi vəziyyətin düzgün qiymətləndirilməsi üçün optimal variantdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.