AZƏRBAYCANIN MOLDOVADAKI SƏFİRİ QÜDSİ OSMANOV: “VƏTƏN MÜHARİBƏSİ ZƏFƏRİNDƏN SONRA AZƏRBAYCANA GÜCLÜ ÖLKƏ KİMİ BAXIRLAR”
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov “525”ə müsahibə verib. Səfir müsahibəsində Vətən müharibəsi dövrü və sonrasında xaricdə baş verən proseslərdən, Azərbaycan diasporunun fəaliyyəti, təbliğat sahəsində görülən işlər, mediadakı boşluqlar və çatışmazlıqlarla bağlı məsələlərə toxunub.
Müsahibəni təqdim edirik.
– Qüdsi müəllim, bir ölkəni onun sərhədlərindən kənarda müdafiə edib, tanıtmaq necə hissdir?
– Bu, həm çox şərəfli, çətin, həm də mürəkkəb və cavabdehlik hissi böyük olan işdir. Təbii ki, öz tarixini bilən, milli maraqlarına hörmət edən adam, öz xalqı ilə fəxr edir. Yer kürəsində çoxsaylı millətlət var, ancaq bütün millətlərin müstəq dövlətləri yoxdur. Biz isə müstəqil dövlət, xalq olduğumuz üçün xoşbəxtik. Ən böyük xoşbəxtliyimiz odur ki, şərəfli tariximiz var. Xaricdə müstəqil dövlətimizi, tariximizi təbliğ etmək daha şərəfli bir hissiyatdır. Biz burada müstəqil Azərbaycanımızın tarixi, müstəqilliyi ilə bağlı tədbirlər keçiririk. Tədbirlərdə yalnız diplomat kimi özümüzü göstərmirik, həm də dövlətimizin gözəlliyini, reallığını, tarixi-mədəni irsini göstəririk. Bu gün isə qalib ölkə kimi daha məmnuniyyətlə təbliğat aparırıq. Gördüyümüz işlərin müsbət nəticəsi olanda, biz də zövq alırıq.
– İnformasiya əsri ölkəmiz üçün hansı perspektivləri vəd edir? Bu imkanlardan istifadə edərək Azərbaycanın təbliğatını necə təşkil edə bilərik?
– Təbliğat amili müasir dünyada çox vacib şərtlərdən biridir. Biz bu vacib şərtləri hələ ötən 30 il ərzində torpaqlarımız işğal altında olarkən ermənilərin bizə qarşı yalandan apardığı təbliğatından bilirik. 44 günlük Vətən müharibəsində ölkəmiz şərəfli səhifələr yazarkən də biz görürdük ki, erməni diasporu yalan məlumatlar yayıb bundan əleyhimizə necə istifadə edə bilir. Onlar bununla həm dünya ictimaiyyətini aldatmağa cəhd edir və ilk dəfələrdə buna nail olurdular, həm də öz xalqlarını aldadırdılar. Uzun illər biz düşmənin Rusiyada, ABŞ-da, Avropada, eləcə də digər ölkələrdə təbliğatının hansı nailiyyəti qazandığını görürdük. Təbii ki, bu işlərdə çevriliş yaradan dövlətimiznin başçısı, Prezident İlham Əliyev oldu. O, dünyanın tanınmış informasiya meydanlarında bunu məharətlə bacardı. Biz diplomatlar və yaxşı fəaliyyət göstərən diaspor təşkilatları da mühüm işlər apardıq. Mən sizə Moldovanı misal çəkə bilərəm. Müharibə zamanı ilk həftə biz ermənilərin güclü fəaliyyətini gördük. Burada erməni diaspor təşkilatı və erməni kilsəsi sistemli şəkildə fəaliyyət göstərir, o cümlədən, onlar sosial şəbəkə vasitəsilə ayrı-ayrı saytları neqativ məlumatlarla təmin edirdilər. Ancaq biz bunu qarşısını aldıq. Əvvəla, biz gedib bütün informasiya agentlikləri, televiziyaların rəhbərləri ilə görüşlər keçirdik və başa saldıq ki, sizdən Azərbaycanın lehinə yox, sadəcə doğruları yazıb, obyektiv olmağı tələb edirik. Bizə sual edirdilər ki, burada sizin qazancınız nədir? Mən onlara başa salırdım ki, obyektivlik bizim xeyrimizədir. Çünki biz doğru yoldayıq və beynəlxalq norma və prinsiplər də bizim tərəfimizdədir. Nəticədə bütün media qurumlarının doğruları yazmasına nail olduq və Moldova ictimaiyyəti doğruları bilmiş oldu. Burada münaqişəni taksi sürücüsündən də soruşsan, artıq doğruları bilirdi. Buna düzgün təbliğatın nəticəsində nail olundu. Biz də üzərimizə qoyulan cavabdehliyi bu formada həyata keçirə bildik.
– Müharibə insanları birləşdirdiyi kimi boşluqları da ortaya çıxarır. Müşahidələr onu deməyə əsas verir ki, dünyadakı Azərbaycan diasporunun təşkilatlanması çox aşağı səviyyədədir. Bu haqda nə düşünürsüz? Boşluqlar nədən qaynaqlanır və bərpası mümkündürmü?
– Bizim üçün diaspor siyasəti və yaradıcılığı çox mürəkkəb və vacibdir. Əgər kimsə düşünürsə ki, torpaqlarımızı azad etdik və bununla məsələ bitdi, bundan sonra dünyada sistemli şəkildə fəaliyyət göstərən erməni propoqanda maşını dayanacaq, yanılır. Bizim qarşımızda hələ mürəkkəb, milli maraqlarımız üçün lazımlı bir çox işlərimiz var. Buna görə mütləq diasporumuz qaydasında və sistemli şəkildə fəaliyyət göstərməlidir. Diaspor fəaliyyətimizdə problemlər bizim düşündüyümüzdən də böyükdür. Yalnız boşluqlar deyil. O vaxt Ulu öndər Heydər Əliyev Diaspor Komitəsini yaratdı ki, biz bu sahədə böyük işlər aparaq. Bunun üçün bizə doğru yol və kurs da göstərdi ki, necə irəliləmək lazımdır. Lakin bu sahədə təcrübəmiz olmadığından çox böyük boşluqlar yarandı. Məsələn, bu gün diaspor təşkilatımız bir çox ölkələrdə bir nəfərin hakimiyyəti üzərində qurulub və o da diaspor təşkilatından yalnız öz xeyri, biznesinin inkişafı və ailəsinin maraqları üçün istifadə edir. Belə diaspor təşkilatı azərbaycanlıların inkişafına yox, əleyhinə çalışır, təşkilatı “xaç atası” prinsipi ilə idarə edirlər. Təsəvvürünüzə gətirin, o bölgədə özündən güclü həmvətəninin olmaması prinsipini güdürlər və bu da onların paxıllığından irəli gəlir. Öz yerlərini itirməmək üçün başqa azərbaycanlıların inkişafının qarşısını alırlar. Çünki diaspor sədrlərinin bir çoxu təsadüfi, savadsız adamlardır. Biz Moldovada da bu problemi yaşayırdıq. Lakin burada böyük islahatlar aparıldı, bu gün buradakı diaspor təşkilatı savadlı gənclərdən ibarətdir. Moldova kimi potensialı az, nisbətən kasıb bir ölkədə bu işləri görmək çətindir. Diaspor təşkilatlarımızın kifayət qədər möhkəm əlaqələri var. Təəssüf ki, bu əlaqələrdən azərbaycanlıların həmin ölkələrin siyasi-ictimai həyatında təmsil olunmasında istifadə etmirlər. Üstəlik, yerli hüquq-mühafizə orqanlarının əli ilə həmin azərbaycanlılara mane olurlar. Nəticədə biz sistemli şəkildə inkişaf edə bilmirik, ermənilər isə xeyli qabağa gedir. Götürək Moldovanı. Bizim diaspor təşkilatının burada 17-18 il bir sədri olub, iclaslarda heç 3 nəfər azərbaycanlı iştirak etməyib, anım günlərində 10-15 nəfərdən artıq adam tapıb toplaya bilməyib. Həmyerlilərimizin qarşısını elə alıblar ki, bir nəfər də qalmayıb. Burada dövlət, hüquq-mühafizə orqanlarında, mediada bir nəfər də azərbaycanlı yoxdur. Onlar ancaq öz qohum-qardaşı, oğlu-qızı üçün çalışıblar. İndi ermənilərin burada nəyin sahibi olduqlarına nəzər salaq. Moldova parlamentində deputatları var, hansı ki, biri həm də erməni diasporunun sədridir, Moldova prezidentinin yanında müşavirləri var, hüquq-mühafizə orqanları, prokurorluq, bələdiyyələrdə əməkdaşları, deputatları, media orqanlarında jurnalistləri var. Halbuki biz onlarla müqayisədə daha savadlı, qoçaq, işgüzar, daha vətənpərvərik. Mən bu haqda diaspor sədrimizə sual etmişəm ki, mənə izah edin, bəs biz harada təmsil olunuruq? Biz heç harda yoxuqsa, sizin yaratdığınız əlaqələriniz milli maraqlara xidmət etmirsə, o zaman bu, nə üçündür? Bunu hətta sadə azərbaycanlılar da sual edirlər. Onlar deyirlər ki, 30-40 il öncə biz hər yanda var idik, bəs indi nə üçün vəziyyət geriləyir? Bununla bağlı gətiriləsi arqumentlər yoxdur.
– Vətən müharibəsi zamanı siz, yaxud diasporumuzdan kimsə orada televiziya proqramlarına dəvət alıb daha geniş təbliğat apara bilirdinizmi?
– Mən onların hamısını səfir kimi özüm təşkil edirdim. Bir dəfə Gəncə hadisələri ilə əlaqədar medianı toplayaraq səfirliyin qarşısında brifinq keçirdim, diasporun gənc aktivlərini dəvət etdim. Brifinqdə Moldovanın 17 telekanalı iştirak edirdi və biz hamısına intervyü verirdik. İki gün bu kanallar bizim çıxışlarımızı göstəriblər. Mən özüm aktiv olmuşam və gənclərə göstərmişəm ki, belə olmaq lazımdır. Bir gün buradakı azərbaycanlı biznesmen dedi ki, cənab səfir, elə gün olmur ki, mətbuatda 17-20 sayt Azərbaycan əleyhinə yazmasın. Bu, faktdır. Bax budur, balaca bir ölkədə belə sistemli işlədikləri üçün naliyyətlər də əldə edirlər. Lakin 44 gün ərzində həm də leyhimizə saytlarda 900 məqalə çap olunub. İndi dediklərim kiminsə xoşuna gəlməyə bilər, ancaq fakt faktdır.
– Moldovada Azərbaycan və Ermənistana qarşı fikirlər necədir? Ayrı-seçkilik varmı və əgər varsa, bu, özünü daha çox harada göstərir?
– Moldovanın da ərazi bütövlüyü ilə bağlı problemi var. Buna görə də, təbii ki, bu məsələdə müəyyən amillər bizi bağlayır. Lakin ermənilər siyasətdə aktivdirlər, bizimkilər yox. Bizim üstünlüyümüz də ondan ibarətdir ki, güclü Azərbaycanımız və güclü Prezidentimiz var. Regionda inkişaf etmiş və güclü dövlət olmağımız, Prezidentimizin tanınmasına görə bizə bu ölkədə münasibət yaxşıdır. Əlbəttə, bizim tolerant ölkə olmağımız da buna təsir edir. Çoxsaylı turistlər ölkəmizə gəlib, yaratdıqlarımızı görüblər və s. Biz buradakı siyasətçiləri, media nümayəndələrini ölkəmizə qonaq göndərərək təbliğat aparmağa çalışırıq. Ermənilərin üstünlüyü bəllidir, lakin naliyyətlərimiz, beynəlxalq təşkilatlarda təmsil olunmağımız da bizim üstünlüyümüzdür. Ən sevindiricisi odur ki, zəfərimizdən sonra bizə tamam başqa münasibət bəsləyirlər. Bu ölkənin Prezidenti də, nazirləri də, məmurları da, jurnalistləri də bizə zəfər sahibi, güclü ölkə, xalq kimi baxırlar.
– Müharibə dövründə erməni diasporundan sizə qarşı hədə-qorxu, təhdidlər olurdumu?
– Bizim əməkdaşlara və şəxsimə qarşı belə təhdidlər olmadı. Çünki mərkəzdən bizə xüsusi təlimatlar gəlmişdi və təhlükəslizliklə bağlı bütün lazımi tədbirlər görülmüşdü. Bizim səfirlik hüquq-mühafizə orqanları tərəfindən ciddi rejimdə qorunurdu. Əməkdaşların hamısı üçün dövlət şərait yaradıb, hamısının evləri elə yerlərdə kirayə olunub ki, ailələri və özləri qorunsun. Bizim səfirlik güclü ölkənin güclü və fəal səfirliyidir. Erməni diaspor təşkilatının rəhbəri Qayd Vardanyan həm də Moldova parlamentinin deputatıdır, məni səfir olaraq məhkəməyə verib. Mən heç təsəvvür edə bilmirəm ki, azərbaycanlı diaspor sədri nə vaxtsa erməni səfirini məhkəməyə verə bilsin. Təəssüf edirəm ki, bu qarşıdurmalar zamanı Azərbaycanda bir çox saytlar da yazdılar ki, Qüdsi Osmanovu işdən çıxaracaqlar, onun adı qara siyahıdadır. Bu, absurd bir şeydir. Əsas sual budur ki, ermənilər bizim ölkədə jurnalistlərə bu yazıları necə yazdırdılar? Hələ də yerli media orqanlarında yazılar çıxır ki, səfir Azərbaycanda kazino biznesinə rəhbərlik edir. Əgər bütün bu ittihamlara bağlı faktlar varsa, necə olur ki, bunu hüquq-mühafizə orqanları bilmir, ancaq jurnalistlər bilir? Təbii ki, bu, ermənilərə lazımdır ki, hər yanda qışqırıb Azərbaycanın adına ləkə salmağı bacarsın. Mən Moldovada utanıram, çünki burada nəzarətsiz saytlar və jurnalistlər yoxdur. Nəzarət edən qanundur. Əgər böhtan yazılar varsa, onlar böyük məbləğdə cərimələnirlər. Bizdə nəzarətsiz saytlar o qədərdir ki, bilinmir erməninin əli hara qədər uzanır.
– Cənab Prezidentin rəhbərliyi altında qalib ölkənin səfiri kimi təəssüratlarınız necə oldu? Qalibiyyət günü sizi ilk kimi təbrik etdi?
– Əvvəllər səfirliyimizin yerləşdiyi bina ürəkaçan deyildi. Hətta bayrağımız qırıq bir dirəyə asılmışdı. Qonşuların pəncərələri birbaşa bizim səfirliyin həyətinə çıxırdı. İndi hər şey möhtəşəm şəkildə formalaşdırılıb. 44 gün Vətən müharibəsi zamanı bizim səfirliyin binasında tikinti işləri dayanmayıb. Hər birimiz işləmişik, hətta biz özümüz beton qarışdırmışıq. Biz bilirdik ki, qardaşlarımız səngərlərdə can qoyub torpaqlarımızı azad edirlər, biz də burada bütün işlərə səfərbər olub xidmət etməyə çalışırdıq.
Həmin gün təxminən 500 nəfər azərbaycanlı hətta pandemiya qanunlarını pozaraq səfirliyin həyətində toplaşıb böyük bayram əhval-ruhiyyəli tədbir təşkil etdilər, yallı oynadılar. Çünki indi səfirliyimizin həyəti genişdir və burada ölkəmizin adına layiqli bir bina ərsəyə gətirmişik. Təsəvvür edin, 68 yaşında azərbaycanlı mənə zəng edib sevincindən uşaq kimi hönkürüb ağlayırdı. Bizi həmin gün diplomatlar, buranın siyasətçiləri, deputatlar təbrik etdilər. Məni ilk Türkiyənin səfiri təbrik etdi. Bu yaşımızda biz möhtəşəm bir hiss yaşadıq. Bütün paytaxt bizim qələbəni qeyd etməyimizdən danışırdı. Cənab Prezidentimiz və hərbçilərimiz qüdrətimizi, gücümüzü bizə qaytardı. Biz hər zaman Prezidentimizə inanırdıq, bilirdik ki, biz işğal altındakı torpaqlarımızı mütləq azad edəcəyik. Bizim tariximiz, kökümüz var. Mən yeni seçilən Moldova prezidenti, hörmətli Maya Sandu ilə görüşəndə o, məni qələbəmiz münasibətilə təbrik etdi və bildirdi ki, cənab İlham Əliyevə onun xüsusi təbrikimi çatdırın. Bu, çox möhtəşəm, qürurverici hiss idi.
– Maraqlıdır, Vətən müharibəsi zamanı hansı yerli media qurumlarını izləyirdiniz?
– Tam ciddi və birmənalı şəkildə deyirəm, “525-ci qəzet”i izləyirdim. Mən hələ cavan ikən Sankt-Peterburqda fəxri konsul idim, o zamandan bu qəzeti izləyirəm. Adı da gözəldir. Ümumən deyim ki, daimi olaraq 525.az, müsavat.az, report.az, minval.az, oxu.az saytlarını izləyirdim, CBC TV, AzTV, Real TV-yə baxırdım.
– Səfirlik ölkəmizlə bağlı hansı layihələr, tədbirlər planlaşdırır?
– Bizim səfirliyimizin girişində geniş bir bağça var. Burada Ümummilli lider Heydər Əliyevin büst-heykəli ucaldılıcaq. Əlavə olaraq bağçadakı divarlarda isə 3 dahi şairimiz – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulinin barelyefləri yer alacaq. O cümlədən, orada Xocalı soyqırımının və qələbə gününün simvolu yerləşdiriləcək ki, buradan keçən yerli vətəndaşlar baxa bilsin. Həmvətənlərimiz də xüsusi günlərdə toplaşıb bu barelyefləri ziyarət edə biləcəklər. Qələbə günü hər il burada təntənə ilə qeyd ediləcək. Bizim başımıza nə gəlibsə, tariximizi tez unutduğumuza görə gəlib. Tarixi unutmaq olmaz, onu gələcək nəsillərə düzgün aşılamaq lazımdır. Tariximizi Prezidentimiz qədər mükəmməl bilməliyik. Bizim hər sahədə öz işini peşəkar bilən, vətənpərvər və ləyaqətli şəxslərə ehtiyacımız var.
-Hörmətli səfir, müsahibə üçün təşəkkür edirəm. Ölkəmiz adına gördüyünüz bütün işlərdə müvəfəqqiyyətlər arzu edirəm!
-Xoş oldu, mən də təşəkkür edirəm. Sağ olun!
Afaq RZA
araz.az xəbər portalı.