Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın Müşahidə Şurasının yaranması və SOCAR-ın birbaşa rəhbərliyi və nəzarətin bu quruma verilməsi dövlətin ən böyük şirkətində ciddi problemlərin olduğunu göstərir.
araz.az bakupost.az-a istinadən xəbər verir ki, əslində, SOCAR-la bağlı uzun müddətdir ekspertlərin rüblük və illik təhlilləri bu qurumda böyük çatışmazlıqların olduğunu göstərirdi. Ancaq bu çatışmazlıqlar siyasi iradə ilə həll edilmədi, SOCAR prezidenti Rövnəq Abdullayev vəzifəsində saxlandı, amma faktiki olaraq rəhbərlikdən kənarlaşdırıldı. Bu isə onu deməyə əsas verir ki, R.Abdullayavin fəaliyyətində qaranlıq məqam və dövlətin siyasi rəhbərliyindən gizli fəaliyyət baş verib və verir. Başqa sözlə, Rövnəq Abdullayevə etimad yoxa çıxıb. Bunun isə səbəbləri az deyil.
SOCAR-ın illik hesabatlılığı
SOCAR-la bağlı ən ciddi problemlərdən biri qurumun hesabatlılığının həddən artıq aşağı olmasıdır. Baxmayaraq ki, ölkə başçısı 2015-ci ildə bu istiqamətdə dönüş olması üçün sərəncam və tapşırıqlar verib, aradan keçən müddətdə SOCAR-ın fəaliyyət istiqamətlərini əhatələyən hesabat ictimaiyyətə açıqlanmır və yaxud qismən açıqlanır.
Digər məsələ isə SOCAR-ın strategiyasının hələ də hazırlanmamasıdır. SOCAR nəinki Azərbaycanın, Avropanın ən böyük şirkətləri sırasında olmasına baxmayaraq, bu şirkətin hələ də strategiyası yoxdur və yaxud rəsmi elan edilməyib. Halbuki, məsələn, BP və yaxud “Rosneft” 2025 və ya 2030 strategiyasını artıq çoxdan elan edib.
Bu, SOCAR-ın fəaliyyət istiqamətinin sistemsiz və ya korporativ maraqlar daxilində icra edildiyini düşünməyə ciddi şübhələr yaradır.
SOCAR-ın illik borcu
Bu qeyri-müəyyən strategiyanın nəticəsidir ki, SOCAR həddən artıq böyük borcun içindədir. Və bu tendensiya davam edir.
Məsələn, 2019-cu ildə SOCAR-ın gəlirləri 2018-ci illə müqayisədə 22,3%, xalis mənfəəti 46,8% azalıb. 2019-cu ildə satışların maya dəyəri 77 mlrd. 960 mln. manat (azalma 23,6%) təşkil edib.
Şirkət həmin il əməliyyat fəaliyyətindən 2 mlrd. 584 mln. manat mənfəət əldə edib ki, bu da 28,2 faiz azalma deməkdir. Dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər də 32,1 faiz azalaraq 677 mln. Manata düşüb.
2019-cu ilin sonuna şirkətin uzunmüddətli borc öhdəlikləri 11,4 milyard dollar təşkil edib. Halbuki 2017-ci ildə bu göstərici 9,5 milyard dollar, 2018-ci ildə 9,7 milyard dollar idi.
Bir il – 2018-ci ildə borc cəmi 200 milyon artdığı halda 2019-cu ildə 1,5 milyard borc artımı artıq böyük siqnaldır.
2020-ci ildə bu borc artımının nə qədər olması və ümumiyyətlə, ötən ilin hesabatı elan edilməyib, hər halda, əlçatan yerdə yoxdur. Ancaq 2020-ci ildə dünyada neft və qaz qiymətlərindəki kəskin azalmaları, eyni zamanda, pandemiyanın doğurduğu çətinlikləri nəzərə alsaq, SOCAR-ın borc öhdəliklərini ötən il də artırdığına şübhə yoxdur. Açıqlanan rəsmi məlumata görə, 2020-ci ilin yalnız yanvar-may aylarında şirkət 1 milyard 82 milyon manat həcmində borcu ödəmək üçün əlavə olaraq yerli və beynəlxalq banklardan 1 milyard 71 milyon manat olan yeni uzunmüddətli və qısamüddətli kreditlər cəlb edib.
Başqa sözlə, SOCAR-ın 2020-ci il üçün borclarını 2019-cu ildəki həcmdən daha çox artırmadığını düşünmək üçün heç bir əsas yoxdur.
SOCAR talan edilir?
Dövlətin ən böyük şirkəti olan SOCAR-da tenderlərin qeyri-şəffaf olması, əsasən də Rövnəq Abdullayevin şirkətin Marketinq departamentinin rəhbəri Adnan Əhmədzadənin vasitəsilə ölkədən külli miqdarda vəsait çıxarması haqda internet resurslarında çoxsaylı məlumat mövcuddur.
Adnan Əhmədzadənin Rövnəq Abdullayevin “qara kassası” olması haqda iddialar da vaxtaşırı olaraq mediada tirajlanır.
Ümumiyyətlə, A.Əhmədzadənin dəyəri milyonlarla ölçülən bahalı avtomobilləri, eyni zamanda müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bəlli ünvanlarda qeydiyyatdan keçən şirkətlərə sahiblik etməsi və SOCAR-ın böyük əməliyyatlarının şübhəli tərzdə bu şirkətlərə həvalə edilməsi ən skandal məsələlər sırasındadır.
Adnan Əhmədzadə
Məsələn, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan “HM Land”ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib. Sənədlərdə 5 milyon 500 min funt sterlinq dəyərində birinci ödənişin 26 aprel 2018-ci il tarixdə Adnan Əhmədzadənin öz adına edildiyi əksini tapıb. Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu göstərilir. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 1.1 milyon dollardan 2.1 milyon dollara qədər dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.
Londondakı mənzilə görə 550 min funt sterlinqlik ikinci ödəniş 2019-cu il fevralın 14-də AA Properties 2000 Limited şirkəti üzərindən həyata keçirilib. 2015-ci il dekabrın 4-də Londonda qeydiyyatdan keçən bu şirkətin təsisçisi də Adnan Əhmədzadədir. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur.
Ümumiyyətlə, A.Əhmədzadənin İngiltərədə, İspaniyada və s. ölkələrdə qeydiyyatdan keçən və kapitalı milyonlarla ölçülən şirkətləri var.
Onun həm də Böyük Britaniya vətəndaşı olduğu bildirilir. Belə bir şəxsin SOCAR kimi strateji şirkətdə marketinq işlərini idarə etməsi isə ən çox sual olunan məsələlərdir.
Şirkətin borcu və Rövnəq Abdullayevin imkanları
A.Əhmədzadə SOCAR-da baş verən qeyri-şəffaf proseslərin içində adı ən çox hallananlar sırasındadır. Amma məhz sırasındadır, yəni tək deyil və R.Abdullayevin xaricdəki biznesini idarə etdiyi iddia edilənlərin sayının çox olduğu haqda məlumatlar mediada tirajlanmaqdadır.
Yeri gəlmişkən, SOCAR-ın borcunun 1,5 milyard artdığı, gəlirlərinin kəskin azaldığı 2019-cu il həm də Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin hədə-qorxu ilə 1,3 milyon avroluq saatının əlindən alınması ilə yadda qalıb. Xatırlatmağa dəyər ki, hadisə məhz Adnan Əhmədzadənin böyük şirkətlərindən birinin fəaliyyət göstərdiyi İspaniyada baş vermişdi.
Neft Emalı Zavodunun yenidənqurması
Ən ciddi müzakirə olunan məsələlərdən biri də Neft Emalı Zavodunun yenidənqurulmasıdır. Maraqlıdır ki, sıfırdan başlayaraq, ən müasir NEZ-in qurulması üçün minimum 3 milyard, maksimum isə 4 milyard dollar vəsait tələb olunduğu bildirilir. Bu, həm də Avropa qiymətləridir. Azərbaycanda isə NEZ-in yenidənqurması, yəni təmirinə 2,2 milyard dollarlıq müqavilə imzalanıb. İtaliya şirkəti ilə bağlanan bu müqavilənin detalları açıqlanmasa da, rəsmi məlumatda qiymətin arta biləcəyi xüsusi vurğulanıb. Belə ki, yenidənqurma zamanı “tenderin qalibi olan” şirkət bəzi avadanlıqların dəyişilib-dəyişilməyəcəyinə qarant durmayıb və onlara yalnız baxış keçirəndən sonra qiymətləndirmə aparacağını bildirərək, müqavilədə o hissəyə imza atmayıb.
Müqavilədən 2 il keçəndən sonra – 2020-ci ildə isə SOCAR rəhbərliyi yenidən eyni səbəblə, 2,2 milyardlıq ilkin müqavilənin dəyərinin arta biləcəyini vurğulayıb. Maraqlıdır, şirkətin müqaviləni yarımçıq imzalamasını şərtləndirən hansı səbəb olub? İlkin qiymətləndirmədən sonra xarici şirkətin dəqiq hesablama aparması üçün iki ildən artıq müddətdə orda çalışması kifayət etməyibmi?
Daha bir nüans: NEZ-in yenidənqurmasını Dövlət Neft Fondu maliyyələşdirir, yəni xərcləri NF ödəyir, necə ki, SOCAR-ın borclarının da ödəyicisi dövlətdir.
Xatırladaq ki, Azərbaycan dövlətinin ümumi borcu SOCAR-ın borcundan az qala 3 milyard dollar azdır.
SOCAR-ın “ictimai-siyasi” öhdəlikləri
SOCAR rəhbərliyinin ictimai-siyasi şəxs və ya qurumları dəstəklənməsi də qeyri-rəsmi öhdəlikləri sırasındadır. Ancaq şirkət rəhbərinin bu etimaddan istifadə edərək, deputat mandatı qazandırdığı və fəaliyyətini maliyələşdirdiyi fəalların ictimai nüfuz əmsalı sıfırın altındadır. Bu azmış kimi, həmin şəxs və ya şəxslərin Rövnəq Abdullayevin birbaşa özü ilə yaxın münasibətləri olması haqda da vaxtaşırı məlumatlar yayılıb.
SOCAR-ın maliyyə dəstəyi göstərməsi öhdəliyini götürdüyü QHT və media qurumları da müəyyən istisnaları çıxmaq şərti ilə, pul israfı, bəzi hallarda isə ölkənin nüfuzuna problem yaratmaqla məşğul olublar. Təsadüfi deyil ki, hazırda həmin qurumlarda ciddi problemlər də yaşanır.
Əldə etdiyimiz məlumata görə, SOCAR-ın hesabatlılığını təmin etməyən R.Abdullayevdən hazırda ictimai sektordakı fəaliyyətinin hesabatlılığı istənilir və bu da qurumlardakı fəsadları ortaya çıxarır.
SOCAR QHT sektorunda neft mütəxəssisləri və peşəkarlarla çalışmayıb, onların şirkətin fəaliyyətini izləməsi və təkliflər irəli sürməsinin qayğısına qalmayıb, əksinə, həmin qurum və şəxsləri SOCAR-ın yaxınlığına buraxmamaqla, şirkət haqda beynəlxalq qurumlarda qeyri-şəffaf fəaliyyət göstərən qurum imicinin yaranmasında müstəsna rol oynayıb. Çünki bu sektordakı mütəxəssislər beynəlxalq qurumlarla birgə çalışıblar və illik hesabatlarını da ora göndəriblər.
SOCAR-da təlatümlər…
Hazırda hakimiyyətin güvəndiyi və çoxşaxəli fəaliyyəti və qabiliyyəti ilə seçilən Mikayıl Cabbarovun bütün bu fəaliyyəti incələməyə başladığı haqda məlumatlar yayılıb. Ehtimal ki, bu araşdırmaların nəticəsini yaxın vaxtlarda görəcəyik…
araz.az xəbər portalı.