“Qeyri-hökumət təşkilatlarına münasibətdə yeni gözlənti və yanaşmalar informasiyalı cəmiyyət quruculuğunun hazırkı mərhələsinin tələbidir, bu mənada yeni strukturu forma və məzmun baxımdan qarşıya qoyulan məqsədlərə nail olmaq üçün uğurlu addım hesab edirəm”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Deputat Azərbaycanda 2017-ci ildən etibarən islahatların aktiv mərhələyə keçidini xatırladaraq qeyd edib ki, proses son iki ildə xüsusilə intensivləşib: “İslahatlar bütün sferaları əhatələyib, o cümlədən əhəmiyyətli kadr və struktur dəyişiklikləri edilib. Şahidsiniz, son 2 ildə dövlətin qanını zəli kimi sovuran məmurlar, habelə müəyyən strukturlarda cinayətkar klan və şəbəkələşmə yaradan ayrı-ayrı şəxslər azad edilib və məsuliyyətə cəlb olunub”.
Bu proseslərin diplomatik xidmətdən də yan keçmədiyini vurğulayan Bəhruz Məhərrəmov əlavə edib ki, dövlət başçısı çıxışlarında bəzi diplomatların yarıtmaz və xəyanətkar fəaliyyəti barədə açıq şəkildə danışmışdı və sonra bu istiqamətdə radikal tədbirlər də görülüb: “Bundan başqa, fəaliyyətində konkret qanun pozuntusu olmayan, lakin uğursuz işi və qalmaqallarla Azərbaycan adına ləkə gətirən, yaxud, ən vacib dövrlərdə, Vətən müharibəsi və sonrakı mərhələdə informasiya savaşında daha çox lal diplomat kimi xarakterizə olunan səfirlərimiz də var. Əlbəttə, işdən çıxarılan bütün diplomatlar barədə eyni qənaətlə çıxış etmək olmaz, amma istənilən halda yeniləşmə başda o sadaladığım amilləri aradan qaldırmaq missiyası olmaqla, daha çox faydalı iş əmsalı əldə etməyə yönəlib. Azərbaycan artıq 1 il əvvəlki Azərbaycan deyil, biz bölgədə hərbi və siyasi gücük, bu mənada Azərbaycanın təmsilçiləri də bu standartlardan hərəkət edə biləcək, ən azından Prezident İlham Əliyevin hücum diplomatiyası strategiyasının mürəkkəbliyinə və yükünə tab gətirə biləcək gücdə şəxslər olmalıdır. Son dəyişiklikləri də yalnız bu istiqamətdə şərh etmək mümkündür”.
Deputat həmçinin yeni yaradılan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən gözləntiləri barədə söz açıb.
Müsahib qeyd edib ki, struktur özlüyündə bir vasitədir, daha vacib olanı isə doğru idarəçilik olacaq: “İndiyə qədər Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi üçün konseptual hüquqi baza 2007-ci “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” olub. Yəni dəstəyin əsas prinsip və formaları, prioritet sahələri, dövlət dəstəyinin təmin olunma vasitələri də daxil bütün vacib nüanslar 2007-ci il Konsepsiyasında müəyyən edilib. İndi bu dövr üzrə fəaliyyət təhlil olunub, əldə olunan nəticələr ümumiləşdirilib və bu qənaətə gəlinib ki, QHT-lərin potensialından daha səmərəli istifadə edilmək üçün islahata ehtiyac var və islahatda bu sahədə tənzimləyici mexanizmlərin təkmilləşməsindən başlanır. Burada 3 aydın hədəfimiz müəyyən edilib. Birincisi, QHT fəaliyyətinin genişlənməsi – Fərmanla genişlənmə dedikdə QHT-lərin cəmiyyət üçün ictimai aktual hesab olunan məsələlərin həllində iştirakına əlavə imkanlar yaradılması nəzərdə tutulur. İkincisi, biznes qurumlarının cəmiyyət qarşısında sosial məsuliyyətinin artırılması, üçüncüsü isə cəmiyyətdə həmrəylik ruhunun daha da güclənməsinə nail olmaq. Məhz qeyd edilən məqsədlərə nail olmaq üçün də, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradıldı və təsdiq edilən nizamnamə ilə Agentliyə QHT-lərin inkişafı, digər sektorlarla əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, təşəbbüslərin qiymətləndirilməsi və QHT sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi kimi səlahiyyətlər verildi”.
Qeyd: Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılacaq.
Dövlət başçısı bir sıra sərəncamlar da imzalayıb. Belə ki, Prezident İlham Əliyev Ramiz Həsənovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə R.Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bu vəzifədə Anar Məhərrəmovu (Abel Məhərrəmovun oğlu) əvəz edib. İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovu Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edib. Prezidentin digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığına fövqəladə və səlahiyyətli səfir göndərilib. Dövlət başçısının daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Nəzrin Cavid
araz.az xəbər portalı.