saakaşviliMənim prezidentlik dövrümdə bu cür etnik qarşıdurma heç bir dəfə də olmamışdı.

araz.az 24Nyus.ge-yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Dmanisidə baş verən hadisələri (azərbaycanlılarla svanların qarşıdurması – red.) şərh edərkən deyib.

Onun sözlərinə görə, bu hadisələrin baş verməsinə səbəb hakimiyyətin cinayətkarlara şərait yaratmasıdır:

“Bizim vaxtımızda azərbaycanlıların və ermənilərin yaşadığı regionlara 1500 gürcünü göndərərək orada gürcü dilinin öyrədilməsi layihəsi vardı, lakin “Gürcü Arzusu” inglis dili layihəsini dayandırdığı kimi, bu layihəni də dayandırdı. Mənim prezidentlik dövrümdə bu cür (Dmanisidəki kimi) etnik qarşıdurma heç bir dəfə də olmamışdı. Bu gün bunlar niyə baş verir? Bunun aydın səbəbi var, çünkü onlar siyasi hakimiyyətlərini əldə saxlamaq üçün küçə cinayətkarlarından istifadə edirlər. Küçə cinayətkarlarından istifadə edildiyi zaman isə etnik mənsubiyyətindən asılı olmayaraq artıq polisin onlara mane törətməsinə heç mənəvi haqqı qalmır. Gürcüstanda bütün millətlər bərabər hüquqludur, azərbaycanlılar və gürcülər Gürcüstan ordusunda birlikdə mübarizə aparırdılar. Mənim üçün necə ki, gürcülər eləcə də Gürcüstan vətəndaşı olan və vətəni Gürcüstan olan azərbaycanlılar da gürcüdürlər”.

Saakaşvili bu cür problemlərin olmamasının tək yolunun hakimiyyətin dəyişdirilməsi olduğunu bildirib:

“Bütün bu hadisələr cinayətkarların tərəfinin tutulmasının, xalqı həddindən artıq kasıblatmağın və onları pis vəziyyətə qoymağın nəticəsidir. Xaos və qanunsuzluq İvanişvilinin işinə yarayır, çünkü bu halda İvanişvili Gürcüstanda yaşayanları daha tez azaldır. Buna görə də Gürcüstanda qayda-qanunun tətbiq edilməsinin tək yolu var, o da payız referendumu nəticəsi ilə hakimiyyətin tez bir zamanda dəyişməsidir və bunun üçün hər birimiz hazır olmalıyıq”, – deyə M. Saakaşvili bildirib. 

 

 

araz.az

araz.az xəbər portalı.