tebriz 1 660x330

Ermənistan mətbuatı 160 əsgərin Qarabağdakı döyüşlərdən qaçaraq İran sərhədini keçməsi barədə sensasion məlumat yayıb. Müdafiə Nazirliyinin və digər qurumların mövzu ilə bağlı açıqlama verməməsi, medianın suallarından yayınması məlumatın doğruluğunu təsdiqləyir.

Ermənistanda gündəmin əsas müzakirə predmetinə çevrilən 160 əsgərlə bağlı məsələyə münasibət bildirən “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan saxlanan həmin əsgərlərin valideynlərindən ona müraciətlər daxil olduğunu deyib: “Erməni mətbuatı məsələni gündəmə gətirməsəydi, mövzuya toxunmazdım. Uzun müddətdir ki, itkin sayılan bir çox əsgərin valideyni mənə bu mövzuda danışmışdı. Deyirlər ki, etibarlı məlumatlara malikdirlər, hətta telefon zəngləri də olub ki, oğulları müharibə zamanı Qarabağın cənub hissəsindən – Cəbrayıldan İranla dövlət sərhədini keçiblər. Buna görə də onlar İranda əsir götürülüblər. Üstəlik, valideynlərdən biri açıq şəkildə qeyd etmişdi ki, bizim sərhədçilər İranda yerləşən Amandi kəndindəki bir hərbi hissədə saxlanırlar. Bu məsələ ilə çoxdan məşğul oldum və mövzunu neçə dəfə Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanla müzakirə etsəm də, o, belə bir hadisənin olmadığına əminliyini ifadə etdi. Üstəlik, bir neçə valideyn hətta Təbrizə gedərək erməni yepiskopu ilə görüşmüşdü ki, onlara da eyni cavab verilmişdi. Rəsmi olaraq İranın xarici işlər nazirinə müraciət etdim. Mənə məktubun daxil olduğunu və bir müddət sonra cavab veriləcəyini dedilər. Hələ ki, cavab yoxdur. Rusiyalı həmkarlarım vasitəsilə məlumatı nə inkar, nə də təsdiq etməyən bir neçə İran generalı ilə əlaqə saxladıq və onlar dəqiq cavab vermək üçün vaxt istədilər. Ermənistan Müdafiə Nazirliyinin mövzunu şərh etmək istəmədikləri barədə verdiyi cavabı şok effekti yaratdı. Bəs sizin mövzunuz nədir?”.

Zöhrabyan növbəti dəfə rəsmi olaraq İranın Ermənistandakı səfirinə müraciət ünvanlayacağını bəyan edib.

Deputatlar səviyyəsində İranda erməni əsgərlərinin saxlandığı barədə məlumatların gündəmə gətirilməsi diqqətçəkən məqamdır. Eyni zamanda, maraqlı versiyadır. Bu, əslində, həm də erməni əsgərlərinin torpaqlarımızda zorla saxlandığını təsdiqləyir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında deyib ki, ermənilərdən istənilən məkrli siyasət gözləmək olar: “Bu baxımdan N.Zöhrabyanın fikirləri düşündürücüdür. Məsələ ondadır ki, Vətən müharibəsi zamanı ordumuz Arazboyu əraziləri işğaldan azad edən zaman buna bənzər məlumatlar var idi. O zaman məlumat yayıldı ki, sürətlə geri çəkilən işğalçı qüvvələr İran ərazisinə keçib. Qəribədir ki, o zaman belə bir halın baş verib-verməməsi barədə İran rəsmi olaraq düz-əməlli açıqlama vermədi. Digər təəccüb doğuran məqam o idi ki, Azərbaycan Ordusu İranla sərhəd olan 132 kilometrlik uzunluqdakı zolağı işğaldan azad edəndən sonra rəsmi Tehran, bir növ, narahat oldu. O mənada ki, İranın elit qüvvələri sərhədə yeridildi. Hansı ki, 27 il idi İranla həmsərhəd olan Zəngilan, Cəbrayıl işğal altında olanda cənub qonşumuz bu cür narahat deyildi. Sərhədə qüvvə cəmləşdirmirdi. Bütün bunlar bir daha kimin dost, kimin düşmən olduğunu ortaya qoyur. 10 noyabr razılaşmasının 4-cü bəndində Ermənistan ordusunun Qarabağdan çıxarılması nəzərdə tutulub. Ancaq Ermənistan bundan yayınır. Bu və ya digər formada əsgərlərini zorla Azərbaycan ərazisində saxlayır. Bu baxımdan hesab edirəm ki, zərurət yaranarsa, dəmir yumruq yenidən ermənilərin başına endirilməlidir”.

AT sədri hesab edir ki, ermənilərlə ancaq zor dilində danışmaq lazımdır.

 

 

araz.az

araz.az xəbər portalı.