UshagatecavuzHamar statistika qeydə almaq, sənədləşdirmək və ictimailəşdirmək asandır, bəs bəlaya qarşı gerçək mübarizə…?

Azərbaycanda fahişəlik qanunla qadağandır, lakin bu fakt sözügedən “biznes” üçün bir maneə deyil. Ancaq nə etdiklərini mükəmməl başa düşən böyüklərin öz istəkləri ilə cinsi xidmətlər göstərmələri bir şeydir, yetkinlik yaşına çatmayanların isə bu sahəyə qarışması başqa bir şey. Uşaqlar onları qazanc vasitəsi kimi görənlər tərəfindən nəyə məcbur edildiklərinin fərqinə varmırlar. Fahişəlik yetkinlik yaşına çatmayanların fiziki sağlamlığına çox böyük ziyan vurur və araşdırmalara görə, onların psixikalarında dəyişikliklərə səbəb olur.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi statistik məlumatlar yayımladı ki, həmin məlumatlara əsasən, son 15 ildə (2005-2020) Azərbaycanda fahişəliyə cəlb olunma ilə əlaqəli 961 hadisə qeydə alınıb. Bu müddət ərzində yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi ilə bağlı 64 fakt aşkar edilib. Bundan əlavə, fahişəxanaların aşkarlanması ilə bağlı 1433 hadisə, cinsi xarakterli hərəkətlərə məcburetmə ilə bağlı 67 hadisə qeydə alınıb.

Ekspertlər əslində bu kimi faktların daha çox olduğunu düşünürlər. Və iddia edirlər ki, belə halların bir çoxu aşkarlanmamış qalır.

“Etibarlı Gələcək” İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai Şuranın üzvü Kəmalə Haşımova AYNA-ya açıqlamasında deyib ki, istintaq bir uşağın istismarı faktının aşkarlanması zamanı başlayır və daha sonra uşağın fahişəliyə məcbur edildiyi ortaya çıxır: “İşimizdə cinsi zorakılıq və yetkinlik yaşına çatmayanların zorla fahişəliyə cəlb edilməsi halları ilə qarşılaşmışıq. Əsasən bunlar qohumlarının himayəsində olan və ya valideynlərindən biri ilə yaşayan, çətin bir sosial vəziyyəti olan uşaqlar idi və beləliklə vəziyyətlərini yaxşılaşdırmaq istəyirdilər”.

Yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb edən böyüklərin bunun üçün cinayət məsuliyyətinə cəlb olunması üçün əlimizdən gələni edirik. Qurbanlara psixoloji yardım və hüquqi məsləhətlər verilir, mütəxəssislərimiz belə uçaqların dəhşətli xatirələrini daha tez unutması üçün həyatlarını daha yaxşı və parlaq etməyə çalışırlar”, – deyə o bilditib.

Bu cür halların qarşısının alınması üçün təhsil müəssisələrində uşaqlara uşaq “qaynar xətti” haqqında məlumat vermək və xüsusilə bölgələrdə lazımi sosial servislər yaratmaq lazımdır. Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalovun AYNA-ya dediyinə görə, fahişəlik nə qədər əxlaqa və sosial problemlərə bağlı olsa da, daha dərin köklərə malikdir.

“Bu, haqlı olaraq ən qədim peşə hesab olunur. Sovet dövründə, mövcud ola bilmədiyi zaman da mövcud idi, çünki sosializm dövründə, guya heç bir sosial kök yox idi. Daş-qalaqla ölüm cəzası gözləyən İran kimi dərin dini cəmiyyətlərdə də fahişəlik həmişə olub. Bununla imkanlı qadınlar və kişilər, yaşlı və gənc, hər irqdən, sosial qrupdan və siyasi baxışdan olan insanlar məşğul olur. Eyni zamanda, əvvəllər bu biznesin təklif etdiyi xidmətlər menyusunda uşaq fahişəliyi də yer alırdı. Şərq cəmiyyətlərində bu ənənə ilə möhkəmləndirilib: cinslər arasındakı nikahdan əvvəl və nikahdankənar təmasların pislənildiyi cəmiyyətlərdə sırf kişilərin iştirak etdiyi eyş-işrət məclislərində transvestit oğlanlar xidmət edir və əyləndirirdilər. Gənc (günümüzün standartlarına görə) yaş, Şərq kişilərinin 13-15 yaşlı qızlarla cinsi və evlilik münasibətlərinə daxil olmasına mane olmurdu. Mövcud qanunun gənc qızlar və oğlanlarla cinsi münasibətlərə görə cinayət məsuliyyətinə cəlb etməsi heç də hamını dayandırmır – bunu özləri məktəb yaşında olan analar tərəfindən uşaqların doğulması statistikası sübut edir”, – deyə müsahibimiz vurğulayıb.

Ekspert qeyd edib ki, yetkinlik yaşına çatmayan şəxsin fahişəliyə cəlb edilməsi və ya ona qarşı digər əxlaqsız hərəkətlər edilməsinin cəzası 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmədir: “Ağırlaşdırıcı şərtlərdə (zor tətbiq etmə və ya mütəşəkkil bir qrup tərəfindən – valideynlər, qəyyumlar, müəllim və ya təhsil, tibb və ya digər müəssisənin işçisi tərəfindən istifadə hədəsi ilə) isə müddət 4 ildən 8 ilə qədər artırılır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci maddəsi). Cinsi partnyor 16 yaşına çatmayıbsa, qarşılıqlı razılıq əsasında cinsi əlaqə üçün belə qanun (xüsusi olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi) 3 ilə qədər həbs cəzasını nəzərdə tutur. Yaşı 14-dən aşağı olduqda, müddət 6 ilə qədər artırılır. 16 yaşına çatmamış şəxsə qarşı zor tətbiq edilmədən əxlaqsız hərəkətlər etmək (Cinayət Məcəlləsinin 153-cü maddəsi) 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 14 yaşdan kiçikdirsə – müvafiq olaraq 2 və 3 ilə qədər. Yetkinlik yaşına çatmayanları onları böyütmək və ya onlara nəzarət etmək həvalə olunan şəxslər tərəfindən edilirsə, pedofil daha böyük  cəza ala bilər”.

“Aydındır ki, inkişaf etmiş dövrümüzdə müştərilər yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olmaq istəyirlərsə, bu, artıq hüquqi savadsızlığın nəticəsi deyil, gizli pedofillərin qanunsuz sifarişidir. Ətrafındakıların, hətta həbsdə yatıb-çıxsa belə, onlardan nə gözlədiyini bilməsi üçün pedofillərin reyestrinin aparılıb-aparılmayacağına dair müzakirələr həmişə olub. Əslində, gənc fahişələrin xidmətlərinin istifadəçiləri də eyni pedofillərdir, sadəcə cəmiyyətdən gizli şəkildə “parlarını buraxırlar”. Və onlar da keçmiş pedofil cinayətkarlar qədər potensial olaraq uşaqlara qarşı təcavüzə meyillidirlər. Və bu işin təşkilatçıları və havadarları cinayət məsuliyyətindən gizlənir və cinayətkarları tərbiyə edirlər”, – deyə Zeynalov söyləyib.

AİHM rəhbərinin sözlərinə görə, keçən il ölkədə uşaq pornoqrafiyasının yayılması ilə bağlı üç hal aşkar olunub: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2005-2020-ci illərdəki statistikasına əsasən, son 15 ildə pornoqrafik materialların qanunsuz yayılması ilə bağlı 67 cinayət faktı qeydə alınıb. Bu sahə tez-tez yalnız uşaqları deyil, yaşlarından gənc görünən aktyorları da cəlb edir və bunu bildirirlər. Bu faktor bu cür filmlərin rejissorlarını və operatorlarını yalnız yetkinlik yaşına çatmayanların cinsi əlaqəyə və əxlaqsız hərəkətlərə cəlb etməyə görə cinayət məsuliyyətindən azad edir. Ancaq filmlərin özlərini çəkməyə görə deyil”.

“Qanunvericiliyimizdə “uşaq pornoqrafiyası” – bir yetkinlik yaşına çatmayan şəxsin və ya özünü yetkinlik yaşına çatmayan şəxsin həqiqi və ya simulyasiya edilmiş cinsi xarakterli hərəkətlərdə iştirakını əks etdirən və ya yetkinlik yaşına çatmayanların cinsi orqanlarını cinsi məqsədlər üçün açıq cinsi fəaliyyət göstərən azyaşlını əks etdirən, o cümlədən real təsvirlər olan hər hansı bir maddə və ya material deməkdir. Yəni, yetkin aktyorlar pedofiliya, inçest, təcavüz səhnələrini canlandırırlarsa, yenə də Cinayət Məcəlləsinin 171-1 (“uşaq pornoqrafiyası dövriyyəsi”) maddəsi ilə cəzlandırıla bilərlər. Uşaq pornoqrafiyasının yayılması, reklamı, satışı, başqalarına ötürülməsi, göndərilməsi, təklif edilməsi, əldə edilməsi üçün şərait yaradılması və ya yayılması və ya reklamı məqsədi ilə əldə edilməsi və ya saxlanması 5 ilədək həbs cəzası ilə cəzalandırılır və ağırlaşdırılmış hallarda – 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər həbslə cazalandırılır”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Beləliklə, hüquq müdafiəçisinin də vurğuladığı kimi, söhbət bu neqativ halların ölkəmizdə həqiqətən bu qədər az yayılmış olub-olmamasında deyil, səlahiyyətlərinə görə uşaq pornoqrafiyasına, uşaq fahişəliklərinə qarşı, qanuniləşdirilmiş erkən pedofiliya – erkən nikahlar və vətəndaşlarımızın həyatını və psixikasını şikəst edən digər hadisələrlə mübarizə aparmalı olan dövlət qurumlarının nə qədər səmərəli işləməsindədir. Hamar statistika göstərmək və problemi kağız üzərində “məhv etmək” əvəzinə, pedofiliyaya qarşı əsl müharibə elan etmək lazımdır.

Müəllif: Elya BELSKAYA.

araz.az xəbər portalı.