İyulun 1-dən etibarən Azərbaycanda toy məclislərinin keçirilməsinə başlanacaq. Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişikliyə əsasən, iyulun 1-dən etibarən bir sıra şərtlərə əməl etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib. Həmin şərtlərə əsasən şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus(COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.
50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur. Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.
Nazirlər Kabinetinin müəyyənləşdirdiyi daha bir şərtə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Şərtlərə əməl olunmasına nəzarət bir neçə qurum tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, toy keçirmək şərtləri açıqlanan kimi şadlıq evləri, restoranlar hazırlıqlara başlayıblar. Və onlara müraciət edən vətəndaşlar maraqlı mənzərə ilə üzləşiblər: məkanlarda toy etmək istəyənlərdən adambaşına pandemiyadan əvvəlki qiymətlərin ikiqatına yaxın məbləğ istənilir. Əvvəllər 35-45 manat olan orta qiymət indi 65 manat olaraq minimuma çevrilib. Pandemiya səbəbindən ciddi gəlir itkisinə məruz qalanlar vətəndaşlar artıq bu məsələni sosial şəbəkələrdə aktiv müzakirə edərək, öz narazılıqlarını bildirirlər. Məkan sahibləri isə aşağı sayda qonaqla keçirilən mərasimlərdə ümumi xərclərin qiymətlərin yüksəlməsinə gətirdiyini bildirirlər. Eyni zamanda bir çox sahibkarlar Nazirlər Kabinetinin müəyyənləşdirdiyi şərtlərin açıq rüşvət mexanizmi yaratdığını, uğrayacaqları zərəri də qiymətlərə əlavə etdiklərini bildirirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, ölkədə restoran və şadlıq evlərinin əksəriyyəti 150 nəfərdən yuxarı qonaqlar üçün hesablanıb: “İndi qonaq sayına qoyulan məhdudiyyət qiymətlərin yüksəlməsini qaçılmaz edir. Çünki sahibkarın xərclər strukturu dəyişmir: elektrik enerjisi, personalın haqqı və sair. Bundan əlavə, hökumətin müəyyən etdiyi şərtlər, açıq desək, müəyyən rüşvət hallarına şərait yaradacaq şərtlərdir. Heç bir toy sahibi istəməz ki, onun məclisinə polis müdaxilə edib qonaqlarının COVID pasportu olub-olmadığını yoxlasın. Buna görə də hamı çalışacaq ki, rüşvət verib məclisində yoxlamanın qarşısını alsın”.
N.Cəfərlinin fikrincə, Azərbaycanda mütləq qaydada toy keçirmə qaydalarına yenidən baxılmalıdır: “Bunu cəmiyyət olaraq biz etməliyik. Toyların təşkili, keçirilməsi prosesi tamamilə yenilənməlidir. İzafi, bir çox hallarda lüzumsuz xərclərdən qaçılmalıdır. Bizdə toylar bəshəbəs, pul yığmaq mənbəyindən çıxarılmalı, əsl şənlik xarakteri almalıdır. İnsanlar öz xeyir işlərinə sevinənləri başlarına toplayıb sadə toy etmək mədəniyyətinə sahiblənməlidilər”.
Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə deyir ki, Nazirlər Kabinetinin qoyduğu şərtlər açıq şəkildə rüşvətə təhrikdir: “Nəzərdə tutulan mexanizm də çox sadədir: COVID pasportu olmayan bir adamı qəsdən toy məclisinə göndərirsən, bu iş tamamdır. Toy sahibi, yaxud məkan sahibinə 5 min əvəzinə 2 min ver, yaxud 2 min əvəzinə 500 ver bu işi həll edim deyirsən. Bu, Azərbaycanda hamıya bəlli mexanizmdir və şərtləri hazırlayanların onu düşünmədiyini güman etmək sadəlövhlük olardı”.
Millət vəkilinin fikrincə, toy keçirmək üçün çox sadə şərtlər müəyyənləşdirmək olardı: “Məkanların qapısında temperatur yoxlanılır, maska taxılması və sosial məsafə gözlənilməsi təmin olunur. Bu şərtlər kifayət idi. Bu nə deməkdir toy, yaxud məkan sahibi toydakıların hamısı üçün məsuliyyət daşıyır? Dövlət, hökumət çalışmalıdır vətəndaşın imkanlarını genişləndirən qərarla qəbul etsin. Eyni zamanda sahibkara da bir nəfəslik açılsın ki, ilyarıma yaxın müddətdə qapalılıqdan çəkdiyi zərərin əvəzini qismən də olsa çıxa bilsin. Bu yoxdursa, sahibkarın qiyməti qaldırması çox təbiidir: qiyməti ikiqat qoyur ki, qazancı əvvəlki səviyyədə olsun: bilir ki, mütləq cərimələnəcək və azı 5 min ödəməli olacaq. Ona görə də indidən qiyməti elə müəyyənləşdirir ki, alınacaq məbləğ çıxanda normal qazanc qalsın. Cərimələri bu qədər artıra-artıra hara gedəcəyik”?
F.Mustafa hesab edir ki, Nazirlər Kabineti şərtləri dəyişməlidir: “İnsanlar ilyarımdır toy etmirlər, şad günlərini qeyd edə bilmirlər. Bunu nəzərə almaq lazımdır, heç də hamının imkanı yoxdur 100-150 manata, 200 manata toy etməyə, yaxud yerpulu belə olan toyda iştirak etməyə. Buna görə də həm şərtlər yumşaldılmalı, rüşvət ehtimalı aradan qaldırılmalı, həm də maksimum qiymətlər müəyyənləşdirilməlidir ki, heç kim ondan artıq qiymət qoya bilməsin”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.