seventimes 8920de21c0bb06c2b46e4b2d0209bdc0 oi9mfutp047y6ekqlg2j 768x403

Asiya İnkişaf Bankının (AİB) proqnozuna görə, mövcud tariflər saxlanılarsa, qarşıdakı illərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməliyyat zərəri artacaq.

AİB güman edir ki, 2020-ci ildə 61,8 milyon manat olan əməliyyat zərəri 2021-ci ildə 77,7 milyon manat, 2022-ci ildə 93,5 milyon manat, 2023-cü ildə 116,1 milyon manat, 2024-cü ildə 139,8 milyon manat, 2025-ci ildə də 165,9 milyon manat təşkil edəcək. 2020-ci ildə 78,9 milyon manat təşkil etmiş xalis zərəri isə müvafiq olaraq 92,7 milyon, 103,9 milyon, 132,8 milyon, 162,2 milyon, 197,2 milyon manatadək artacaq.

araz.az  Sfera.az-a istinadən bildirir ki, AİB-in proqnozu tariflərin artırılmasının zəruri olduğunu göstərir. Belə anlaşılır ki, tariflər artırılmasa, dövlət büdcəsindən “Azərişığ”a ayrılan vəsaitin məbləği ildən-ilə artırılmalıdır.

AİB-in proqnozu nəzərə alınarsa, daha böyük zərərdən qaçmaq üçün başqa hansı çıxış yolu var?
İndiki vəziyyətdə elektrik enerjisinin bahalaşdırılması zəruridirmi?

Sfera.az-a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli indiki dövrdə əsas məsələnin qiymətlərin artırılması yox, “Azərişıq”da idarəetmənin təkmilləşdirilməsi olduğunu dedi.

Ekspert söylədi ki, dövlət şirkətində hesabatlılıq, şəffaflıq təmin edilmədən, idarəetmə sağlamlaşdırılmadan mövcud maliyyə göstəricilərinə əsaslanaraq qiymət artımına getmək düzgün deyil:

“Asiya İnkişaf Bankının rəyi və proqnozu “Azərişıq”dan alınan məlumatlara əsaslanır. “Azərişığ”ın məlumatlarına isə etibar etmək olmaz. Çünki bu dövlət şirkəti müstəqil araşdırmalara görə ən çox korrupsiyalaşmış, xərcləri şişirdilən qurumlardan biridir. Buna görə də şirkətə dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artıb. Demək olar ki, şirkətin bütün investisiya xərcləri dövlət büdcəsinın vəsaiti hesabına maliyyələşdirilib.

İnvestisiya qoyuluşundan səmərəli istifadə edildiyini deyə bilmərik. Əgər belə olmasaydı, təminatın ən yaxşı olduğu deyilən Bakı və onun ətrafında işıqlar tez-tez sönməzdi”.

N.Bəydəmirli dedi ki, korrupsiya olan yerdə şirkətin dəqiq əməliyyat xərclərini müəyyənləşdirmək olmur, burada maya dəyəri daha böyük göstərilir.

Onun qənaətincə, Azərbaycanda elektrik enerjisinin maya dəyəri, xidmət xərcləri aşağıdır və mövcud qiymətlərlə səmərəli işləmək olar:

““Azərnerji”nin məlumatına əsasən 1 kV/saat elektrik enerjisinin topdan satış qiyməti 3,5 qəpik olub. Ukraynada elektrik enerjisinin qiyməti 2 qəpikdir. Rusiyada bir qədər yüksəkdir. Ona görə ki, burada sərt qış iqlimi var, xərclər yüksək olur.

Azərbaycanda elektrik enerjisi istehsalının maya dəyəri yüksəlməyib. Çünki elektrik enerjisinin istehsalında istifadə edilən qazın qiymətini dövlət qaldırmayıb, qaz çox aşağı qiymətə satılır. Belə vəziyyətdə əsas diqqət şirkətin sağlamlaşdırılmasına yönəldilməlidir və xərclər dəqiq müəyyənləşdirilməlidir”.

 

 

araz.az xəbər portalı

araz.az xəbər portalı.