“Tarif Şurasının yeni qərarı ilə əsasən dövlətin həyata keçirdiyi sosial yönümlü siyasəti nəzərə alaraq əhalinin az təminatlı hissəsinin mənafeyi üstün tutulmaqla tarif tənzimlənməsinə optimal yanaşma tətbiq olunaraq müəyyən dəyişikliklər edilib. Əhalinin 51 faizini təşkil edən 1200 kub metrədək olan hissə üçün heç bir dəyişiklik edilməyib. Yəni hələ də istehlak olunan qazın 1kub metri 10 qəpikdən hesablanacaq. Bu o deməkdir ki, bu artımda aztəminatlı ailələr üçün qiymət fərqi olmayacaq”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov qeyd edib ki, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırki 20 qəpik səviyyəsində saxlanılıb:
“”Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisinə aid edilən dəyişikliyin isə əhaliyə heç bir aiddiyyatı yoxdur. Düşünürəm ki, tətbiq olunan bu dəyişikliklər vətəndaşların gəlirlərinə elə ciddi təsir etməyəcək. Həmçinin son iki ildə dünyada hökm sürən iqtisadi geriləmə və böhranı nəzərə alsaq, qiymət dəyişiklikləri normaldır”.
Kənan MİRZƏYEV
araz.az xəbər portalı.