“Media haqqında” yeni qanun layihəsində əks olunan yeniliklərin jurnalistlərin, media subyektlərinin həyatında, fəaliyyətində mühüm rol oynayacağı heç bir şübhə doğurmur. Diqqətçəkən məqamlardan biri də media reyestrinin yaradılması və jurnalistlərə vahid kartın verilməsidir ki, bu, peşəkar səviyyədə bu sahə ilə məşğul olanların qarşısına hər zaman yaşıl işıq yandıracaq.
Jurnalistlərin vahid reyestrinə düşmək, vahid reyestrə düşmək şərtilə vahid vəsiqə ilə təmin olunmaq, eyni zamanda da jurnalistin statusunun dəqiqləşdirilməsi, bütün bunlar “Media haqqında” qanun qəbul olunduqdan sonra maddi olaraq jurnalistlərin həyatında, yaşayışında hansı formada özünü gostərəcək?
Jurnalistlərin Həmkarlar İttifaqının sədri,
- Müşfiq Ələsgərli: “Bu güzəştlər nəqliyyatdan istifadə, sosial proqramlarda iştirak…”
media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, yeni qanun Azərbaycan mediasını yeni müstəviyə çıxarır, jurnalistlərin statusu barədə aydın təsəvvür formalaşdırır: “Medianın İnkişafı Agentliyinin koordinatorluğu ilə hazırlanmış “Media haqqında” yeni qanun layihəsi Azərbaycan media sahəsində səliqə-sahman yaratmaq baxımından mühüm bir sənəddir. Bu layihə, ilk öncə, informasiya istehsalına aidiyyəti olan qanunvericilik bazasını nizama salır, pərakəndə halda olan, bəzən biri digərini inkar edən qanunları uyğunlaşdırır, vahid sənəd halında birləşdirir. Eyni zamanda, media subyektlərinin (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri) strukturu, səlahiyyətləri, sərhədləri barədə aydın təsəvvür formalaşdırır.
Bu sırada media haqqında yeni qanunun ən böyük üstünlüklərindən biri onlayn media quruluşlarının, xüsusi olaraq xəbər portallarının, sosial şəbəkələr üzərindən yayılan televiziyaların və digər bu kimi yeni media nümunələrinin fəaliyyətinin tənzimlənməsidir. Azərbaycanda onlayn media uzunmüddətli inkişaf dövrü keçib və Azərbaycan informasiya məkanında çox böyük paya malikdir. Lakin indiyədək ölkəmizdə onlayn media quruluşlarının standartları, strukturları və hüquqi statusu barədə heç bir tənzimlənmə yox idi. Yeni qanun layihəsi bu boşluğu aradan qaldırır.
Yeni qanun layihəsində diqqətçəkən digər bir mühüm məqam jurnalistlərin statusu və standartları barədə anlayışın formalaşmasıdır. Burada jurnalistlər üçün, yəni jurnalist adını daşıyan şəxslər üçün bir sıra standartlar müəyyən olunub. Həmçinin, onların vahid formalı vəsiqə ilə təmin edilməsi nəzərdə tutulub ki, bu da jurnalist kimi peşəkar fəaliyyət göstərən şəxslər üçün müəyyən sosial proqramların və layihələrin həyata keçirilməsi baxımından vacibdir. Beynəlxalq praktikaya baxsaq görərik ki, ayrı-ayrı ölkələrdə vahid formalı jurnalist vəsiqəsi daşıyan şəxslər üçün müəyyən güzəştlər olur. Bu güzəştlər nəqliyyatdan istifadə, sosial proqramlarda iştirak, akkreditasiya halları ilə bağlı ən müxtəlif məqamları əhatə edir. Düzdür, indilik Azərbaycanda vahid formalı vəsiqə daşıyan jurnalistlər üçün hansı güzəştlərin tətbiq ediləcəyi barədə konkretlik yoxdur. Amma sistemin tətbiqindən sonra bu yöndə müzakirələr aparılacaq və müəyyən tətbiqlərin olacağı gözləniləndir.
Yeni qanunun daha bir üstünlüyü jurnalistikadan sui-istifadə hallarının qarşısını almasıdır. Qəbul edildikdən sonra imkan yaranacaq ki, kimin jurnalist, kimin həvəskar və ya sui-istifadəçi olduğunu aydınlaşdırmaq mümkün olsun”.
- Şakir Ağayev: “Onların sosial rifah halının yüksəlməsinə səbəb olacaq”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, qanun qəbul olunduqdan sonra burada nəzərdə tutulan bütün məsələlər jurnalistlərin, media subyektlərinin xeyrinə olacaq: “Bu qanun layihəsi hazırlanıb, artıq müzakirə prosesindədir, sonra Milli Məclisdə qəbul edilməlidir, yekunda Prezident təsdiq etməlidir. Yeni qanunda bir sıra yeniliklər var ki, onlar bizə çox lazımdır. Onlardan biri də jurnalistlərin reyestr məsələsidir. Bu da olduqca vacibdir, ölkədə fəaliyyət göstərən, statusu müəyyən edilən KİV-in və jurnalistlərin reyestri aparılacaq, onların sayı, bütün göstəriciləri burada əks olunacaq. Hansı jurnalist, yaxud media subyekti reyestrə daxil olacaqsa, sözsüz ki, gələcəkdə agentlik tərəfindən onların müəyyən layihələr, proqramlar üzrə maliyyələşdirilməsi və sair nəzərdə tutulacaq. Burada əsas diqqətçəkən məqamlardan biri jurnalistlərin statusunun müəyyən edilməsidir ki, jurnalistin statusu konkretləşməli, müəyyən olunmalıdır. Hər yerindən duran bir sayt, bir bloq açıb özünü jurnalist, baş redaktor, redaktor elan edir. Təbii ki, bunun nəticəsində də jurnalistikada xaotik bir proses baş verir, kimin düz, kimin əyri, kimin obyektiv olduğu da bilinmir. Buna görə də qanun layihəsində bu kimi müddəaların konkret olaraq əksini tapması çox lazımlı idi. Qaldı vahid jurnalist kartına, bildiyim qədər, bu, məcburi olmayacaq, hər kəs öz kartından istifadə edə bilər. Vahid kart alan jurnalistlər üçün bir sıra imtiyazlar da nəzərdə tutulmalıdır. Bunun hələ detalları açıqlanmayıb. Amma jurnalistlərin statusu müəyyən edilirsə, reyestrdən keçirsə, bu müsbətdir”.
Ş.Ağayev deyir ki, qanun qəbul ediləndən sonra burada əks olunanlar həyata keçiriləcək, jurnalistlər müxtəlif proqramlarda, layihələrdə iştirak edəcəklər.
“Hesab edirəm ki, bütün bunlar baş verdikdən sonra redaksiyaların vəziyyəti daha da yüksələcək və jurnalistlərin də sosial vəziyyəti, həyat şəraiti redaksiyaların vəziyyətinə uyğun şəkildə düzələcək. Fikrimcə, artıq jurnalistin statusu müəyyən olunacaqsa, onlar reyestrə düşəcəklərsə, bu onların həyatında müsbət rol oynayacaq, bu sahə ilə peşəkar səviyyədə məşğul olanlar daha çox proqramlarda, layihələrdə iştirak edəcəklər. Bu da onların sosial rifah halının yüksəlməsinə səbəb olacaq”.
Ş.Ağayev hesab edir ki, qanun qəbul edilməsi çox müsbətdir, eyni zamanda da reklam bazarının da aktivləşdirilməsi, qəzetlərə, saytlara reklam cəlb edilməsi üçün mühitin formalaşdırılması da effekt verərdi.
İradə SARIYEVA
araz.az xəbər portalı.