Bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaratmaqdadır. SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır.
araz.az mia.az-a istinadən xəbər verir ki, bu barədə Səniyyə Nazirliyi, İcbati Tibbi Sığorta Agentliyi və TƏBİB birgə məlumat yayıb.
Bildirilib ki, koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır:
“Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərmişdir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq.
Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur.
Pandemiyanın sonunu görmək və gələcəyə sağlam addımlamaq üçün mütləq peyvənd olunaq!”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.