“ATF” MMC əsasən Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti olan “ATF” MMC nəinki Göyçayda, Azərbaycanın müxtəlif yerlərində – İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
Şirkəti Saleh Məmmədova nə bağlayır?
Amma kimsəyə sirr deyil ki, regionlarda bu cür işlərin böyük əksəriyyəti AAYDA-nın “tövsiyəsi” ilə “ATF” MMC şirkətinə həvalə edilir. Niyə məhz “ATF” MMC-nin seçilməsi isə tərəflərin korrupsiya əməllərində axtarılmalıdır.
2020-ci ilin məlumatına əsasən, şirkət Ağsu, Balakən, Kürdəmir və Mingəçevir şəhərlərində 5 layihəni icra edib. Bu layihələrin ümumi dəyəri 4 milyon manatı ötür.
Ümumiyyətlə isə “ATF” MMC-nin adının şəffaflığı şübhə doğuran bir çox tenderlərdə hallanması qurumla bağlı ciddi araşdırma aparılması zərurətini ortaya çıxarır. Ümid edirik ki, müvafiq qurumlar yazıda göstərilən faktları və hələ ictimaiyyətə bəlli olmayan digər nüansları araşdıraraq gərəkən addımları atacaq.
araz.az xəbər portalı.